Əlaqə Arxiv
news Image
2019.11.21
09:35
| A A A
Azərbaycan vətəndaşları Türkiyədə mənzil alışını artırır
Nüsrət İbrahimov: “Xaricdə daşınmaz əmlak alışının artmasının Azərbaycanda daşınmaz əmlak bazarına dolayı təsiri olur” Elnur Azadov: “Xaricdə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları üçün Türkiyə ən əlverişli ölkədir”`

Azərbaycan vətəndaşları xaricdə daha çox daşınmaz əmlakı Türkiyədə alır. Son illərdə bu ölkədən alınan daşınmaz əmlakların sayında artım müşahidə edilir. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 obyekt çoxdur.Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanının məlumatına əsasən, Azərbaycan vətəndaşları oktyabr ayında 125 daşınmaz əmlak əldə edib.

Oktyabr ayında Türkiyədə 142,8 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin oktyabrı ilə müqayisədə 15,4 faiz azdır. Qeyd edilən ayda Türkiyədə əcnəbi vətəndaşlara 4 272 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin oktyabrı ilə müqayisədə 31,9 faiz azdır.

Ötən illərlər müqayisə apardıqda görürük ki, Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alışını artırır. 2016-cı ildə 610 ədəd daşınmaz əmlak alındığı halda 2017-ci ildə 742 ədəd, 2018-ci ildə 1250 ədəd daşınmaz əmlak alınıb. Statistika göstərir ki, ötən il Türkiyədə daşınmaz əmlak alışı 2016-cı ildən bəri 2 dəfədən çox artıb. 2014-cü ilə qədər Azərbaycan vətəndaşları ölkədaxilində daşınmaz əmlak bazarına sərmayə qoyuluşuna daha çox üstünlük verirdilər. Amma son illərdə xarici ölkələrə, xüsusən də Türkiyənin daşınmaz əmlak bazarına sərmayə qoyuluşunun artması müşahidə edilir. Türkiyədə mövcud olan minimum qiymətlərlə hesabladıqda Azərbaycan vətəndaşlarının daşınmaz əmlak alışına xərclədiyi vəsait bir neçə on milyon dollarla ifadə edilə bilər. Bəs, hər il Türkiyə daşınmaz əmlak bazarına böyük vəsaitin axmasına səbəb nədir və bu daxili bazrda əmlak alqı-satqısı intensivliyinə necə təsir edir? 

"MBA LTD" Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov hesab edir ki, xaricdə daşınmaz əmlak alışının artmasının Azərbaycanda daşınmaz əmlak bazarına dolayı yolla neqativ təsiri olur. Onun fikrincə, vətəndaşlarımızın xaricdə daşınmaz əmlaka sərmayə qoyuluşunu artırması daxildə tələbdəki artımı zəiflədə bilər: “O zaman xaricdə daşınmaz əmlaka sərmayə qoyulur ki, daxildə bazar doymuş olsun. Həmin şəxslər daxildə kifayət qədər investisiya qoyub və öz maliyyə vəsaitlərini risklərdən azad etmək üçün bazarları şaxələndirir. Bu məqsədlə də xaricdə, xüsusən də Azərbaycana yaxın olan Türkiyədə daşınmaz əmlak alışı artır. Xaricə vəsait yönəldilməsi daxili bazarda tələbin səviyyəsinə təsir göstərir, tələbin daha da güclənməsinin qarşısını alır. Bu da bazara müəyyən qədər neqativ təsir imkanına sahibdir”.

N.İbrahimov dedi ki, Türkiyənin daşınmaz əmlak bazarına Azərbaycan vətəndaşlarının marağının artmasının bir neçə səbəbi var. Onun sözlərinə görə qiymətlərin əlverişli olması əsas səbəblərdən deyil: “Birinci əsas səbəb Azərbaycan iş adamlarının bizneslərinin bir hissəsinin Türkiyəyə köçürülməsi ilə bağlıdır. Biznesin bir hissəsi Türkiyəyə köçürüldüyünə görə orada işləmək, müvəqqəti yaşamaq üçün mənzil və digər daşınmaz əmlak alınır.

İkinci əsas səbəb Azərbaycan vətəndaşlarının Türkiyədə təhsil almasıdır. İmkanlı ailələr Türkiyədə təhsil alan övladlarının yaşaması üçün orada mənzil alır.

Üçüncü mühüm səbəb Türkiyədə daşınmaz əmlak alqı-satqının asan olmasıdır. Türkiyə bu cəhətdən hətta Avropa ölkələrindən də üstündür. Əksər ölkələrdə mövcud olan qaydalara əsasən əcnəbi vətəndaşlar torpaq sahəsindən başqa digər daşınmaz əmlaklar ala bilərlər. Qanunlara əsasən əcnəbilər torpağa mülkiyyətçi ola bilməz, yalnız torpaqdan istifadə edə bilər. Türkiyədə torpaqla bağlı belə bir məhdudiyyət yoxdur. Ona görə də Türkiyədə daşınmaz əmlak alışı, bu bazara xarici sərmayə qoyuluşu xeyli dərəcədə artıb”.

Ekspert hesab edir ki, Azərbaycanda əhali sayında və əhalinin gəlirində artım davam etdikcə, insanların tələbatı genişləndikcə xaricdən, o cümlədən də Türkiyədən daşınmaz əmlak alışı artacaq.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadovun qənaətincə, Türkiyədə daşınmaz əmlak alışının artması ölkəmizdə daşınmaz əmlak qiymətlərinə təsiri var. Amma o, son dövrlərdə qiymətlərdə müşahidə edilən durğunluğun Türkiyə amili ilə bağlı olmadığını düşünür.

E.Azadov bildirdi ki, yüksək gəlirli insanlar daxildə mənzil almaqla bərabər xaricdə də daşınmaz əmlak almağı məqbul hesab edirlər. O dedi ki, həmin insanlar müxtəlif təyinatlı, bir neçə daşınmaz əmlak alır.

E.Azadovin fikrincə, xaricdə daşınmaz əmlak almaq istəyən Azərbaycan vətəndaşları üçün Türkiyə ən əlverişli ölkədir: “Türkiyə dil, mədəniyyət, məsafə baxımdan bizə yaxın olan ölkədir. Buradan ev alanlar çalışır ki, uşaqları Türkiyə təhsil alanda yaşamağa rahat yeri olsun. Bundan başqa, turizmin inkişaf etdiyi rayonlarda, şəhərlərdə mənzil almağa çalışırlar ki, bundan gəlir əldə etsinlər. Turist axını olan zonalarda mənzillərin kirayəsi daimi olur”.

Ekspert hesab edir ki, Türkiyədə mənzil alışının artmasının bir səbəbi də qardaş ölkədə daşınmaz əmlakla bağlı xidmətlərin yüksək səviyyədə təşkil edilməsidir. Onun məlumatına əsasən, Türkiyədə mənzillərin satışı ilə peşəkar əmlak şirkətləri məşğul olur. Bu amil satış göstəricilərinin artmasına kömək edir. E.Azadov dedi ki, Türkiyədə əmlak şirkətləri yalnız satışla məşğul olmur, onlar həm də alınan mənzilin idarə edilməsini də həyata keçirir. Belə ki, həmin mənzillərin zərurət yarandıqda cari təmiri təşkil olunur, mənzillər boş qalmır, daim kirəyədə qalmaq üçün müştərisi olur.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz