Əlaqə Arxiv
news Image
2019.11.21
09:58
| A A A
İaşə xidmətlərində ikili qiymət turizmin inkişafına сiddi zərər vurur
Kənan Quluzadə: “Turistlərə ictimai iaşə yerlərində xidmətlərdən istifadə edən zaman öncə qiymətlərlə tanış olmalarını tövsiyə edirik” Müzəffər Ağakərimov: “İctimai iaşə qiymətlərinin əlverişli olması üçün maarifləndirmə işləri aparılmalıdır”

Turizmin inkişafında mühüm amillərdən biri də ictimai iaşə xidmətlərinin keyfiyyətli təşkilinə nail olmaqdır. Son illərdə iaşə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində ciddi dəyişikliklərə nail olunsa da hələ də bu sahədə müəyyən çatışmamazlıqlar qalır. Əsas çatışmamazlıqlardan biri qiymət siyasəti ilə bağlıdır.

Yerli və xarici turistlərin daha çox restoranlarda qiymətlərin yüksək olmasından, yerli və əcnəbi vətəndaşlar üçün fərqli, ikili menyudan istifadə olunmasından şikayətlənirlər. Restoranlarda əcnəbilər üçün fərqli qiymətlərin olması restoran biznesinə zidd olsa da bir çox iaşə obyektlərində bu təcrübədən istifadə edilir. Bu da nəticə etibarilə ölkəmizdə turizmin bahalı olmasına dair fikri formalaşdırır. Qiymətlərin yüksək olması, ikili menyudan istifadə uzun müddətdir ki, var və hələ də həllini tapmır. Bəs, bu məsələ hansı formada həllini tapmalıdır?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə

Qiymət siyasətinə Agentliyin müdaxilə etmək səlahiyyətinin olmadığını dedi. Amma o həm daxili, həm də xarici turislərə ictimai iaşə yerlərində xidmətlərdən istifadə edən zaman menyu tələb etmələrini, öncə qiymətlərlə tanış olmalarını tövsiyə etdiklərini bildirdi.

K.Quluzadə söylədi ki, turizmin inkişafına ictimai iaşə xidmətlərinin vəziyyətinin təsiri olur: “Əsas vəzifələrimizdən biri Azərbaycana gələn turislərin məmnun yola salınmasıdır. Məmnunluğu təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərilməlidir. Qiymətlər xidmətlərin səviyyəsinə yox, çeşidinə təsir edə bilər. Elə müəssisələr olur ki, burada turistlər aldadılır, ikili menyudan istifadə olunur. Bu kimi məsələrləri digər dövlət qurumları tənzimləyir”. 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov dedi ki, ictimai iaşə xidmətlərinin keyfiyyəti turizmin inkişafında mühüm amillərdən biridir. Onun fikrincə, iaşə xidmətlərinin yüksək səviyyədə olmasına sanitar-gigiyenik normalar, menyu zənginliyi, eləcə də qiymət siyasəti təsir göstərir. M.Ağakərimov bildirdi ki, bəzi yerlərdə, xüsusən də regionlarda bu sahədə vəziyyət qənaətbəxş deyil: “Həm daxili turistlər, həm də xarici turislər məhz xidmətlərin baha olmasından şikayətlənirlər. İctimai iaşə xidmətlərinin yaxşılaşdırılması, qiymətlərin əlverişli olması üçün turizm sahəsi üzrə fəaliyyət göstərən assosasiyalalar, birliklər maarifləndirmə işlərini aparmalıdırlar. Maarifləndirmə işləri düzgün aparılarsa ictimai iaşə xidməti göstərən sahibkarlarda da işlərini düzgün qurmaq həvəsi yaranar. Onlar bilməlidirlər ki, işlərini düzgün qurmaqla rəqabət nəticəsində daha çox gəlir əldə edə bilərlər. Çox təəssüf ki, bu barədə dərindən fikirləşmirlər. Onlar ancaq cari gəlirlərini fikirləşirlər. Düşünmürlər ki, işlərini keyfiyyətli qurmaqla, qiymətləri xidmətlərə uyğun müəyyən etməklə gələcəkdə daha çox müştəri cəlb edib, daha çox qazana bilərlər. Bir sıra hallarda xarici və yerli turistlər iaşə obyektlərini özləri seçmir. Hansı iaşə obyektində yemək yeməyi turizm turlarını təşkil edən şirkətlər tövsiyə edir. Qiymətlər şişirdilmiş olanda şirkətlər həmin iaşə obyektlərinə turist aparmır. Bu da iaşə obyektini işlədənin zərərinə olur. Qiymətləri şişirdən iaşə müəssisələrinin sayı çoxdur. Əgər onlar öz nüfuzlarını qaldırmaq istəyirlərsə, daha çox müştəri cəlb etməyi düşünürlərsə qidaların keyfiyyətinə diqqət yetirməli, qiymətlər münasib olmalıdır.

Mən arzu edirəm ki, şəhərin mərkəzində daha çox milli mətbəxdən istifadə edən obyektlər olsun. Onlar milli mətbəximizin yeməklərindən yeməklə, milli şərablarımızdan istifadə etməklə həm mətbəx turizmi inkişaf edər, həm də Azərbaycanın nə qədər varlı-zəngin ölkə olduğu haqqında təəsürrat yaradarlar.

İlk növbədə təbliğ-təşviq və maarifləndirmə işləri aparılmalıdır. Bu barədə kütləvi informasiya vasitəsində çıxışlar edilməlidir”.

M.Ağakərimov ikili menyudan istifadə hallarına qarşı ciddi tədbirlərin görülməsinin vacib olduğu qənaətindədir: “Bununla istehlakçıların hüquqlarını müdafiə edən dövlət qurumları məşğul olmalıdır. İkili menyudan istifadə edən, yüksək qiymətlər təklif edən restoran işlədənlər ölkəmizə çox ziyan vurur, ölkəmizin turizm imicini zədələyir. Turistlərdə belə qənaət yaranır ki, Azərbaycanda xidmətlər bahadır və başqa ölkələrə getmək lazımdır. Bu barədə maarifləndirmə işləri aparılmalıdır. Dəfələrlə bu barədə danışırıq. Demək, bununla ciddi məşğul olmaq lazımdır. Restoranlara qarşı müəyyən tədbirlər görülməli, belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda ictimaiyyətə ətraflı məlumat verilməlidir”.

Qeyd edək ki, ictimai iaşə müəssisələrinə qida məhsullarının istehsalı, satışı və istehlakının təşkili üzrə fəaliyyət göstərən müəssisələr aid edilir. Normativ sənədlərin tələblərinə əsasən bu müəssisələr restoran, bar, kafe, yeməkxana və s. daxil olmaqla müxtəlif növlər üzrə təsnifləşdirilir. Mövcud qanunvericiliyə əsasən, ictimai iaşə müəssisələrində xidmət, normativ-hüquqi aktların və sənədlərin tələblərinə uyğun təşkil edilməli və bir sıra tələblərə cavab verməlidirlər.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ictimai iaşə müəssisələrində müştərilərə təqdim olunan məhsullar və göstərilən xidmətlər barədə dolğun və düzgün məlumat verilməsi məqsədilə obyektdə onun mülkiyyətçisi və ya rəhbəri tərəfindən təsdiq edilmiş menyu və çeşid siyahısı olmalıdır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz