Əlaqə Arxiv
news Image
2019.11.08
08:11
| A A A
Nağd pula ehtiyac azalır
Rəşad Həsənov: “Nağdsız dövriyyənin artımı dövriyyənin birbaşa olaraq vergiyə cəlb olunması yolunda baza formalaşdırır”

Azərbaycanda son illər həyata keçirilən addımlar fonunda nağdsız hesablaşmaların həcmi durmadan artır. Cari il ərzində nağdsız hesablaşmaların həcmində 59 faizlik artım baş verib. Nəticədə nağdsız ödənişin ümumi məbləği 5,3 milyard manat olub. Bu artıma hansı amillər rəvac verib? Nağdsız hesablaşmaların artımının büdcə daxilolmalarına nə kimi təsirləri ola bilər?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, nağdsız ödənişlərlə bağlı həyata keçirilən müəyyən proqramlar son nəticədə ölkəmizdə onun həcminin artmasına səbəb olub: “Dünya ölkələri nağdsız ödənişlərə keçid prosesinin əhəmiyyətli hissəsini artıq geridə qoyub. Azərbaycanda artıq bu trendə qoşulub. Müxtəlif layihə, proqramlar çərçivəsində dövlət qurumları da nağdsız hesablaşmaların stimullaşdırılması, təşviq olunması, eyni zamanda əhatə dairəsinin genişlənməsi istiqamətində müəyyən addımlar atır.

Ötən il rəqəmsallaşma ilə bağlı strategiya hazırlanarkən də nağdsız ödənişlə bağlı müəyyən proqramların icrası nəzərdə tutulub. İnfrastrukturun təmin edilməsi, bankların prosesdə iştiraka cəlb edilməsi, insanların məlumatlılıq səviyyəsinin nisbətən artması burada öz əksini tapıb. 2018-ci ilin noyabrında Vergi Məcəlləsinə dəyişiklik edilərkən burada sahibkarlıq subyektləri üçün nağdsız dövriyyəyə görə hesablanmış vergiyə 25 faizlik güzəşt tətbiqi kimi məqamlar da vardır”.

Ekspert qeyd etdi ki, xüsusən dövlət sektorunda ödənişlərin həyata keçirilməısində nağdsız ödənişlərə geniş yer verilməsi prosesdə əsas söz sahibi olub: “Hərçənd bunların hər birinin nağdsız ödənişlərin həcminin artımasına təsiri fərqli səviyyədə olsa da, əsas məsələ ondan ibarətdir ki, xüsusən dövlət sektorunda ödənişlərin həyata keçirilməsi, büdcə vəsaitlərinin xərclənməsinin nağdsızlaşdırılması istiqamətində görülən tədbirlər də burada öz sözünü deyib. Çünki dövriyyənin əhəmiyyətli bir qismi məhz dövlət sektorundan qaynaqlanır.

Burada həmçinin, maarifləndirmə tədbirləri, insanların məlumatlılıq səviyyəsinin artımı, bir çox özəl təşəbbüslər də prosesdə mühüm rol oynayıb. Məsələn, bir çox yeni platformalarda vətəndaşlara istehlak zamanı təşbətlər, geri ödəmə vəd edir.   Bu halın özü də müəyyən qədər sözügedən prosesin inkişafına təsir göstərir. Bir sıra bankların kredit kartları var. Bu kartlar vasitəsilə xərcləmələrin həyata keçirilməsi son nəticədə nağdsız hesablaşmaların əhatə dairəsinin genişlənməsinə təsir edir. Amma hələlik bu sahədə dünya trendindən çox geridə qalmaqda davam edirik. İrəlidə bu istiqamətdə gediləsi böyük və uzun yol var.  Azərbaycanda ümumi dövriyyənin 90 faizi hələ də nağd şəklində həyata keçirilir. Ancaq gələcəkdə də müxtəlif təşviq mexanizmlərinin işə salınması ilə prosesi daha da sürətləndirə bilərik”.

Ekspert onu da dedi ki, nağdsız ödənişlərin həcminin artması büdcə daxilolmalarının da həcminin artmasına gətirib çıxaracaq: “Kölgə iqtisadiyyatı» deyiləndə bir çox yanaşmalarda nağd iqtisadiyyatla onu eyniləşdirirlər.  Nağd dövriyyə nə qədər genişdirsə, burada «kölgə iqtisadiyyatı» üçün manevr imkanları, dövriyyənin gizlədilməsi, qeyri-rəsmi sahibkarlıq fəaliyyətilə məşğul olma imkanları da bir o qədər artır. Nağdsız dövriyyənin artımı isə bu istiqamətdə imkanları məhdudlaşdırmaqla, dövriyyənin birbaşa olaraq vergiyə cəlb olunması yolunda baza formalaşdırır. Nağdsız dövriyyənin əsas əhəmiyyəti də məhz bu amildir. Yəni onun gizlıi iqtisadiyyatla mübarizədə əhəmiyyəti böyükdür. Nağdsız dövriyyənin genişlənməsi isə gizli iqtisadiyyatın müəyyən qisminin leqallaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində dövlət üçün əlavə fiskal gəlir mənbəyi və vergi bazasını formalaşdırır”.

R. SOLTANOV

 

 

Sizin Reklam Yeriniz