news Image
2019.11.14
08:51
| A A A
İdarəetməyə nəzarət ictimailəşdirilir
Prezident İlham Əliyevin kadr dəyişikliyi islahatlar kompleksinin həlledici faktoruna çevrilir

Bir neçə ildir ki, Azərbaycanda islahatlar gedir. Qeyri-neft sektorunun inkişafı ilə başlanmış islahatlar uğur gətirdikcə sosial həyat və cəmiyyətin digər sahələri də islahatların dairəsinə salındı. Artıq ölkə bütünlüklə dəyişikliklərə məruz qalır, müasirləşir, yeni mənəvi dəyərlər qazanır, hakimiyyət-xalq münasibətlərində sədlər tamamilə aradan qaldırılır, vətəndaşlar qarşısında dövlətin hesabatlılığı artırılır və ən mühümü sadə insanların idarəetmədə rolu gücləndirilir. Dünyanın 20 ən islahatçı dövləti sırasında yer alan Azərbaycanda baş verən hazırkı proseslər onu deməyə əsas verir ki, bizim dövlət sürətlə ictimailəşir. Bu isə təcrübədə yeni bir mərhələdir və müsbət meyilləri ilə seçilir.

Prezident İlham Əliyev bu günlərdə bir neçə rayona icra başçıları təyin etdiyi məmurlarla görüşündə bu məsələyə toxunub və indiyədək əldə edilmiş nailiyyətlərdən danışaraq qarşıda duran yeni vəzifələr barədə olduqca konstruktiv və ciddi tapşırıqlar verib: “Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır. Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə, belə olan halda bizə həm maraq artır, həm də ki, bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri də arta bilər. Düzdür, son 16 ilin təcrübəsi onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə Azərbaycan çox böyük məharətlə və ləyaqətlə davam gətirə bilir. Bizə qarşı ünvanlanmış bütün bu oxlara, silahlara tutarlı cavab verə bilmişik. Bu cavabın əsas mahiyyəti ondan ibarətdir ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil həyatımızın əsas təminatçısıdır. Ancaq yenə də deyirəm, gənclər mütləq məhz vətənpərvərlik ruhunda tərbiyə almalı və təcrübə toplamalıdılar. Ona görə son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər”.

Bütün deyilənlər dövlət başçısının “məmur xalqın xidmətçisidir” düsturuna əsaslanır. Yəni, dövlət xalqındır və ona da xidmət göstərməlidir. Dövlətin rəhbərinin ümdə vəzifəsi öz komandası ilə bu xidmətin səviyyəsini daim yüksəltməkdir. Arzular və istəklər nə qədər gözəl olsa da, onu həyata keçirmək bir o qədər çətindir. Bəzən vəzifəyə irəli çəkilmiş kadrlar etimadı doğrultmur, kənar təsirlər sayəsində işdə əyintilərə yol verir, xalqın dərd-səri ilə maraqlanmır, dövlət əmlakının mənimsənilməsinə yol verir və s. Bu cür neqativ hallar ümumi işə ziyan vurur, Azərbaycanın müsbət içicinin zədələnməsinə səbəb olur, başlıcası isə xalqı narazı salır. Bugünkü dövlətçiliyimizin müsbət meyillərindən biri də odur ki, Prezident xalqa verdiyi vədlər uğrunda sözün əsl mənasında mübarizə aparır. Bu mübarizədə isə xalqa arxalanır. Həm xalqın istedadlı, savadlı, bacarıqlı övladlarını komandasına cəlb edir, həm də onların məsuliyyətini diqqətdə saxlayır: “Digər tərəfdən, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur”.

Əgər Prezident İlham Əliyevin son bir neçə ildəki çıxışlarını izləsək, dəfələrlə “ictimai nəzarət” ifadəsinə rast gələrik və dövlət başçısı bu istiqamətdə işlərin gücləndirilməsini hən məmurlardan, həm də xalqın özündən tələb edir. Çünki, birtərəfli iş tam səmərə vermir. Gərək ölkənin inkişafında əhalinin bütün təbəqələri eyni məsuliyyətlə iştirak etsin. Bu istiqamət xalqla dövlətin qaynayıb qarışmasını gücləndirməklə cəmiyyətin ictimailəşmə səviyyəsini yüksəldir. Aşkarlıq, qərar qəbul edilərkən əksəriyyətin arzusunun nəzərə alınması, narazılıqların öyrənilərək götürülməsi bu yolla təmin edilir. Məni halların qarşısına səd çəkilir, arxadan gələn nəsil daha saf və nikbin dünyagörüşü ilə böyüyür. Azərbaycanın bu cür inkişafa ehtiyacə böyükdür. Azərbaycan Prezidentinin apardığı mübarizənin əsas konturları budur: “Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

N.NOVRUZ

money.az currency