Əlaqə Arxiv
news Image
2019.11.13
09:20
| A A A
Sıxılmış təbii qaz nəqliyyat üçün ən sərfəli yanacağa çevrilir
Zəfər Vəliyev: “Maye qaza tələbin artması həm fərdi, həm də istehsal məqsədilə tələbatın artması ilə bağlıdır”



Son bir neçə ildə maye qaza tələbin artması yerli istehsal hesabına onun təmin edilməsini çətinləşdirib. Mövcud vəziyyət xaricdən maye qaz idxalına əsas yaradıb ki, bu da nəticədə maye qazın bahalaşmasına səbəb olub. Artıq bir neçə gündür ki, yanacaq doldurma məntəqələrində maye qazın bir litrinin pərakəndə satış qiyməti 65 qəpiyə yüksəlib. Halbuki bir həftə öncə maye qazın litri 45 qəpiyə satılırdı. Birdəfəyə maye qazın qiymətində 44,44 faiz artım baş verib. Bahalaşmaya baxmayaraq, yaxın gələcəkdə maye qaza tələbatda artımın davam etməsi gözlənilir.
Neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev söylədi ki, son illərdə maye qaza artan tələb onun yerli istehsal hesabına təmin edilməsini çətinləşdirib. O qeyd etdi ki, maye qaza tələbin artması həm fərdi, həm də istehsal məqsədilə tələbatın artması ilə bağlıdır: “Maye qaz yüngül karbohidrogenlərin yüksək təzyiqlə sıxılmış, maye halına salınmış bir formasıdır. Maye qazlar 3 markada olur - texniki butan, texniki propan və butan-popan fraksiyası. Azərbaycanda yalnız texniki butan istehsal edilir. Bunun bir hissəsi Bakı Neft Emalı Zavodunda, bir hissəsi də Qaz Emalı Zavodunda istehsal olunur. Bu məhsul neftin emalı zamanı əldə olunur.
Yeni Bakı Neft Emalı zavodunda texnoloji qurğuların dərin rekonstruksiyası getdiyindən müəssisədə emal gücü aşağı düşüb. Buna görə də əvvəlki dövrlərdə olan qədər qaz emalı həyata keçirilmir.
Əvvəllər istehsal edilən qazın böyük hissəsi pərakəndə satış seqmentinə yönəldilirdi, əlavə hissənin bir qismi kimya zavodlarına göndərilirdi. Qış mövsümündə tələbatdan artıq olan hissə ya Əfqanıstana, ya da Türkmənistana satılırdı. İndi pərakəndə satış məntəqələrində maye qazın satışı azaldılıb. Məhsulun çox hissəsi kimya zavodlarına göndərilir. Həmin müəssisələrdə maye qaza tələbatda artım var”.


Z.Vəliyev bildirdi ki, ölkədə maye qaza tələbin yüksəldiyi bir dövrdə yerli istehsalın azalması daxili imkanlar hesabına qaz təchizatını ağırlaşıb: “Tələbatı ödəmək məqsədilə təchizatçı şirkətlər xaricdən maye qaz almağa başlayıb. Buna görə də pərakəndə satış qiymətlərində ciddi artım baş verib. Mənim fikrimcə, yerli istehsal hesabına əldə edilən qaz ilk növbədə pərakəndə satışa yönəldilməlidir, sonra diqqəti sənayeyə yönəltmək olar. Çünki son illərdə avtonəqliyyat vasitələrində maye qazdan istifadə səviyyəsi xeyli yüksəlib. Maye qaza tələbatı yüksəkdir. Həm fərdi avtomobillərdə, həm bəzi ictimail nəqliyyat vasitlərində maye qaza tələbat artır. Eyni zamana qaz verilməyən regionlarda maye qazdan istifadə edilir. Sənaye müəssisələrində də tələbat artır”.
Ekspert bildirdi ki, Yeni Neft Emalı Zavodunda 2022-ci ilə qədər mərhələli şəkildə rekonstruksiya işləri həyata keçiriləcək. Yalnız yenidənqurma işləri başa çatdıqdan sonra müəssisənin ümumi emal gücü 7,5 milyon ton olacaq. Z.Vəliyev dedi ki, yenidənqurmadan sonra indiki səviyyədən çox maye qaz emal etmək olacaq. Amma həmin tarixə qədər maye qaza olan tələbatın bir hissəsi idxal hesabına təmin edilməlidir.
Ekspert düşünür ki, mövcud pərakəndə satış qiyməti çox yüksəkdir. Onun fikrincə, optimal qiymət müəyyənləşdirmək lazımdır: “Bir ton maye qaz 1765 litr həcmə sahibdir. Pərakəndə satış qiyməti ilə götürdükdə bir ton maye qaz 1147 manata satılır. Bunu da dollara çevirəndə 675 dollar edir. Mən hesab edirəm ki, indiki qiymət çox yüksəkdir. Azərbaycanda neft məhsullarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Neft Emalı Zavodunda istehsal edilən maye qazın bir tonu topdan 263 manatdan satılır. Bura əlavə dəyər vergisi, aksiz vergisi daxildir. Bunu bir litrə çevirəndə 15 qəpik edir. Topdansatış qiyməti 15 qəpik olan malı 45 qəpiyə satırdılar. Xaricdən alınan qaz neçəyə başa gəldiyinə dair məlumat yoxdur. Gərək əvvəlcədən buna hazırlıq görüləydi. Bu məhsulun idxalına daha əlverişli şərait yaradılmalıdır. Bahalaşmaya səbəb məhsul qıtlığının yaranmasıdır”.
Qeyd edək ki, barəsində bəhs edilən maye qaz mayeləşdirilmiş neft qazıdır (LPG - Liquefied Petroleum Gas). Bu qaz neft hasilatı zamanı çıxarılan səmt qazından fərqlənir. Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov deyib ki, maye qaz səmt qazından deyil, xam neftin fraksiyası və təzyiq altında mayeləşdirilməsi ilə alınır. Maye qaz neft emalı zavodlarında istehsal edilir. Maye qazın qiyməti dövlət tərəfindən deyil, təchizatçı şirkət tərəfindən tənzimlənir. Maye qazın qiymətinin artımı son dövrdə bazarda bu məhsula olan tələbat artımı ilə əlaqələndirilir. Səmt qazı isə xam neftin bir hissəsi kimi və ya onun digər tərkib hissələri ilə birlikdə aşkar edilən təbii qazdır.
LPG-dən başqa Azərbaycandakı CNG (Compressed Natural Gas) tipli sıxılmış təbii qazdan da istifadə edilir. Hələlik, bu tip sıxılmış qazdan istifadə geniş yayılmayıb. “BakuBus”a məxsus avtobuslarda bu cür qazlardan istifadə edilir. Texniki baxımdan CNG-lər LPG-lərdən daha yüksək standartlara sahib olan sıxılmış qaz formasıdır.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz