news Image
2019.11.16
09:15
| A A A
ABŞ dolları kəskin şəkildə ucuzlaşdıracaq
Pərviz Heydərov: “ABŞ iqtisadiyyatı böhrana məruz qalarsa faizlər sıfır həddinə endirilə bilər”

2019-cu ilin iyulundan ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini azaltmağa başlayıb. FES indiyə qədər 3 dəfə faizləri azaldıb. İyulda 2,25-2,5 olan faizlər hazırda 1,5-1,75 səviyyəsindədir.

ABŞ-da faizlər 2019-cu ilin iyuluna qədər artırılırdı. 2014-cü ildə 0,25 səviyyəsində olan faizlər mərhələli şəkildə artırılaraq 2,5 həddinə çatıdırılmışdı. FES müəyyən dövrdən bir faiz dərəcələrini artırıb-azaldır. Qurum faiz qərarlarını verən zaman inflyasiya və məşğulluq səviyyəsini, həmçinin iqtisadi artım sürətini nəzərə alır.

ABŞ Prezidenti Donald Tramp Nyu-York İqtisadi Klubundakı çıxışında qeyd edib ki, faizləri artırıb-azaltma ABŞ iqtisadiyyatının rəqabətqabiliyyətliliyini azaldır. O, bu fonda mənfi faiz dərəcələrinin tətbiq edilməsini tələb edib. FES-in rəhbəri Cerom Pauel isə ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin iclasında mənfi faiz dərəcələrinə qarşı çıxıb. ABŞ-da iqtisadi artımın, məşğulluq bazarının və infilyasiyanın sabit olduğu qeyd edən C.Pauel ABŞ prezidentinin tələb etdiyi mənfi faiz dərəcələrinin hazırda ölkə iqtisadiyyatı üçün uyğun olmadığını vurğulayıb.

Xatırladaq ki, 2019-cu ilin iyulundan öncə də D.Tramp faiz dərəcələrinin endirilməsini tələb edirdi. FES bir müddət öz mövqeyindən dönməsə də nəhayətində faizləri endirməli oldu. Bəs, bu dəfə FES-in mənfi faiz dərəcələrinə getməsi mümkündürmü və əgər bu baş verərsə mənfi faizlər dollar üçün nə vəd edir?

2016-cı ildə FES mənfi faiz dərəcəsi qərarını nəzərdən keçirib. Qurum Avropanın bəzi dövlətlərinin mənfi faiz dərəcələri təcrübələrini öyrəndiyini açıqlamışdı. Lakin sonra belə bir nəticəyə gəlindi ki, mənfi dərəcə iqtisadi inkişaf üçün faydalı olmayacaq.

Hazırda Yaponiya, İsveç, İsveçrə kimi böyük iqtisadiyyata sahib ölkələrdə mənfi faiz dərəcəsi tətbiq edilir. İqtisadçı-ekspert Pərviz Heydərov xatırlatdı ki, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı ilə əlaqədar olaraq FES mənfi faiz dərəcəsi tətbiq edib. Ekspert söylədi ki, həmin dövrdə ipoteka kreditləşməsində yol verilən ciddi səhvlər səbəbindən ölkə iqtisadiyyatı dərin böhran keçirdi. P.Heydərov dedi ki, iqtisadiyyatın dərin böhrandan çıxarılmasının ucuz pul siyasətindən asılı olduğunu görən FES mənfi faiz dərəcəsinin tətbiqinə başladı: “2008-ci ildə Barak Obama prezident seçiləndə qeyd etdi ki, böhrandan çıxmaq üçün iqtisadiyyata külli miqdarda ucuz pul vermək lazımdır. Bundan sonra FES pul emissiya edib, iqtisadiyyata ucuz pul verdi. Bu tədbirlərin nəticəsi idi ki, 2011-ci ildən ABŞ iqtisadiyyatı böhrandan çıxmağa başladı. 2015-ci ilə qədər ABŞ iqtisadiyyatının böhrandan çıxarılması üçün tədbirlər davam etdirildi. Həmin ildən isə faiz dərəcəsi tədricən qaldırıldı. 2017-ci ildən FES-in dolları möhkəmləndirən siyasətinə qarşı tənqidi yanaşmalar gücləndi. Bu siyasət 2018-ci ilin dekabrından dayandırıldı və faizlər yenidən endirilir. Yalnız 2019-cu ildə 2 dəfə faizlərin endirilməsinə dair qərar qəbul edilib”.

Ekspert düşünür ki, FES-in faizləri endirmək siyasəti davamlı xarakter daşıyacaq. P.Heydərovun fikrincə, faizlərin endirilməsi Çinlə ticarət savaşı başa çatandan və Brexit məsələsi tam yekunlaşandan sonra dayanacaq. O FES-in faiz siyasətinə Çin Mərkəzi Bankının qərarlarının da təsir edəcəyini söylədi. Ekspert bildirdi ki, əgər Çin Mərkəzi Bankı öz uçot dərəcəsini minimum səviyyədə saxlayarsa, FES faiz dərəcəsini endirməyi dayandıracaq.

P.Heydərov indiki şərtlərlə FES-in mənfi faiz dərəcəsini tətbiq edəcəyinə inanmır: “FES bu ilin dekabrında daha bir dəfə uçot dərəcini azalda bilər. Bu, gözlənilən ehtimaldır. Amma sıfır və ya mənfi faiz dərəcəsinin tətbiqi real deyil. Bunun üçün zəruri amillər formalaşmayıb. Yalnız, dünya iqtisadiyyatında dərin böhran yaşanarsa, eyni zamanda ABŞ iqtisadiyyatı böhrana məruz qalarsa, o halda, uçot dərəcəsi sıfır həddinə qədər azaldılacaq. İndiki halda isə dərəcə ən pis variantda 0,25 səviyyəsinə düşəcək. Amma sıfır dərəcənin tətbiq ediləcəyini proqnozlaşdırmıram. Çünki qlobal böhran əlamətləri olsa da, ABŞ iqtisadiyyatında müəyyən geriləmələr baş versə də, bu, 2008-2009-cu ildə olduğu qədər acınacaqlı deyil”.

P.Heydərov qeyd etdi ki, uçot dərəcəsinin daha çox azaldılması dolların ucuzlaşmasına əsas yarada bilər. Onun qənaətincə, bu vəziyyətdə dollar digər valyutalar qarşısında məzənnə dəyəri itirəcək. Ekspert manata münasibətdə dolların ucuzlaşacağına isə inanmır. P.Heydərov bildirdi ki, Azərbaycanda dollar manat məzənnəsi Mərkəzi Bank tərəfindən müəyyən edilir və dünyada dolların ucuzlaşmasının manata qarşı olan məzənnədə dəyişikliyə səbəb olacağı gözlənilmir. Ekspert dedi ki, dollar manat məzənnəsi hələ də əsasən neftin qiymətindən asılıdır və məzənnə dəyişikliyi yalnız neftin qiymətinin kəskin dəyişəcəyi təqdirdə baş verə bilər.

 

Vasif CƏFƏROV

 

 

 

 

 

 

 

 

 

 

money.az currency