Əlaqə Arxiv
news Image
2019.11.09
09:45
| A A A
Çin məhsulları Azərbaycan üzərindən dünya bazarlarına çıxır
Uzaq Asiyadan Londona qədər olan məsafəni yük dolu qatar 18 günə qət edir

Çinin Sian şəhərindən Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkət edən “China Railway Express” yük qatarının uğurlu gedişindən sonra Çinin Azərbaycan üzərindən daha böyük həcmdə yükdışmalara start verməsi gözlənilir. İlk yükdaşıma səfəri göstərdi ki, Çindən Avropaya uzanan və Azərbaycandan keçən layihə sadəcə kağız üzərində deyil, həm də reallıqda əlverişli infrastruktur layihəsidir.

İlk yük qatarının keçiş müddəti göstərdi ki, Uzaq Asiyadan Londona qədər olan məsafəni yük dolu qatar 18 günə qət edir. Alternativ nəqliyyat sistemlərindən istifadə etdikdə bu müddət 45 günə qədər uzanırdı. Orta Asiya ölkələrindən isə yüklərin Türkiyənin Avropa sərhəddinə çatması üçün tələb edilən vaxt 12 gündür. İlk yük qatarının Avropaya çatması yeni dəmiryol layihəsinin həqiqətdə böyük əhəmiyyətini göstərdi. Çinin Sian şəhərindən yola düşən yük qatarının uzunluğu 820 metrdir. O, 42 uzun yük avtomobili qədər yük götürmək qabiliyyətinə sahib olmaqla 2 qitəni, 10 ölkəni, 2 dənizi, ümumilikdə isə 11 min 483 kilometrlik yolu 12 gündə qət edib.

Bu səfər tarixi İpək Yolu ticarət xəttinin müasir dövrdə böyük əhəmiyyətə malik olduğunu da təsdiqlədi. “Dəmir İpək Yolu” adlanan dəmiryol xətti Çin və Avropanın böyük maraq göstərdiyi layihədir. Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər - bir yol" layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini Bakı-Tiflis-Qars təşkil edir. İlkin qiymətləndirmələrə görə xəttin aktiv işlədiyi dövrdə dəmir yolu ilə bir trilyon dollar dəyərində yük daşınacaq. Layihə 3 milyard insanı və 65 ölkəni əhatə etməklə nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək.

2019-cu ilin birinci yarısına aid olan məlumata əsasən, Bakı-Tiflis-Qars layihəsinin Azərbaycan hissəsi 4 milyon tondan artıq yük daşınıb. Bu daşınmadan 120 milyon manata qədər gəlir əldə edilib. TRACECA Hökümətlərarası Komissiyasının Milli katibi Akif Mustafayev KİV-ə açıqlamasında deyib ki, bu yolla yükdaşımaların sayını artırmaq lazımdır. Çünki Çində çox böyük yük axını potensialı var.

Çin, Uzaq Asiya ölkələri ilə Avropa arasında ticarət əlaqələrinin inkişaf etməsi layihənin iqtisadi əhəmiyyətini daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi tərəfi ondan ibarətdir ki, Asiya və Avropa arasında bir il ərzində 45 milyon konteyner hərəkət edir. Bu yüklərin 95 faizindən çoxu Hind Okeanı-Süveyş kanalı-Aralıq dənizi xətti ilə daşınır. Daşınmanın müddəti 40-45 gündür. Həmin yüklərin Bakı-Tiflis-Qars xətti ilə həyata keçirilməsi onların çatdırılma müddətini 12-18 günə qədər azaldır. Buna görə də “Dəmir İpək Yolu” xətti faktiki olaraq uzun illərdir rəqibsiz olan Cənub Dəniz marşrutuna çox ciddi rəqabət yaradacaq.

Yeni nəqliyyat dəhlizinin işə salınması və bura ilə daşınan yüklərin miqdarının artacağını şərtləndirən əsas yeniliklərdən biri də Asiyada istehsal sahələrinin genişlənməsidir. Son 50 ildə dünya üzrə istehsalın yerdəyişməsi baş verib. İnkişaf etmiş ölkələr istehsallarını inkişaf etməkdə olan ölkələrə (Asiya, Cənubi Amerika ölkələri) keçiriblər. Hazırda isə dünya iqtisadiyyatı daha yeni tendensiya ilə üzləşir. Belə ki, artıq bu ölkələr öz istehsallarını və yaxud onun bir hissəsini yeni ölkələrə keçirir (istehsalın fraqmentləşdirilməsi) və bunun üçün etibarlı tərəfdaşlar axtarışındadır. Belə vəziyyətdə son illər reytinqi artan Azərbaycan çox uğurlu tərəfdaş kimi çıxış edəcək və yeni dəmir yolu bağlantısı Azərbaycanın beynəlxalq dəyər zəncirlərinə qoşulmasına infrastruktur imkanları yaradacaq. Bu amil Asiyada istehsal edilən məhsulların önəmli hissəsinin Avropaya məhz Azərbaycandan keçərək daşınmasını stimullaşdırır.

Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yük və sərnişin daşınmasının daha sürətlə artmasını şərtləndirən amillərdən biri də Çində iqtisadi inkişafın sürətlə getməsi və həmçinin turizm ixracının artmasıdır. Çin böyük ixracatçı olmaqla yanaşı, həm də iri idxalçılardan biridir. Burada iqtisadiyyatın alıcılıq qabiliyyətinin artması, sənayenin inkişafı idxalı da artırır. Bu ölkənin 2018-ci ildə idxalı 1,8 trilyon dollara çatıb. İxrac isə 2,2 trilyon dollardır. Ona görə gələcəkdə sadəcə Çindən deyil, əks istiqamətdə də yüklərin daşınması artacaq. Eyni zamanda Çin və Avropa böyük turizm ixracatçısı kimi də tanınır. Çində gəlir səviyyəsi yüksək olan əhalinin sayı 400 milyona çatıb və onların əksər hissəsi xarici ölkələrə səfər edir. Bakı-Tiflis-Qars xətti turist səfərlərinin təşkili baxımından da böyük potensiala malikdir. Xəttin təhlükəsiz olması və daha qısa vaxt kəsiyində mənzil başına çatması sərnişin daşımaya dair göstəricilərin sürətlə yaxşılaşmasına səbəb ola bilər.

 

Vasif CƏFƏROV

 

 

Sizin Reklam Yeriniz