Əlaqə Arxiv
news Image
2019.11.19
09:43
| A A A
İstifadəsiz qalan POS-terminallar
Ruslan Atakişiyev: “POS-terminallardan istifadəni genişləndirmək məqsədilə həm sahibklarları, həm də istehlakçıları stimullaşdırmaq lazımdır”

Nağdsız ödənişlərin dövriyyəsinin artırılması üçün zəruri olan məsələlərdən biri də POS-terminalların sayının artırılması, onlardan istifadənin genişləndirilməsidir. Azərbaycanda 2016-cı ilə qədər POS-terminalların sayında sürətli artım olub, lakin sonradan terminalların sayında ciddi azalma baş verib. 2016-cı ilin yanvarın 1-də ölkəmizdə 80 301 POS-terminal olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. 2018-ci ilin aprelin 1-də POS-terminalların sayı 63 863-ə qədər azalıb. Sonradan yenidən terminalların sayı artmağa başlasa da 2019-cu ildə ümumi sayda azalma var.
2019-cu ilin oktyabrın 1-nə olan məlumata əsasən, POS-terminalların sayı ilin əvvəlinə nisbətən 1333 ədəd azalaraq 64 min 777 ədədə düşüb. Mərkəzi Bankın statistikasına görə, hələ də, ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 2018-ci ilin sonu ilə müqayisədə 1378 ədəd, 2015-ci ilin sonu ilə müqayisədə isə 15 min 425 ədəd azdır. 2015-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 78 min 762 ədədə çatmışdı. Sonradan sahibkarlar POS-terminallardan imtina etməyə başlamışdılar.
Bu ildən Azərbaycan ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb. Müasir e-kassalar POS-terminal funksiyasını da yerinə yetirir. Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri "AzurPos"dur. Bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır.
Oktyabr ayının əvvəlinədək ölkədəki iri ticarət mərkəzləri, şadlıq evləri, şəbəkə marketlər, yanacaqdoldurma məntəqələri avtomobil və mebel satışı mərkəzləri e-kassa sisteminə keçməlidilər. Azərbaycanda bu kimi obyektlərin sayının on minlərlə olduğunu nəzərə alsaq POS-terminalların sayının 1333 ədəd artması zəif artımdır.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev qeyd etdi ki, nağdsz hesablaşmaların dövriyyəsinin artırılması üçün POS-terminallardan istifadənin genişləndirilməsi vacibdir. Çünki POS-terminallardan istifadə edilməsi nağdsız hesablaşmaların bir hissəsidir. R.Atakişiyev bildirdi ki, POS-terminallardan istifadənin genişləndirilməsi məqsədilə bəzi tədbirlərin görülməsi vacibdir. O bu istiqamətdə müəyyən tədbirlərin həyata keçiriləcəyini də dedi: “İlk növbədə əhalinin maliyyə savadının artırılması tədbirlərinin gücləndirilməsi vacibdir. Əhali tərəfindən plastik kartlarla ödənişlərin sayının və həcminin artırılması üçün maliyyə əməliyyatları ilə bağlı maarifləndirmə tədbirləri əhəmiyyətlidir. Mağazada alış-veriş edən şəxs malın pulunu nağd şəkildə ödəyir. Halbuki alıcının ödədiyi pul bankomatdan plastik kartdın çıxardığı puldur. İnsanları maarifləndirmək lazımdır ki, plastik kartında olan pulu çıxartmadan da mağazada ödəniş etsin.


Hökumət plastik kartlarla ödənişləri stimullaşdırmaq məqsədilə vergi güzəştləri etməyi nəzərdə tutur. Bununla bağlı ilkin sənədlər hazırdır. Nazirlər Kabinetinin təlimatı təsdiq etməsini gözləyirlər. İqtisadiyyat Nazirliyinin vergi xidməti Nazirlər Kabinetinə təklif hazırlayıb verib ki, nağdsız hesablaşmalar zamanı ödənilən əlavə dəyər vergisinin 15 faizi alıcıya qaytarılsın. Bu təklif stimullaşdırıcı xüsusiyyət daşıyır.
Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi genişlənir. Bu aparatlarla həyata keçirilən əməliyyatlar eyni vaxtda paralel olaraq vergi xidmətinin mərkəzi sistemində görünəcək. Belə kassa aparatları ilkin olaraq ticarət, ictimai-iaşə obyektlərində quraşdırılacaq. Bunun nəticəsi müsbət olarsa, onun geniş şəkildə tətbiqi gözlənir. Bu aparatların tətbiq edildiyi yerlərdə sahibkarlar alıcıları nağdsız əməliyyatlar aparmağa təşviq edəcək”.
Ekspert hesab edir ki, əhalinin nağdsız ödənişlərinin sayının və həcminin artmasında texniki məsələlər də önəmli rol oynayır. O söylədi ki, POS-terminallardan istifadə zamanı ödəniş vaxtının qısa olması üçün müəyyən tədbirlər görülməlidir: “Gündəmdə olan məsələlərdən biri də ödənişlərin sürətlə həyata keçirilməsidir. Bu məqsədlə bir variant kimi mobil telefonlar vasitəsilə ödənişlərin aparılması nəzərdə tutulur. Yeni nəsil kassa-aparatlarının özü də ödənişlərin sürətlə aparılmasına imkan yaradır”.
R.Atakişeyev bildirdi ki, kiçik sahibkarlıq subyektləri POS-terminallardan istifadədə maraqlı deyil. Onun sözlərinə görə POS-terminallar əlavə xərclər yaratdığıdan kiçik dövriyyəsi olan sahibkar terminaldan istifadə etməkdə maraqlı olmur: “POS-terminallar banklar tərəfindən sahibkarlara pulsuz verilir. Amma hər ay bank ən azı 50 gəlir istəyir. Dövriyyə böyük olduqda bu vəsaiti dövriyyədən tutulan komissiya haqqı hesabına ödəmək olur. Dövriyyə kiçik olduqda sahibkar onsuz da az olan qazancının bir hissəsini banka verməlidir. Digər tərəfdən sahiblar POS-terminal vasitəsilə ödənilən pulu hesabından çıxartmaq istədikdə nağd pul çıxartmağa görə 0,5 faiz xidmət haqqı ödəyir. Buna görə də kiçik ticarət və iaşə obyektləri POS-terminallardan istifadədə maraqlı olmur”.
Ekspertin qənaətincə, POS-terminallardan istifadəni genişləndirmək, dövriyyəni artırmaq məqsədilə həm sahibklarları, həm də istehlakçıları stimullaşdırmaq lazımdır.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz