Əlaqə Arxiv
news Image
2019.11.20
10:11
| A A A
Elektron kassa aparatlarının quraşdırılmasından kimlər qaçır?
Vergi Məcəlləsindəki bəzi güzəştlərin tətbiqi yeni nəsil kassa aparatlarından asılıdır

Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nə əsasə Azərbaycanda mərhələli şəkildə yeni nəsil kassa-aparatları quraşdırılmalıdır. Qrafikə uyğun olaraq 2019-cu il iyulun 1-dək Bakıda yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələnin başa çatdırılması nəzdə tutulurdu. Birinci mərhələdə iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində kassa aparatlarının yenilənməsi planlaşdırılıb. İyulun 1-nə kimi yeni nəsil nəzarət-kassa aparatları Gəncə və Sumqayıtdakı şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək quraşdırılmalı idi.

İkinci mərhələnin reallaşması birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam etməli idi. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunmalı idi. Üçüncü mərhələ 2020-ci il yanvarın 1-dək yekunlaşacaq. Bu mərhələ çərçivəsində yeni nəzarət-kassa aparatları bütün ölkə üzrə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılacaq.

Dördüncü mərhələ isə 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulur.

Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilən müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

Hazırda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılmasında üçüncü mərhələ həyata keçirilir. Yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq. Bununla yanaşı, yeni sistemin tətbiqi ilə müştərilər (yəni istehlakçılar) kassa çekinin üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya biləcək.

Elektron-kassanın köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlükləri var. Əsas üstünlüklər məlumatların onlayn ötürülməsi, kriptoqrafiq prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq olunması və aparılan əməliyyatlar üzrə təhlil imkanlarının yaradılmasıdır.

Qanunvericiliyə əsasən bəzi fəaliyyət sahələrində nağd pul hesablaşmaları yeni nəsil-kassa aparatları vasitələri ilə aparılmaya bilər. Bu sahələr qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların və lotereya biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti sahələridir. Digər sahələrdə isə nağd pul hesablaşmalarının müəyyən edilən meyarlara cavab verən və elektron informasiya sisteminə qoşulan elektron-kassa vasitəsilə həyata keçirilməsi məcburidir.

Yeni nəsil kassa-aparatlarının quraşdırılmasında müəyyən axsamalar olsa da bu proses hökmən həyata keçirilməlidir. Çünki Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nağdsız hesablaşmalarla bağlı nəzərdə tutulan güzəştlərin həyata keçirilməsi üçün elektron-kassa aparatlarının olması vacibdir. Bu baxımdan yeni nəzarət-kassa aparatlarını tətbiqi istehlakçılar üçün də böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizinin qaytarılması nəzərdə tutulur. Bu qayda yalnız yeni nəsil kassa aparatları ilə aparılan ödəmələr zamanı keçərlidir.

Digər tərəfdən vergidən yayınma hallarının azaldılması üçün elektron-kassalar mühüm rola sahibdir. Onlar dövriyyənin dəqiq qeydə alınmasına şərait yaradır.

Buna görə də yeni nəzərl nəzarət-kassa aparatlarının vaxtında quraşdırılması vacibdir. Nazirlər Kabinetinin təsdiq etdiyi dörd mərhələli qrafik üzrə ilk iki mərhələ başa çatıb. Bu mərhələlərin tələblərinə uyğun olaraq kassa aparatlarının quraşdırılması gecikdirilərsə Vergilər Məcəlləsindəki dəyişikliklərin tətbiqi gecikəcək. Hər hansı axsamanın baş verməməsi üçün bu sahədə inzibati nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz