Əlaqə Arxiv
news Image
2019.11.22
10:26
| A A A
Çin Azərbaycana daha çox investisiya qoyacaq
Ölkəmizdə yaradılan əlverişli iqtisadi mühit Çin şirkətlərinin də marağını artırır

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması, ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağında yerləşməsi, xarici bazarlara çıxış imkanlarının yaxşı olması xarici investorlarda ölkəmizin iqtisadiyyatına marağı bir qədər də artırıb. Bunun nəticəsidir ki, ənənəvi xarici investorlarla bərabər digər ölkələrin sərmayədarı da müxtəlif sahələrə investisiya qoymaq üçün maraqlarını ifadə edirlər.

Ənənəvi olmayan investorlar arasında Çinin daha aktiv davranış nümayiş etdirdiyini görürük. Xüsusən qeyri-neft sektoruna, o cümlədən emal sənayesinə Çin şirkətlərinin marağının artması müşahidə edilir. İnvestisiya marağının artmasını Çin şirkətlərinin Azərbaycana işgüzar səfərlərinin sayının artmasında, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsinin genişlənməsində görmək olar.

Çinin Azərbaycana investisiya marağının artmasını Baş nazirinin müavini Sahin Mustafayev "Global Times" qəzetinə müsahibəsində da qeyd edib. Nazir deyib ki,

Çin şirkətlərinin Azərbaycan məhsullarına və ölkəyə investisiya qoymaq istəkləri ilə bağlı daha çox maraqlarının yarandığını görürük. Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ona Azərbaycan-Çin iqtisadi əlaqələrini təşviq etməyi, bu sahədə fəaliyyəti bir qədər də gücləndirməyi həvalə edib. Nazir bu istiqamətdə fəaliyyəti zamanı iki ölkənin iqtisadi potensialına əsaslanacağını söyləyib: “İqtisadiyyat və ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, rabitə və texnologiya sahələrində əməkdaşlığı daha da irəli aparmaq üçün iki dövlət başçısının siyasi iradəsinə, iki xalq arasındakı dostluq və xoş münasibətə əsaslanacam”.

Çinin Azərbaycana sərmayə qoyuluşunda son illərdə artım müşahidə edilir. 2000-2017-ci illərdə Çin ölkəmizə 95 milyon dollara yaxın birbaşa sərmayə qoyduğu halda, son iki ildə investisiya qoyuluşunu bir qədər də artırıb. 2019-cu ilin yanvarına aid olan məlumata əsasən Çin sərmayəsinin həcmi 800 milyon dolları ötüb. Qarşıdakı illərdə Çin sərmayəsində daha böyük artım olacaq. Yalnız bir faktı xatırladaq ki, Azərbaycanda inşaasına başlanılacaq və ümumi dəyəri 300 milyon dollardan artıq olacaq avtomobil şini istehsalı müəssisəsinin də əsas sərmayədarı Çin şirkətidir.

Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan ölkə ilə iqtisadi əlaqələrin artmasını xarici ticarət əməliyyatlarındakı artım da təsdiqləyir. Azərbaycan bu ölkəyə 2015-ci ildə 53 milyon dollarlıq ixrac həyata keçirmişdi. 2018-ci ildə ixrac göstəricisi 113,5 milyon dollara yüksəlib. 2019-cu ilin yanvar-oktyabr dövründə isə Çinə ixrac 710 milyon dollara çatıb. Azərbaycan Çindən 2015-ci 512 milyon dollarlıq, 2018-ci ildə 1,19 milyard dollarlıq məhsul idxal edib. 2019-cu ilin yanvar-oktyabrında idxalın həcmi 1,078 milyard dollar təşkil edib. Məlumatların müqayisəsi göstərir ki, 2015-ci ildən sonra Çinlə Azərbaycan arasında ticarət əlaqələrində sürətli artım var. Yalnız bu ilin ilk 10 ayında qeydə alınan ticarət dövriyyəsi 2015-ci ildəki göstəricidən 2,86 dəfə çoxdur.

Sadalana faktlar və investisiya qoyuluşunun artması Çinin Azərbaycan iqtisadiyyatına marağının artmasının göstəricisidir. Bu hal Azərbaycanın qeyri-neft sektorunda, daha çox isə sənaye sahələrində inkişaf tempini gücləndirəcəyi şəksizdir. Gələcəkdə biz Azərbaycana xarici mənbələrdən qoyulan investisiyalar arasında Çinin ön sırada olacağını proqnozlaşdıra bilərik.

Ümumiyyətlə xarici investisiyaların cəlb edilməsi üçün xarici investorların ölkə və onun gözlənilən inkişaf perspektivləri haqqında, ölkədə biznes və investisiya mühiti, bu mühitdə baş verən dəyişikliklər barəsində kifayət qədər məlumatı olmalıdır. Eyni zamanda investorları sərmayə qoymağa həvəsləndirmək üçün ölkənin iqtisadi cəlbediciliyi əlverişli olmalıdır. Hər bir investor öz fəaliyyət prinsiplərinə uyğun olaraq bu cəlbediciliyi qiymətləndirir. Ölkənin təbii resurslara malik olması, təyinat ölkəsində bazarın miqyası və əlçatanlığı, daxili bazarda firmanın strateji aktivlərə sahib olması və istehsalın səmərəliliyinin yüksəldilməsi hesabına xərclərə qənaət imkanları investorların daha çox diqqət ayırdığı cəhətlərdir. İnvestisiya tipindən asılı olaraq investorlar təyinat ölkəsindəki hökumətin siyasi qərarlarına və ölkədəki ümumi investisiya mühitinə fərqli reaksiyalar göstərirlər. Təbii ehtiyatlara və strateji aktivlərə sərmayə qoyan investorlar investisiya mühitində baş verən dəyişikliklərə çox da həssas olmurlar. Xərclərə qənaət motivindən çıxış edən investorlar isə onların məsrəflərini artıra biləcək yaxud sərbəst mübadiləyə maneələr yaradacaq hər cür dəyişikliklərə çox həssas olurlar. Emal sənayesi və digər istehsal sahələri məhz xərclərə qənaət və bazarların miqyası baxımından investorlar üçün maraq doğura biləcək sahələrə aiddir.

Azərbaycanda da investisiya mühitinin cəlbediciliyinin artırılması məqsədilə hökumət çox ciddi islahatlar həyata keçirir və bu proses hələ də davam edir. 2015-ci ilin ortalarından etibarən Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması (lisenziya və icazələrin azaldılması, prosedurların asanlaşdırılması və s.), sahibkarlıq sahəsində olan yoxlamaların 2021-ci ilədək olan müddətə qismən dayandırılması, investisiyaların təşviq edilməsi (məsələn, “investisiya təşviqi sənədi”nin tətbiqi və həmin sənədi alanlara 7 il müddətinə vergi güzəştlərinin verilməsi, habelə layihə çərçivəsində idxal olunan texnika və texnologiyanın ƏDV və rüsumdan azad edilməsi), sənaye parklarının yaradılması, yerli istehsalın himayə edilməsi və daxili bazarın qorunması, qeyri-neft ixracının stimullaşdırılması (ixrac təşviqinin tətbiqi, xarici ölkələrdə ixrac missiyalarının təşkili və ticarət evlərinin açılması və s.), idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiqi, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması və s. kimi çox sayda qərarlar qəbul edilib və tədbirlər həyata keçirilib. Bunlar Azərbaycanın qeyri-neft sektoru üzrə investisiya cəlbediciliyini xeyli dərəcədə artırıb. Mövcud əlverişli şərtlər Çin şirkətlərinin də diqqətindən yayınmır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz