Əlaqə Arxiv
news Image
2019.11.13
08:38
| A A A
Müasir nəqliyyat-logistika imkanları Asiya dövlətlərinin diqqətini Azərbaycana yönəldir
Fuad İbrahimov: “Qısa zamanda tranzit əməliyyatların həcminin qeyri-neft sektorunda çəkisi əhəmiyyətli dərəcədə artacaq və belədə neft sektoruna layiqli rəqabət yaranacaq”

Bu günlərdə Çinin Sian şəhərindən Bakı-Tiflis-Qars dəmir yolu ilə hərəkət edən “China Railway Express” yük qatarı Azərbaycan və Türkiyədən keçməklə Avropaya çatıb.  Sian şəhərindən yola düşən həmin yük qatarı 11 min 483 kilometrlik yolu 12 gündə qət edib.

Bu uğurlu gediş onu deməyə əsas verir ki, Pekin yaxın dövrlərdə Azərbaycan üzərindən keçməklə daha böyük həcmdə yükdışmalara start verəcək. İlk yükdaşıma səfəri göstərdi ki, sözügedən layihə olduqca əlverişli infrastruktur layihəsidir. Belə ki, bu xətt vasitəsilə daşınan yüklər Avropa bazarlarına daha tez çatır.

İlk yük qatarının Avropaya çatması Bakı-Tiflis-Qars dəmir yolu xəttinin mühüm əhəmiyyət kəsb etdiyini də ortaya qoydu. Onu da bildirək ki, Çin hökuməti Azərbaycan üzərindən yük daşımaları artırmağa hazırlaşır. Başlıcası isə odur ki, Yaponiya kimi dünya nəhnglərindən biri olan “gündoğan ölkə” də prosesə maraq göstərir. Artıq bununla bağlı Yaponiyanın Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsi də  imzalanıb. Müqavilənin məqsədi Mie prefekturasında istehsal edilən ərzaq məhsullarının Azərbaycanın kommersiya və logistik imkanlarından istifadə edərək beynəlxalq bazarlara çıxarılmasıdır. Həmin məhsulların dünya bazarlarına çıxarılması üçün əsas mərkəz kimi Azərbaycanın seçilməsi isə ilk növbədə, ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika və kommersiya strukturlarına malik olmasıdır. Layihə çərçivəsində ilkin olaraq Mie prefekturasında yetişdirilən “Maça” və digər yaşıl çay növlərinin ixracı nəzərdə tutulur.

İqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, sözügedən yolla yük daşımaları vaxta qənaət etmək baxımından mühüm əhəmiyyət kəsb edir: “Təkcə geostrateji mövqeymizi nəzərə almaq şərtilə sözügedən məsələyə iqtisadi qiymət vermək olar. Tarixən Qərblə Şərq arasındakı ticarət əlaqələrindəki əngəllər yolun uzun müddət çəkməsi ilə bağlı olub. Yəni bu istiqamətdə əngəllər tarixən, keçmişdən yaranıb. Bu mənada Çindən Azərbaycan və Türkiyədən keçməklə Avropaya gedən ilk yük qatarı yolun qısaldılması və yüklərin mənzil başına daha tez çatdırılması istiqamətində mühüm hadisədir. Bu kommunikasiya tarixi “İpək Yolu”nun bazası üzərində qurulub. Bu nöqteyi-nəzərdən yanaşmaqla da baş verən hadisəni mühüm iqtisadi dəyər kimi qiymətləndirmək olar”.

Ekspertin fikrincə, Azərbaycan və Türkiyədən keçməklə Avropaya yük daşınması prosesində Yaponiyanın da maraqlı olması  məhz yolun qısa olmasından qaynaqlanır: “Yaponiya kimi dövlət dünyanın iqtisadi lokomotivlərindən biridir. Bu ölkə iqtisadi cəhətdən yüksək inkişaf tempinə malik olan dövlətlərdəndir.  Müasir dünyamızda istənilən ticarət sazişi, əməliyyatı və ticarətdən mənfəət götürmək nöqteyi-nəzərdən siyasətin əsasənda məhz loqistika xidmətləri dayanır. Azərbaycan da bu layihənin öhdəsindən uğurla gələ bilib.

Hələ XXI əsrin lap əvvəlində bu layihələr barədə fikir söyləməyin özü çətin idi. Elə bir mütəxəssis yox idi ki, belə layihələrə müsbət proqnoz versin. Hamı bəyan edirdi ki, belə layihələr baş tutmayacaq. Bəzi ekspertlərin fikrincə, Rusiya kimi nəhəng dövlətin əlinin altında bu layihələri gerçəkləşdirmək mümkün olmayacaq. Digər tərəfdən dövlətimizi sevməyənlər də belə fikirləri şişirtməklə ona reallıq donunu geyindirməyə çalışırdılar. Amma nəticə etibarı ilə gördük ki, siyasi və iqtisadi nöqteyi-nəzərdən Azərbaycan nəinki bu sayaq layihələri gendəmə gətirə bildi, əksinə artıq bu layihələr özünü doğruldub və işlək vəziyyətə gəlib.

Nəinki Yaponiya, ümumiyyətlə, xəritə boyu həmin ərazidə yerləşən bütün dövlətlər bu layihəyə qoşulmağı özləri üün prioritet hesab etməyə başlayıblar. Çin, Hindistan, Pakistan kimi ölkələr də layihədən geniş şəkildə yararlanmağa başlayacaqlar. Bundan sonra daha çox ölkə layihə barədə fikir söyləməyə başlayacaq.  Çünki Avropaya qısa  müddətə çıxış məhz bu yol vasitəsilədir. Bu baxımdan Yaponiyanın da sözügedən marşuruta qoşulmasını təsadüfi hesab etmirəm”.

F. İbrahimovun qeyd etdi ki, baş verən proses Azərbaycanda tranzit yollarından gələn gəlirlərin artması yolu ilə bu sahənin qeyri-neft sektorunda başlıca sektora çevrilməsinə gətirib çıxaracaq: “Bilirsiniz ki, tranzit əməliyyatlarından gələn mənfəət dünyada ən stabil mənfəətlərdən biridir. Bu gün tranzit əməliyyatlarından hər hansı bir dövlət mənfəət götürmək üçün əlverişli mühit yaratmalıdır. Azərbaycanda isə bu mühit, kommunikasiya sistemi yaranıb. Onu demək olar ki, sözügedən tranzit yolu  Azərbaycanın ən böyük qeyri-neft layihəsidir. Bu mənada düşünürəm ki, ölkəmkiz bu tranzit əməliyyatlarından xeyli gəlir götürəcək. Qısa zamanda tranzit əməliyyatların həcminin qeyri-neft sektorunda çəkisi əhəmiyyətli dərəcədə artacaq və belədə neft sektoruna layiqli rəqabət yaranacaq”.

Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz