Əlaqə Arxiv
news Image
2019.11.15
09:41
| A A A
Dəmir yolları sayəsində regionlarda turizmin inkişafı sürətlənəcək
Nəqliyyat infstruktunun yaxşılaşdırılması turizmin inkişafında önəmli mərhələdir

Turizmin inkişafında nəqliyyat sisteminin vəziyyəti önəmli rol oynayır. Nəqliyyat infrastrukturu yaxşı təşkil edilməyən ölkələrdə nəinki xarici turistlərin, hətta yerli turislərin səfərlərini təşkil etmək turizm şirkətləri və fərdi turizm xidməti göstərən şəxslər üçün böyük çətinliklər yaradır. Buna görə də xarici və daxili turizmi inkişaf etdirmək istəyən hər bir ölkə ilk növbədə nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsinə, inkişafına xüsusi diqqət ayırır.

Azərbaycanda da turizmin inkişafı məqsədilə nəqliyyat infrastrukturunun yaxşılaşması istiqamətində ciddi tədbirlər görülür. Bu məqsədlə nəqliyyat infrastrukturunun önəmli hissəsini təşkil edən dəmir yol nəqliyyatına da xüsusi diqqət ayrılır. Ölkəmizdə, əsasən bölgələrdə turizmin inkişafı üşün dəmir yol şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bölgələrdə dəmir yol şəbəkəsinin genişləndirilməsi ilin bütün fəsillərində turistlərin yaşayış məntəqələrinə daha tez, təhlükəsiz və az xərc çəkməklə çatmalarına kömək edir.

Turizmin inkişafında nəqliyyat infrasturkturunun genişləndirilməsinin önəmli olması faktına Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. İlham Əliyev Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilmədiyini, çünki buna ehtiyac olmadığını bildirib. Prezident söyləyib ki, ancaq hazırda Qəbələyə dəmir yol çəkilməsinə böyük ehtiyac var: “Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlib. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, 9 ayda Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır”.

Prezident İlham Əliyev qeyd edib ki, Bakı-Yalama və Ələt-Astara dəmir yollarının da vəziyyəti yaxşılaşdırılmalı və buruda qatarların hərəkət sürəti artırılmalıdır: “Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdı.”

Qeyd edək ki, nəqliyyat xidmətləri turistlərin istifadə etdiyi əsas xidmətlərdən biridir. Bu xidmətlərə çəkilən xərclər səyahətçinin əsas xərclərini təşkil edir. Eyni zamanda turustin hər hansı bir məntəqəyə səfər qərarına nəqliyyat infrasturkturunun vəziyyəti birbaşa təsir göstərir. Buna görə də insanların turizm ehtiyaclarının ödənilməsi üçün sərnişin daşımalarının inkişafı mühüm əhəmiyyətə malikdir. Turizmdə daşıma xidməti turizm infrastrukturunun vacib elementlərini təşkil edir və turizm məhsulunun tərkibində əsas xidmətlər kompleksinə daxildir. Turistlərin daha tez və əlverişli qiymətlərlə turizm məntəqəsinə çatdırılması turizmin regional səviyyədə inkişafında böyük rol oynayır.

Azərbaycanın əlverişli coğrafi mövqeyə sahib olması, şərqdən qərbə, cənubdan şimala doğru tranzit yükdaşıma və sərnişindaşımanın artması ölkəmizdə nəqliyyat infrastrukrunun keyfiyyətcə dəyişməsini, genişlənməsini tələb edir. Bu baxımdan dəmir yol sisteminin inkişafı böyük önəmə sahibdir. Xüsusən dağlıq ərazilərə dəmir yol xətlərinin uzanması, bura bütün mövsümlərdə turistlərin səfərlərinə imkan yaradacaq. Bunu nəzərə alaraq Azərbaycanda uzunmüddətli perspektivdə ölkədə yüksək sürətli qatar və avtomobil yolu şəbəkəsi inkişaf etdiriləcək. Xarici turistləri cəlb etmək məqsədilə qonşu ölkələrlə, məsələn, İranla dəmir yolu əlaqəsi gücləndiriləcək, turistlərin ölkə daxilində şəhərdaxili və şəhərlərarası rahat hərəkətinin təmin edilməsi üçün dəmir yolu və avtomobil yolu şəbəkəsi yaxşılaşdırılacaqdır. Beləliklə, ölkəyə gələn turistlərin alnız öz ilkin təyinat məntəqəsində qalması deyil, fərqli şəhərlərə səfərləri də asanlaşacaq.

Dəmir yollarının inkişaf etdirilməsi sadəcə yerli və xarici turistlərin istirahət məntəqələrinə çatdıırlması baxımından önəmli deyil. Bu müsbət dəyişiklik həm də nəqliyyat turizminin inkişafına şərait yaradar. Dəmir yolları şəbəkəsi genişləndiriləndən sonra turist-sərnişin qatarlarının sayını artırmaqla regionlara daha çox turist səfərlərini təşkil etmək mümkün olar. 1980-ci ildən başlayaraq qatarlardan istifadə turizmdə böyük əhəmiyyət daşımağa başlayıb. Avropa, ABŞ bu sahədə böyük irəliləyiş əldə edə bilib. Qatarların hərəkət sürəti artırılmaqla yanaşı burada ən yeni xidmətlər təşkil edilməklə dəmir yolu ilə turist səfərləri artırılır. Ölkəmizdə hazırda 180-dən artıq dəmir yol stansiyası mövcuddur. Dəmir yol şəbəkəsinin genişlənməsi onların sayının artmasına, turistlərin daha çox şəhər, qəsəbə, kənd yaşayış məntəqələrinə səfər etməsinə şərait yaradacaq.

 

 Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz