Əlaqə Arxiv
news Image
2019.11.21
09:21
| A A A
ABŞ dolları zəiflətmək istəyir
Fuad İbrahimov: “ Hazırda manat ən optimal səviyyədədir, artıq bazar ona uyğunlaşıb”

ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb ki, Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini xarici ölkələrdən aşağı səviyyəyə endirməlidir.  “Cerom Pauellə görüşərkən bizdəki təməl faiz dərəcəsinin bizə rəqib olan başqa ölkələrdəki ilə müqayisədə çox yüksək olmasına etirazımı bildirdim. Əslində, bizdəki faiz dərəcəsi qalanlardakından aşağı olmalıdır. Çox güclü dollar istehsalçılara və artıma ziyandır!”

Qeyd edək ki, Tramp artıq xeyli müddətdir bu məsələni gündəmə gətirir. Hətta bununla bağlı olaraq ABŞ Prezidenti FED-i daim tənqid edir.

İqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, ABŞ-ın dolları ucuzlaşdırmaq niyyətinin hansı nəticələr verəcəyini gələcək göstərəcək: “ABŞ Prezidentinin FED-i faiz dərəcəsini xarici ölkələrdən aşağı səviyyəyə endirməyə səsləməsinin əsas səbəbi odur ki, dollar ərazisinin cazibədarlığı artsın.

Hazırda BRİKC ölkələri vahid iqtisadi zona yaratmaq istəyir. Bu qrupa Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çin kimi dövlətlər daxildir. Paralel olaraq ABŞ-la Çin arasında ticarət dartışmaları gedir. Bununla yanaşı, MDB ərazisində azad iqtisadi zona üzvləri arasında vahid valyutanın tətbiqi məsələsi gündəmə gətirilib.  Digər tərəfdən, Avropa Birliyi də onlarla birlikdə dollar bazarına münasibətdə rəqabət qismində çıxış edirlər. Bu nöqteyi-nəzərdən

ABŞ Prezidentinin uçot dərəcəsilə bağlı yüritmək istədiyi bu siyasəti sadəcə olaraq, dünya bazarlarında dolların cazibədar valyuta kimi saxlanılması, hər kəsin ticarət dövriyyəsi və sövdələşməsində, habelə digər biznes əməliyyatlarında həmin valyutanın şərti etalon valyuta kimi qalmasına şərait yaratmağa nail olmağa hesablanmış bir addımdır. Trampın istəyinin reallaşması fonunda onun dünya bazarlarına təsirinə gəldikdə, görünən odur ki, indiki halda ABŞ-ın apardığı siyasət gizli deyil. Dünya maliyyə siyasətində institusional səviyyədə istənilən halda qanuni təsiredəci alətdir və ondan da lazım gəldikcə istifadə edirlər. Bu, sağlam rəqabət mühitidir. Görünür, bu fonda digər tərəflər də hansısa başqa varianta əl atacaq. Bu addımların nədən ibarət olacağını isə konkret zaman çərçivəsində izləyə biləcəyik”.

Prosesin manata təsirinə gəldikdə, həmsöhbətimiz milli valyutanın bütün hallarda hazırkı mövqeyini qoruyub saxlayacağını söylədi: “Manata nisbətdə dolların ucot dərəcəsinin aşağı endirilməsinin heç bir təsiri olmayacaq. Manatın məzənnəsi hazırda daha çox adminstrativ idarəetmə üsulu ilə idarə olunur. Ona görə də sözügedən prosesin baş verməsi fonunda belə onun manatın məzənnəsinə elə bir təzyiqi olmayacaq.

Bununla yanaşı, istənilən dünya valyutasına təsir edən amillət toplusu var. Bu amillər toplusu da indilikdə manatın xeyrinədir. Yəni hazırda manatın ucuzlaşması kimi hər hansı bir təhlükə görünmür. Bu yoxdur. Manatın möhkəmləndirilməsinə gəldikdə, ölkəmizin maliyyə sektorunun buna da gedəcəyinə inanmıram. Çünki hazırda manat ən optimal səviyyədədir, artıq bazar ona uyğunlaşıb. Bu mənada FED-in Trampın istəyinə uyğun faiz dərəcəsini xarici ölkələrdən aşağı səviyyəyə endirməsi fonunda belə ölkəmizin həmin müstəvidə hansısa bir təlatüm yaşayacağını düşünmürəm”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz