Əlaqə Arxiv
news Image
2019.11.09
08:00
| A A A
Hökumət sığorta bazarını canlandırır
Xəyal Məmmədxanlı: “Yığımların artması sığorta sektoru üzrə iqtisadi aktivliyin yüksəlməsinə müsbət təsir edəcək”

2020-ci ildən Azərbaycanda icbari tibbi sığorta üzrə gəlirlərdə ciddi artım gözlənilir. Gələn il icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə başlanılması sığorta yığımlarının həcminin xeyli artımına səbəb olacaq. İcbari tibbi sığorta ilə yanaşı fiziki şəxslərin daşınmaz əmlakının sığortalanmasına da nəzarət gücləndiriləcək. 2020-ci ildən daşınmaz əmlakını sığortalamayacaq fiziki şəxlərə cərimələrin tətbiqinə başlanılacaq. İcbari sığorta sahəsində hər iki yeniliyin tətbiqi sığorta yığımlarının həcmində nəzərəçarpacaq artıma gətirib çıxaracaq.

2018-ci ildə sığorta bazarının həcmi 728 milyon manat olub. 2019-cu ilin yanvar-sentyabr dövründə bazarın böyüklüyü 522,4 milyon manat təşkil edib. Proqnozlara əsasən, cari ilin yekununda sığorta bazarının böyüklüyü 700-720 milyon manat həcmində olacaq. 2020-ci ildən icbari sığorta sahəsində ödənişlərin artması sığorta sektorunda daha böyük artıma imkan verəcək. Belə vəziyyətdə sığorta sektorunnu iqtsadiyyatda payının artması mümkündür.

Sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı düşünür ki, sığorta yığımlarının artması, sığorta sahələrində olan boşluqların doldurulması vətəndaşların rifahını yaxşılaşdıracaq. Onun sözlərinə görə vətəndaşlar üçün baş verəcək müxtəlif hadisələrin ağır nəticələrinin aradan qaldırılması daha asan olacaq. O bu kimi hallarda dövlətin də maliyyə yükünün azalacağını söylədi: “Baş verə biləcək yanğın, təbii fəlakət, daşqınlarla əlaqədar dəyən zərəri vətəndaşların əksəriyyəti ödəyə bilmirdi. Bu vəziyyətdə insanlar dövlətdən yardım gözləyirdilər. Artıq sığortalanmadan sonra dövlət bütün yüklərdən azad olacaq. Hər ilin aprel-may aylarında Kür çayının sahilində yerləşən bəzi yaşayış məntəqələrində subasma halı qeydə alınır. Bu vəziyyətlə əlaqədar hər dəfə dövlət büdcəsindən zərər görənlərə vəsait ayrılırdı. Şamaxıda zəlzələ oldu, dağılan bütün evlər dövlət büdcəsinin vəsaiti hesabına təmir edildi. Artıq bütün işlər sığorta şirkətlərinin vəsaiti hesabına görüləcək və dövlətin üzərindən maliyyə yükü götürüləcək”.

X.Məmmədxanlı dedi ki, icbari sığorta yığımlarının artması sığorta bazarının həcminin böyüməsinə təkan verəcək və sektor üzrə iqtisadi aktivliyin yüksəlməsinə müsbət təsiri olacaq. Ekspert bunun nəticəsində sektor üzrə yeni iş yerlərinin yaranacağını, çalışanların sayının artacağını, dövlət büdcəsinin vergi gəlirlərinin yüksələcəyini dedi: “2020-cı ildən icbari sığorta ödənişlərində ciddi artım olacaq. Yalnız daşınmaz əmlakın icbari sığortası üzrə əlavə olaraq 70-100 milyon manat vəsaitin cəlb edilməsi gözlənilir. Baş verəcək dəyişikliklərin həm sığorta haqqı ödəyənlər, sığortalananlar üçün, həm də ümumi iqtisadiyyat, dövlət büdcəsi üçün böyük faydası olacaq”.

X.Məmmədxanlı bildirdi ki, icbari tibbi sığortadan fərqli olaraq, daşınmaz əmlakın sığortası üzrə əvvəllər də sığorta yığımları olub. O dedi ki, bu sahədə nəzarətin zəif təşkili sığorta yığmlarının məbləğinin az olması ilə nəticələnib: “2012-ci ildən tətbiq edilən “İcbari sığortalar haqqında” Qanun hüquqi və fiziki şəxslərin daşınmaz əmlakının icbari qaydada sığortalanmasını nəzərdə tutur. Hüquqi şəxslərə münasibətdə nəzarət mexanizmi işlədiyi halda, fiziki şəxlərə münasibətdə nəzarət mexanizmi işləmirdi. Hüquqi şəxslərə nəzarəti Fövqəlada Hallar Nazirliyinə tapşırmışdılar, fiziki şəxlərin daşınmaz əmlakının sığortalanmasına nəzarət isə yerli icra orqanlarına tapşırılmışdı. Yerli icra orqanları əhalinin daşınmaz əmlakının icbari sığortasına nəzarət etmirdilər. Yalnız notarial hərəkətlər edənlər, o cümlədən alqı-satqı, bağışlanma, girov, ipoteka krediti və sair hərəkətlərlərlə əlaqədar daşınmaz əmlaklar icbari sığortalanırdı. Nəzarət güclü olduqda daşınmaz əmlakın sığortasını aparmaq olur. Məsələn, Naxçıvan Muxtar Respublikasında sığortasız daşınmaz əmlak qalmayıb.

Gələn ildən etibarən qanunvericilikdə nəzərdə tutulan cərimə mexanizminin tətbiqinə başlanılacaq. Cərimə mexanizmlərinin indiyə qədər tətbiq edilməməsinə səbəb elekton sistemin olmaması idi. Kağız daşıyıcılar ilə cərimələrin yazılması mümkünsüz idi. Bunun üçün qapı-qapı gəzib sığortasız olan daşınmaz əmlaklara görə onun sahiblərinə cərizmə yazılmalı idi. Bu həm fiziki cəhətdən çətin idi, həm də insanlarla birbaşa təmasda olmaq müəyyən çətinliklə yaradırdı.

Amma daşınmaz əmlaka dair reyestlə icbari sığorta bürosunun məlumat bazası inteqrasiya ediləndən sonra sığorta haqlarını toplamaq asan olacaq. Reyestr məlumatlarından daşınmaz əmlakın sığortasının olub-olmaması asanlıqla görünəcək. Sığorta olmadıqda onlayn qaydada cərimə tətbiq ediləcək. Cərimə məbləği 30 manat olacaq. Əgər 20 gün ərzində 30 manat cərimə ödənilməklə bərabər sığorta müqaviləsi bağlanması, növbəti tarixdən yeni cərimə tətbiq ediləcək.

Daşınmaz əmlakın sığortasında bir sıra digər problemlər də var. Sənədsiz tikililər ciddi problem kimi qarşımızda dayanır. Bakı və Abşeron regionunda təxminən 500 min sənədsiz ev var. Sənədi olmayan daşınmaz əmlakdan sığortanın alınması qeyri-mümkündür. Bundan başqa, elə yaşayış evləri var ki, onların müxtəlif səbəblərdən sökülmə ehtimalı var. Qanuna əsasən onların sığortalanması qadağandır. Bu kimi problemlər hələ də daşınmaz əmlakın sığortasının genişləndirilməsinə mane olur. 2020-ci ildən cərimənin tətbiq edilməsinə başlanılsa belə bu cərimələri bütün əmlaklara görə tətbiq etmək mümkün olmayacaq. Yalnız mülkiyyət hüququnu təsdiq edən sənədi, çıxarışı olan daşınmaz əmlaklara görə icbari sığorta müqaviləsi bağlana bilər və ya cərimə tətbiq oluna bilər. Sənədsiz olan evlərin sahibi ilə sığorta müqaviləsi bağlamaq və ya cərimə tətbiq etmək mümkün olmayacaq”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz