Əlaqə Arxiv
news Image
2019.11.20
10:34
| A A A
Azərbaycan Avropa enerji bazarında daha güclü mövqe sahibinə çevrilir
İlham Şaban: “Azərbaycanın Avropaya böyük həcmdə qazı 2021-ci ildən nəql ediləcək”

2019-cu ilin noyabrın 30-da Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) "Faza-1" layihəsinin istismara verilməsinin açılış mərasimi olacaq. "Faza-1" layihəsinin işə salınması Azərbaycandan Avropaya qaz ixracına imkan yaradan daha bir texniki mərhələnin başa çatması anlamını verəcək.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir. Ümumi uzunluğu 1 850 km olan TANAP-ın istismara verilməsi "Faza-0" və "Faza-1" hissələrindən ibarətdir. "Faza-0" çərçivəsində kəmərin Gürcüstanla sərhəddən Türkiyənin Əskişəhərinə qədər olan hissəsi istifadəyə verilmişdi. Bu hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.
"Faza-1" adlandırılan hissənin tamamlanması ilə Avropaya qaz çatdırmaq mümkün olacaq. Bu hissənin diametri 48 düym, uzunluğu 476 km-dir. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
TANAP-ın tam işə salınması ilə Azərbaycanın Türkiyə və Avropanın enerji bazarında mövqeyinin güclənəcəyi yəqindir. Azərbaycan qaz ixracını artırmaqla həm də özünün xarici valyutada olan gəlirlərinin artmasını təmin edəcək. Bu müsbət dəyişiklik gələcəkdə manatın məzənnəsindəki dayanıqlığın bir qədər də güclənməsinə şərait yaradacaq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban TANAP-ın tam işə düşməsinin Azərbaycan qazının Avropaya çatdırılmasında önəmli mərhələ olacağını bildirdi. O qeyd etdi ki, kəmər N
2019-cu ilin iyunundan texniki baxımdan qazı Avropaya ötürməyə tam hazırdır. Ancaq Avropanın Azərbaycan qazını alması 2020-ci ilin oktyabrından tez baş verməyəcək. Onun sözlərinə görə noyabrın 30-dan sonra Avropa hissəsində, yəni TAP layihəsi çərçivəsində görüləcək işlərdən sonra Azərbaycanın böyük həcmdə olan qazı Avropaya nəql ediləcək. Ekspert buna görə də Azərbaycanın qaz ixracından böyük gəlirlərinin 2021-ci ildən başlanacağını söylədi.
İ.Şaban vurğuladı ki, TANAP Azərbaycanda qaz hasilatının artırılmasında böyük rol oynayıb. O söylədi ki, TANAP olmasaydı, Azərbaycanda böyük həcmdə qaz hasil edilməyəcəkdi, Cənub Qaz Dəhlizi olnmayacaqdı. Ekspert hesab edir ki, Azərbaycan TANAP layihəsini seçməklə Qərbin qaz ixracının siyasiləşdirmə niyyətinin də qarşısını ala bildi: "Məsələnin bir balaca tarixinə gedək. Avropanın siyasi və iqtisadi dairələri əslində adı opera tamaşasından götürülmüş "Nabucco"nu gerçəkləşdirmək yox, onun vasitəsilə bazara səs salmaq niyyətində idilər. Məqsəd isə Rusiya kimi qaz çəlləyinin imkanlarından XXI əsrdə daha əlverişli şərtlərlə istifadə etmək imkanı əldə etmək idi. Rəsmi Bakı vaxtında "enerji oyununun nəbzini" duya bildi və 2011-ci ilin sonunda Qərb üçün gözlənilməz bir addım atdı və infrastrukturu Türkiyə ilə birgə tikməyə qərar verdik. Bunu ona bənzədirəm ki, 8 cərgəlik bir avtomagistralda tixacdasınız. Başa düşürsünüz ki, bu tıxac süni yaradılıb. Və birdən qonşu cərgədə 2 maşınlıq yer açılır, tez özünüzü verirsiniz ora və sonra, daha o biri cərgənin arasında maşınlar arasına dürtə-dürtə irəli getməyə müvəffəq olursunuz.


Təxmini buna bənzər bir vəziyyətdə Azərbaycan uğurla irəliləyə bildi. Dünya enerji bazarında 2015-ci ildə qiymətlər dəfələrlə azalanda iş yerləri ixtisarlar edilir, kapital xərcləri minimuma endirilirdi. Məhz həmin il TANAP-ın fiziki işlərinə start verildi. O zaman qonşu Rusiya mətbuatında TANAP əleyhinə nə qədər yazılar gedirdi, hətta Putin Azərbaycanın adını çəkmədən məbuat konfransında deyirdi ki, Avropa alternativ mənbədən qaz almaq istəyir, baxaq görək ala biləcəkmi. Niyə belə deyirdi? Çünki Türk axınını bitirib 2017-ci ilin əvvəlində artıq bu marşrutla Avropaya qaz ötürməyi düşünürdü. İndi isə 2020-ci il gəlir, Azərbaycan qazı Avropaya gedəcək, Türk axını marşrutu isə hələ də tikilir".
Bu baxımdan İ.Şaban düşünür ki, Azərbaycanın tərəfdaşları ilə birgə ölkə sərhədlərindən kənarda meqa bir infrastrukturu zamanında reallaşdırması təqdirəlayiq hadisədir: "Özü də təkcə ona görə yox ki, layihənin reallaşdırılması zamanı 5 milyard dollar kapital qoyuluşuna qənaət edildi. Əsas qazanc qarşıdadır; ilk dəfə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xaricdə boru kəmərinin operatoru rolunda çıxış edirdi və TANAP Azərbaycanın xaricdəki dəyərli aktivi və Azərbaycanın yeni tanıtım nişanıdır".
Ekspert qeyd etdi ki, TANAP real olaraq infrasturkturdan Azərbaycana gəlir gətirən ən önəmli layihə olacaq: "Onun gəlirləri Bakı-Tbilisi-Ceyhanın (BTC) Azərbaycana gətirdiyi dividentlərdən çox olacaq. BTC hazırda hər il Azərbaycana 100 milyon dollar ətrafında divident gətirir. TANAP-dan gəlirlər isə bundan 6-7 dəfə çox olacaq"
Azərbaycanın makroiqtisadi proqnozuna əsasən 2021-ci ildə qaz emalının kəskin artması gözlənilir. Qiymətləndirmələrə əsasən, həmin ildə qaz hasilatı 45 milyard kub metrə yüksələcək. Bu da 2018-ci illə müqayisədə 48 faiz çoxdur. TANAP tam işə düşəndən və TAP istismara veriləndən sonra hasil edilən qazın bir hissəsi Avropaya göndəriləcək.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz