Əlaqə Arxiv
news Image
2019.11.20
09:13
| A A A
Büdcədən pul alan raoynların sayı azalacaq
Ruslan Atakişiyev: “Ölkə daxilində də yetərincə özəl maliyyə mənbələri, daxili investorlar var ki, rayonlar öz büdcələrinin formalaşmasında onların imkanlarından yararlana bilərlər”

Azərbaycanda son zaman digər sahələrdə olduğu kimi kadr sahəsində də mühüm islahatlar aparılır. Kadr islahatları rayonlarda da özünü göstərir. Belə ki, son vaxtlar bir sıra rayonların icra başçıları yeniləri, müasir dövrün tələblərinə cavab verən kadrlarla əvəzlənib. İndi yeni kadrlardan gözləntilər həm də rayonların dövlət büdcəsindən dotasiya almaqdan yaxa qurtararaq özlərinin sərmayə cəlb etməsi ilə bağlıdır.  

Ümumiyyətlə, son illərin tendensiyası belə deməyə əsas verir ki, artıq şəhər və rayonların yerli xərclərini ödəmək imkanlarında artım müşahidə edilir. Bu dinamika özünü 2013-cü ildən sonra daha qabarıq göstərməyə başlayıb. 2013-cü ilə qədər Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu əldə etdiyi gəlirlə yerli xərcləri qarşılaya bilirdi. 2014-cü ildə özünü maliyyələşdirə bilən şəhər və rayonların sayı 6-ya,  2016-cı ildə isə 7-yə yüksəldi. Onların sayı 2017-ci ildə 33, 2018-ci ildə 34 oldu. 2020-ci ildə isə Azərbaycanın 40 şəhər və rayonu xərclərini öz gəlirləri hesabına ödəyəcək. Proqnozlara görə, Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir və Tovuz rayonları yerli xərclərini tam ödəyə biləcək.

İndiki mərhələdə yuxarıda qeyd etdiyimiz kimi, rayon rəhbərləri yeni, müasir standartlara  cavab verən kadrlarla əvəzlənir. Yeni kadr dəyişikliyi formatında rayonların özlərini maliyyələşdirməsi, özlərinin sərmayə cəlb etməyə başlamasında nə kimi dəyişikliklər ola bilər? Bu fonda büdcədən ayrılan dotasiyalardan asılı olan rayonların sayının azalmasını gözləmək olarmı?  

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, ildən-ilə dövlət büdcəsindən ayrılan dotasiyalarla yaşayan rayonların sayında azalmalar olur: “Bilirsiniz ki, son dövrlər büdcə siyasətində rayonların mərkəzi büdcədən aldıqları dotasiyanın azaldılması istiqamətində iş aparılır. Yəni çalışılır ki, rayonlar özləri öz daxili büdcələri hesabına xərclərini qarşılaya bilsinlər. Nəticədə artıq xeyli sayda rayon mərkəzi büdcə hesabına deyil, sırf daxili büdcə hesabına maliyyələşməni həyata keçirə bilir. Getdikcə də dotasiyalardan imtina edən rayonların sayını artırmağa çalışırlar. Bu fonda rayonların qarşısına qoyulan məsələlərdən biri də özlərinin daxildən və yaxud xaricdən kənar maliyyə cəlb etmələri məsələsidir.

Ölkə daxilində də yetərincə özəl maliyyə mənbələri, daxili investorlar var ki, rayonlar öz büdcələrinin formalaşmasında onların imkanlarından yararlana bilərlər. Bu işi də tək təbliğat işləri aparmaqla həyata keçirmək mümkün deyil”.

Həmsöhbətimiz qeyd etdi ki, kənardan sərmayə cəlbinə nail olmaq üçün rayonlar daxilində investisiya mühiti daha da yaxşılaşdırılmalıdır: “Kənar sərmayə cəlbinə nail olmaq üçün ilk növbədə rayonlar öz əraziləri daxilində investisiya mühiti formalaşdırmalıdırlar. İnvestisiya mühitinin formalaşdırılması üçün də birinci növbədə mövcud infrastrukturu qorumaq, lazım gəlsə hətta yenisini formalaşdırmaq lazımdır”.

R. Atakişiyevin fikrincə, prosesin uğurlu alınması üçün rayonlar kadr məsələsinə də ciddi diqqət yetirməlidir: “İnvestoru cəlb edən məsələlərdən biri də rayonlarda sərmayə yatırmaq istədiyi sahə üzrə müvafiq kadrların olub-olmaması məsələsidir. Ona görə də rayonlar kadrların yetişdirilməsi məsələsinə də baxmalıdırlar.

Digər tərəfdən, rayon çərçivəsində bu məsələnin həlli üçün siyasi iradə və siyasi mühit olmalıdır. Yəni sahibkar əmin olmalıdır ki, onun fəaliyyətinə heç bir kənar müdaxilə, yerli orqanlar tərəfindən hasısa sıxışdırılmalar olmayacaq.  Ona görə də icra başçıları qarşısında duran vəzifələrdən biri də rayonlarda korrupsiya ilə məşğul olan ünsürlərin tamamilə aradan götürülməsi məsələsidir. Bu baş verərsə, kənar sahibkarlar rayonlara sərmayə cəlb etməkdə maraqlı olacaq”.

Prosesdə dönüşə nail olmaq üçün ekspert rayonlarda investisiya imkanlarının dərindən arıadırılmasını da vacib bildi: “Növbəti addımlardan biri kimi, günümüzün iqtisadi rəqabət tələblərinə uyğun rayonlardakı investisiya imkanları da dərindən araşdırılmalıdır. Habelə, rayonların özlərində fəaliyyət göstərən sahibkarlar üçün də geniş şərait yaradılmalıdır ki, onlar sərbəst fəaliyyət göstərə bilsinlər.

Bütün bunların sonunda rayonların inkişafı istiqamətində yeni-yeni layihələr hazırlanmalıdır.  Rayon icra başçıları bu istiqamətdə verilən tapşırıqları layiqincə yerinə yetirə bilsələr, sözsüz ki, mərkəzi büdcədən dotasiya alan bölgələrin sayı xeyli dərəcədə azalacaq. Ölkə başçısı bu istiqamətdə iradəsini göstərib. Yerlərə təyin olunan şəxslərin  bu istiqamətdə uğur qazanmaları isə öz bilik, bacarıq və iradələrini nə dərəcədə ortaya qoya bilmələrindən asılı olacaq”.

Rüfət NADİROĞLU 

 

Sizin Reklam Yeriniz