Əlaqə Arxiv
news Image
2019.11.15
09:57
| A A A
Fermerlərin soyuducu anbarlar problemi tam həllini tapmayıb
Nicat Nəsirli: “Soyuducu anbarlar məhsulunu uzun müddət saxlamaq istəyənlər üçün əlverişlidir”

Azərbaycanda, əsasən, kartof olmaqla tərəvəz saxlamaq üçün 150-200 min ton tutumlu yeni soyuducu anbarlarının yaradılmasına ehtiyac var. Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə verib. O bildirib ki, sahibkarlar bu istiqamətdə investisiya qoymaq istəyirlər. F.Fikrətzadə qeyd edib ki, Azərbaycanda kartof istehsalı, əsasən, Şəmkir, Tovuz, Qazax, həmçinin İsmayıllı və Xaçmaz rayonlarındadır. Onun fikrincə, soyuducu anbarlar istehsal rayonlarında, həmçinin istehlak bazarına yaxın - Bakı şəhəri ətrafında yaradıla bilər.
Bəs, belə anbarların yaradılması aqrar sahəyə, burada qiymətlərə necə təsir edir?
Azərbaycanda artıq 10 ildir ki, müxtəlif tutumlu soyuducu anbarlar inşa edilir. Belə anbarların tikilməsi bir sıra məsələlərin həllində kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək edib. İlk növbədə istehsal edilən meyvə və tərəvəzin xarab olma ehtimalını azaldıb. Müvafiq şərait olmadıqda meyvə və tərəvəzin 20 faizindən çoxu xarab olur. Bundan başqa məhsulu növbəti aylara saxlamaq imkanı olmadıqda istehsalçı həmin məhsulları dəyər-dəyməzinə satır ki, bu da qiymətlərin həddən artıq aşağı düşməsinə səbəb olur. İstehsalçı məhsullunu ucuz satdığından normal gəlir əldə edə bilmir və növbəti mövsümdə məhsul istehsalında maraqlı olmur. Əlverişsiz vəziyyət qış və yaz aylarında da yaranır. Məhsul qıtlığının olması həmin dövrdə meyvə və tərəvəzin qiymətinin kəskin yüksəlməsinə gətirib çıxarır. Bazarda təklifin azalması qiymətləri artırmaqla bərabər ölkəyə xaricdən böyük həcmdə kənd təsərrüfatı mallarının da idxalına şərait yaradır.
Soyuducu anbarlar sadalanan problemlərin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Bunu nəzərə alaraq 2009-cu ildən başlayaraq ölkəmizdə xeyli sayda soyuducu anbar inşa edilib. Soyuducu anbarların tikintisi 2015-ci ilə qədər çox böyük sürətlə aparılıb və həmin dövrdə ümumi dəyəri 411,3 milyon manat, tutumu isə 347,1 min ton olan 55 soyuducu anbar kompleksi tikilib. Soyuducu anbar komplekslərinin tikintisinə 176,3 milyon manat güzəştli kredit verilib.


Ekspert qiymətləndirməsinə görə hazırda da soyuducu anbar inşaa etdirmək, bura sərmayə qoymaq əlverişlidir. Hətta daşınmaz əmlak sektoruna sərmayə qoymaq istəyənlər üçün ən sərfəli variantlardan biri soyuducu anbarlardır. Daşınmaz əmlak bazarı üzrə ekspert, “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov hesab edir ki, soyuducu anbar biznesi daşınmaz əmlak sektoruna yatırımlar arasında gəlirliyi ilə fərqlənir. Soyuducu anbarların tikintisinin hər kvadrat metr üzrə 1000-1200 manata başa gəldiyini deyən ekspert bildirir ki, gəlirlə işləməsi üçün ən kiçik soyuducu anbar 200 kvadrat metr olmalıdır.
Soyuducu anbar saiblərinin buradan qazancı anbarın icarəsindən əldə edilir. Anbarın sahəsi həm gündəlik, həm də sahə vasitəsilə icarəyə verilə bilər. Müştərilər meyvələrini burada saxlayır və müəyyən müddətdən sonra daha sərfəli qiymətə satırlar. N.İbrahimov söyləyib ki, anbar sahəsinin icarə qiymətləri kifayət qədər sərfəlidir. Ekspert söyləyib ki, intensivliyindən, fəsildən və yerindən asılı olaraq hər kvadratmetrin və ya kubmetrin icarəsi 4,5-5 manat ətrafında dəyişir.
Ekspertin sözlərinə görə, soyuducu anbar biznesi ilə məşğul olmaq istəyən şəxslər bu işə şərikli də qoşula bilər: “Çünki belə daha effektlidir, ola bilər şəriklərdən birinin bu sahədə təcrübəsi yoxdur və ya əlaqələrin olması da əsasdır. Və belə anbarların istixanalar olan ərazidə tikilməsi daha sərfəlidir”.
Fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının soyuducu anbarlara ehtiyacı böyükdür. Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli deyir ki, bu ehtiyacı ödəməkdə iri istehsalçıların imkanları genişdir. Onun sözlərinə görə hazırda mövcud olan böyük anbarlar əsasən iri istehsalçıların idarəçiliyindədir və həmin istehsalçılar anbarları icarəyə verməkdənsə, orada öz məhsullarını saxlamaqda maraqlıdırlar. Ekspert düşünür ki, gələcəkdə də iri həcmli soyuducu anbarların tikintisi davam etdiriləcək və bundan kiçik istehsalçıların faydalanma imkanı məhduddur: “Mövcud soyuducu anbarlar fermerlər üçün əlverişli, rentabelli deyil. Burada saxlama xərcləri yüksəkdir və anbarlar əsasən iri fermerlərin məhsulları ilə dolur. İri soyuducu anbarların tikintisi də bahadır. Məsələn, beş min ton tutumu olan soyuducu anbarın tikintisi 1 milyon manata başa gəlir. Bundan başqa soyuducu anbarlar əkin sahəsindən uzaqda yerləşdiriyinə görə ora məhsulun çatdıırlması və çeşidlənməsi də vacibdir. Məhsulu çatdırmaq üçün əlavə nəqliyyat xərci, toplama və boşaltma xərci tələb edilir. Soyuducu anbara hər məhsulu qoymaq olmur, bunun üçün onun çeşidlənməsi lazımdır. Bu zaman itkiyə də yol verilir”.
N.Nəsirli söylədi ki, soyuducu anbarlar böyük həcmdə məhsul istehsal edənlər və məhsulunu uzun müddət saxlamaq istəyənlər üçün əlverişlidir. Onun qənaətincə, kiçik istehsalçılar üçün soyuducu anbarlardan yox, refrejator sistemindən istifadə edilməlidir: “Refrejator sisteminin üstünlüyü onun ucuz olmasında və daşına bilməsindədir. Refrejatorlar məhsulu soyuducu anbarlar kimi 1 il saxlaya bilmir, orada məhsullar ən yaxşı halda 6 ay qalır. Amma bu müddət istehsalçıya məhsulunu növbəti mövsümə qədər saxlamağa imkan yaradır. Refrejator sistemlərinin tutumu 1 tondan 15-20 tona qədər artır. Kiçik fermerə bu cür texnologiya lazımdır”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz