Əlaqə Arxiv
news Image
2019.11.19
09:55
| A A A
Avtomobil ehtiyat hissələri ölkədən böyük miqdarda valyuta aparır
Ehtiyat hissələrinin daxildə istehsalı zərurətə çevrilir

Azərbaycanda avtomobillərin sayının artması və avtomobil parkının köhnəlməsi avtomobil ehtiyat hissələrinə və ləvazimatlara olan tələbin sürətlə artmasına səbəb olub. Ölkəmizdə avtomobil istehsalına başlanılsa da hələlik avtomobil ehtiyat hissəsləri istehsal edilmir. Avtomobillər üçün lazım olan ləvazimatların isə az hissəsi (mühərrik yağı, ötürücülər qutusunun yağı və s.) istehsal olunur. Buna görə də ehtiyat hissələrinin və ləvazimatların mütləq hissəsi idxal edilir.

Ehtiyat hissələrinin və ləvazimatların idxalının artmasını dəstəkləyən amillərdən biri də ölkəmizdə avtomobill parkının sürətlə köhnəlməsidir. Avtomobil parkının köhnəlməsinin iki başlıca səbəbi var. Birinci səbəb idxal edilən avtomobillərin əksəriyyətinin istehsal buraxılış tarixinin çox olması (əsasən 8-10 il) və yürüş məsafəsinin böyük olmasıdır. İkinci səbəb 2015-ci ildən manatla ifadədə avtomobil idxalının bahalaşmasıdır. Avtomobil idxalının bahalaşması “yaşlı” avtomobillərin dövriyyədən çıxarılmasını gecikdirir. Ölkəmizə idxalın böyük olduğu 2014-cü ilə qədər istehsal-buraxılış tarixi 15-20 ildən artıq olan avtomobillərdən imtina sürətlə gedirdi. Bu cür avtomobillər ya ehtiyat hissələrinə bölünərək satılırdı, ya da üçüncü ölkəyə göndərilirdi. Lakin 2015-ci ildən etibarən həmin avtomobillər dövriyyədən çıxarılmadı və təmir edilməklə hələ də istifadə olunur.

“Yaşlı” avtomobillərin istifadəsinə davam edilməsi ehtiyat hissələrinə tələbi kəskin artırıb. Bunu statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin 2018-ci ilə aid olan məlumatına əsasən, ölkəmizdə minik avtomobillərinin sayı 1,17 milyon ədəd olub. Onlardan istehsal-buraxılış tarixi 10 ildən yuxarı olan avtomobillərin sayı 896,3 mindir. Yəni, minik avtomobillərinin 76,6 faizi köhnəlmə dövrünə keçib. 2014-cü ildə minik avtomobillərinin sayı 1,1 milyon ədəd idi. Bu avtomobillərin 682 min ədədinin və ya 62 faizinin istehsal-buraxılış tarixi 10 ili ötmüşdü.

Yük avtomobillərinin daha çox hissəsi köhnəlib. 2014-cü ildə yük avtomobillərinin sayı 141,1 min ədəd, istehsal-buraxılış tarixi 10 ildən yuxarı olanların sayı 102,6 min ədəd (72,7 faiz), 2018-ci ildə yük avtomobillərinin sayı 147,3 min ədəd və istehsal tarixi 10 ili ötənlərin sayı 127,3 min ədəd (86,4 faiz) olub.

Avtobusların sayı isə 2018-ci ildə 30,7 min ədəd təşkil edib və onların 24,6 mininin (80,1 faiz) istehsal-buraxılış tarixi 10 ildən yuxarıdır. 2014-cü ildə ölkəmizdə 30,94 min ədəd avtobus olub və onlardan istehsal-buraxılış tarixi 10 ildən çox olanların sayı 23,346 min (75,5 faizi) təşkil edib.

Avtomobil parkının köhnəlməsi avtonəqliyyat vasitələri üçün hissə və ləvazimatların pərakəndə satışını sürətlə artırır. 2014-cü ildə Azərbaycanda pərakəndə ticarətdə ehtiyat hissələrinin və ləvazimatların alışına 57,6 milyon manat xərclənib. 2016-cı ildə eyni məqsədlə 99 milyon manat, 2017-ci ildə 128 milyon manat, 2018-ci ildə 190 milyon manat vəsait xərclənib. Bu göstəricilər rəsmi qeydiyyata alınan dövriyyə əsasında müəyyənləşib. İşlənmiş avtomobillərin üzərindən çıxarılan ehtiyat hissəslərinin satışı bir çox hallarda qeydiyyata düşmür. Əgər pərakəndə bazarın həcmi dəqiq uçota alınsaydı ehtiyat hissəslərinə və ləvazimatlara xərclənən pulun daha böyük olduğu üzə çıxardı.

2019-cu ildə də eyni məqsədlə xərclənən vəsait sürətlə artır. Bunu Gürcüstandan idxal edilən ehtiyat hissələrinin məbləğinin kəskin artması da təsdiqləyir. 2019-cu ilin yanvar-avqust aylarında bu ölkədən Azərbaycana 139,6 milyon dollar (237 milyon manat) dəyərində 12 801 ton avtomobil ehtiyat hissəsi idxal edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 37,2% və 2,2 dəfə çoxdur.

Statistik məlumatların təhlili göstərir ki, son bir neçə ildə avtomobillərin ehtiyat hissələrinin alınmasına çəkilən xərc sürətlə artır. Belə davam edərsə bir neçə ildən sonra idxalda və pərakəndə ticarətdə ən böyük paya sahib mal qruplarından biri avtomobil ehtiyat hissələri olacaq.

Bu məhsullara çəkilən xərcin azaldılması üçün onların yerli istehsalının təşkili yaxşı olardı. Xüsusən avtomobillərdə daha çox yenilənən ehtiyat hissələrinin və ləvazimatların istehsalının təşkili səmərəli ola bilər. O cümlədən avtomobil şinlərinin, yanacaq, yağ və hava filtirlərinin, radiatorların, əyləc sistemlərinin, səsboğucuların, asma sistemlərin, elektrik lampalarının yerli istehsalının təşkili iqtisadi baxımından əlverişlidir. Bu hissələrin xüsusiyyəti, funksionallığı elədir ki, hər hansı bir markaya aid olan məhsuldan bir neçə avtomobil markasında istifadə edilir.

Yerli istehsalın olması bir çox cəhətinə görə əhəmiyyətlidir. İlk növbədə ehtiyat hissələrinin və ləvazimatların dəyərinin aşağı düşməsinə imkan yaradardı. Çünki yerli istehsal məhsulu istənilən halda idxal mallarından ucuz başa gəldiyindən qiymətlərdə fərq olacaq. Qiymətlə yanaşı keyfiyyət göstəriciləri də yaxşı olduqda idxalın azalması baş verəcək. Deməli, yerli istehsalın təşkili idxalı əvəzləməklə yanaşı, avtomobil sahiblərinin xərclərini də azaldar. Digər tərəfdən yerli istehsalın yaradılması avtomobil qəzalarının azalmasına da imkan yaradır. Ölkəmizə idxal edilən ehtiyat hissələrinin müəyyən hissəsi işlənmiş ehtiyat hissələridir. Bu cür hissələr fiziki cəhətdən köhnəldiyindən onların sıradan çıxma ehtimalı yüksəkdir. Yerli istehsalın təşkili həm də avtomobillərin yeni ehtiyat hissələri ilə təchizatını da yaxşılaşdıra bilər. Nəhayət, yerli istehsalın təşkili məşğulluğun, dövlət büdcəsinin vergi gəlirlərinin artırılması, eyni zamanda sənayenin yeni sahəsinin formalaşması baxımından önəmlidir. İstehsal müəssisələrinin yaradılması daha çox insanın iş tapmasına, ixtisaslı kadrların hazırlanmasına, dövlətin həm vergi, həm də məcburi sosial sığorta gəlirlərinin artmasına şərait yaradacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz