Əlaqə Arxiv
news Image
2019.11.13
09:43
| A A A
Avropadan Azərbyaсana gələnlərin sayı artaсaq, amma..
Müzəffər Ağakərimov: “Avropalı turislərin sayında daha çox artıma nail olmaq məqsədilə Avropada olmayan turizm növləri təbliğ edilməlidir”

Turizmi inkişaf etdirmək, bu sahədən daha çox pul qazanmaq istəyən hər bir ölkə yüksəkgəlirli əcnəbi turistləri cəlb etməyə çalışır. Yüksəkgəlirli turistlər çox pul xərcləməkdə, mal və xidmətləri almaqda xəsislik etmir. Buna görə də bu cür turistlərin çox səfər etdiyi ölkələrdə turizm sektorunda yaradılan əlavə dəyərin həcmi daha böyük rəqəmlərlə ifadə olunur.

Yüksəkgəlirli turistlərin önəmli hissəsini Avropa ölkələrinin vətəndaşları təşkil edir. Avropalılar yüksək əməkhaqqı və pensiya almaqla bərabər, onlar səyahətdə daha çox pul xərcləmələri ilə də tanınırlar. Avropalı turistlərin səxavətli olmasını nəzərə alan ölkələr “köhnə qitə”nin sakinlərini cəlb etmək məqsədilə səylərini artırırlar.

Azərbaycan da son illərdə turizmin inkişaf etdirilməsi üçün ciddi cəhdlə çalışır. Bunun nəticəsidir ki, ölkəmizə gələn xarici turistlərin sayında davamlı artım baş verir. Xarici turistlər arasında hələlik avropalıların sayı azlıq təşkil edir. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,418 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olub. Ümumi turistlərin 4,6 faizi Avropa Birliyi ölkələrindən gələn turistlərdir. Əvvəlki illərlə müqayisədə Avropadan gələn turistlərin payında 2 faiz bəndi artım baş verib.

“Köhnə qitə”dən gələn turistlərin sayında artım olsa da turistlərin ümumi sayı istənilən səviyyədə deyil. Avropada 4 ölkə var ki, onlar böyük turist ixracı ilə tanınır. Bunlar Almaniya, Böyük Britaniya, Fransa və İtaliyadır. 2018-ci ildə adıçəkilən ölkələr xarici turizmə 248 milyard dollar xərcləyib. Azərbaycan öz potensialından tam istifadə etməklə daha çox avropalını cəlb edə bilər.

Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov hesab edir ki, avropalı turislərin sayında daha çox artıma nail olmaq məqsədilə Avropada təbliğat-təşviqat işi gücləndirilməlidir. Onun fikrincə, Avropada olmayan turizm növləri təbliğ edilməli, həmçinin, Azərbaycanda olan, beynəlxalq standartlara cavab verən turizm növləri tanıdılmalıdır: “Bunlar qış turizmi, sağlamlıq turizm növü və kənd turizmidir. Adıçəkilən turizm növlərini inkişaf etdirərək Avropadan daha çox turist cəlb edə bilərik. Eyni zamanda qostronomik, yəni mətbəəx turizmini inkişaf etdirmək lazımdır”.

M.Ağakərimov dedi ki, Avropada turizmlə bağlı təbliğat-təşviqat işini gücləndirilmək üçün orada fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin, diaspora təşkilatlarının imkanlarından istifadə edilməlidir. O qeyd etdi ki, diaspora təşkilatları bu məsələdə aktiv deyillər: “Diaspora qurumlarının Azərbaycana turist cəlb edilməsində, turizm potensialının daha dolğun əks etdirilməsində aktiv fəaliyyətini görmürəm. Onlar fəaliyyətini gücləndirməlidir. Bu, təkcə turizm deyil, ümumilikdə Azərbaycan mədəniyyətinin təbliği olardı. Turizm elə bir sahədir ki, onun vasitəsilə Azərbaycanın reallıqlarını, mədəniyyətini, incəsənətini, tarixini, mətbəxini təbliğ etmək olar. Buna görə də diaspor təşkilatları aktivliyini artırmalıdır. Onlar Azərbaycanı təbliğ etməlidirlər. Bu məqsədlə daha sıx birləşib, tədbirlərini əlaqələndirməlidirlər”.

Qeyd edək ki, Azərbaycan Dövlət Turizm Agentliyi ölkəmizə turist safərlərinin sayının artırılması üçün prioritet ölkələr müəyyən edib. Artıq 12 prioritet ölkə müəyyənləşdirilib. Həmin ölkələr arasında Avropa ölkələri də var. İlk növbədə həmin ölkələrdə silsilə təqdimatlar keçirilməsi nəzərdə tutulur. Avropa ölkələrindən ilkin olaraq Almaniyada təqdimatların olması planlaşdırılır. Almaniyada Berlində, Franfrukta və başqa şəhərlərdə təqdimatlar olacaq.

Prioritet ölkələr turizm inkişaf konsepsiyasında da öz əksini tapıb. Konsepsiya 2018-2023-cü illəri əhatə edir. Konsepsiyaya uyğun olaraq yaxın 5 il ərzində Azərbaycana turist cəlbini artıra biləcəyimiz 12 prioritet bazar müəyyən edilib. Həmin ölkələrdən Almaniyada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Böyük Britaniyada da nümayəndəlik açılacaq. Xarici nümayəndəliklər vasitəsilə prioritet bazarlarda mütəmadi olaraq təbliğat və marketinq işi aparırılır. Bu zaman ilk növbədə bazarlar öyrənilik, tələbata uyğun olaraq Azərbaycanda turistik məhsullar yaradılır, təkliflər formalaşdırılır, həmin bazarlardan turizm agentliklərinin rəhbərlərinin mütəmadi qaydada Azərbaycana infoturları təşkil edilir, mediaturlar həyata keçirilir, film və roliklırin çəkilişi, sosial şəbəkələrdə reklamların, məqalələrin yerləşdirilməsi və s. kimi təbliğat işləri aparılır. Bunlardan əlavə mütəmadi olaraq turizm sərgilərində Azərbaycanın turizm şirkətlərinin məhsulları təqdim olunur.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz