Əlaqə Arxiv
news Image
2019.11.09
07:00
| A A A
İslahatlar prosesi dünyada təqdir olunur
Azərbaycanın iqtisadi inkişafı beynəlxalq miqyasda diqqəti cəlb edir

 “Azərbaycanda çox uğurlu sosial iqtisadi layihələr həyata keçirilir. Dünya Bankı bu islahatları yüksək qiymətləndirir” - bu sözləri Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, DB ilə Azərbaycan arasında olduqca uğurlu əməkdaşlıq var və DB bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır: “Azərbaycanda müzakirə etdiyim layihələr məhkəmə islahatları, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edib. Bu sahələr Azərbaycanın davamlı iqtisadi inkişafı və ölkədə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb edir”.

Neft gəlirləri minimum iqtisadi inkişafı tam təmin edəndən sonra Azərbaycan genişzolaqlı iqtisadi magistrala qədəm qoyub. Ortaya yeni tələblər çıxdı. Bu, artıq keyfiyyətcə yeni mərhələ demək idi. Amma həyatın eniş-yoxuşlu olması arada çətinliklər yaratdı. Qənaətləndirici haldır ki, əvvəlki illərdə neft gəlirlərinin düzgün istifadəsi çətin dövrlərin sınağından alnıaçıq çıxmağa imkan verdi. Bir neçə il əvvəl siyasi səbəblərə görə dünya bazarında neftin qiymətinin gözlənilmədən bir neçə dəfə azalması beynəlxalq iqtisadi böhran yaratdı. Amma dünya miqyasında bu böhrandan ən az itki ilə çıxan iki dövlətdən biri Azərbaycan oldu. Bu, böyük nailiyyət idi və bütün beynəlxalq iqtisadi qurumlar tərəfindən təqdir olundu.

Böhranın dəf olunması ilə yanaşı hökumət bu hadisədən müdrik nəticə çıxardı və neftdən asılılığı minimuma endirən qərar qəbul etdi: qeyri-neft sektorunun inkişafı. Bu istiqamət ölkənin iqtisadi həyatına yeni ab-hava gətirdi. Əmək bazarı sürətlə canlandı. Yerli sahibkarlığın inkişafına dövlətin dəstəyi sayəsində böyük sahibkarlar ordusu yarandı. Hər bir tendensiyanın önündə islahatlar gedirdi. Əlverişli biznes mühiti, güzəştli kreditlər, qanunvericilik bazasının təkmilləşdirilməsi və sadələşdirilməsi, ixracın təşviqi qeyri-neft sahəsində bir çox yeni, müasir sənaye sahələrinin və müəssisələrin yaranmasına səbəb oldu. Ölkə iqtisadiyyatı neftin monopoliyasından qurtuldu və əhalinin rifah halının yaxşılaşmasında xeyli irəliləyiş baş verdi. Yeni mərhələ yeni kadrlar, yeni dünyagörüş və islahatlara yeni yanaşma tələb edirdi. Neft kapitalının insan kapitalına çevrilməsi sayəsində bu yolda əməli addımlar atmağın vaxtı çatmışdı. İndi azərbaycanlı mütəxəssislər ən müasir və innovativ texnologiyaların idarə olunmasında bacarıqla iştirak edirlər.

Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı əslində dövlətçiliyin möhkəmləndirilməsinə və xalqın milli-mədəni tərəqqisinə, rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsidir.  Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz.

N.NOVRUZ

Sizin Reklam Yeriniz