Əlaqə Arxiv
news Image
2019.11.22
10:33
| A A A
Vətəndaşlar əmanətlərini banklara uzunmüddətli dövr üçün etibar etmir
Natiq Cəfərli: “Qısamüddətli əmanətlərin həcminin artması bankların işini çətinləşdirir”

2016-cı ildən başlayaraq Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmində artım müşahidə edilir. Bu müsbət dinamika təssüflər olsun ki, əmanətlərin strukturunda müşahidə olunmur. Belə ki, 2016-2019-cu illərdə banklarda yerləşdirilən uzunmüddətli əmanətlərin həcmi azalıb, əvəzində qısamüddətli əmanətlərin həcmi artıb.

Qısamüddətli əmanətlərin həcminin artması onunla nəticələnib ki, ümumi əmanətlərdə onların payı xeyli yüksəlib. Mərkəzi Bankın məlumatına əsasən, 2016-cı ilin sonunda banklarda 7,45 milyard manat dəyərində əmanət var idi. Həmin tarxidə olan əmanətlərin 4,967 milyard manatı, yəni 66,67 faizi qısa müddətə qoyulmuşdu. 2018-ci ilin sonunda əmanətlərin həcmi 8,375 milyard manat, qısamüddətli əmanətlərin həcmi 6 milyard manat, qısamüddətli əmanətlərdə payı isə 71,6 faiz oldu. 2019-cu ilin oktyabrın 1-nə olan məlumata görə banklarda əhalinin əmanətlərinin həcmi 8,6 milyard manatı ötüb. Əmanətlərin 6,46 milyard manatı qısa müddətə qoyulub ki, bu da cəmi əmanətlərin 75,1 faizi deməkdir.

Müqayisə üçün bildirək ki, 2014-cü ildə qısamüddətli əmanətlərin payı 60 faiz təşkil edirdi. Həmin dövrlə müqayisədə indi qısamüddətli əmanətlərin payı 25 faiz bəndi, 2016-cı ilə nisbətən isə 8,4 faiz bəndi artıb.  Qısamüddətli əmanət dedikdə 1 ilə qədər olan müddətə qoyulan əmanətlər nəzərdə tutulur.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, banklarda əmanət qoyuluşunun artmasında manatla əmanətlərin həcminin artmasının böyük rolu olub. O qeyd etdi ki, devalvasiyadan sonra xarici valyutada olan əmanətlərin həcmi azaldığı halda, manatla yerləşdirilən əmanətlərin həcmi artıb. Ekspert bildirdi ki, 2016-cı ildən indiyə qədər xarici valyutada olan əmanətlər 20 faizə yaxın azalıb, amma manatla olan əmanətlərin həcmi 2,5 dəfədən çox artıb.

Onun fikrincə, manatla əmanətlərin həcminin artmasının əsas səbəbi 2017-ci ilin martından indiyə qədər manatın məzənnəsinin sabit qalmasıdır. N.Cəfərli dedi ki, bu amil manatla yığımlara müsbət təsir edib. Ekspert müsbət dinamikaya baxmayaraq hələ də insanlarda dollar/manat kursunun yüksələcəyinə dair narahatçılığın qaldığını da dedi. O hesab edir ki, bu hal insanlarda yığım edən zaman qısamüddətli əmanətlərə üstünlük verməyə səbəb olur: “Vəsaitlərin qısa müddətə yerləşdirilməsi ondan xəbər verir ki, əmanətçilər qarşıdakı 2-3 ildə nəyin baş verəcəyini proqnozlaşdıra bilmir. Eyni zamanda dollar/manat kursunun yenidən yüksələcəyindən ehtiyat edirlər. Bu psixoloji hal əmanətlərin qısamüddətə qoyulmasına səbəb olur.

İnsanların qısamüddətli əmanət qoyması heç də onun daha tez götürmək istəyi ilə bağlı deyil. Qısamüddətli əmanət qoyuluşu əmanətçiyə vəziyyəti yenidən dəyərləndirmək imkanı verir. Onlar bir ildən sonra vəziyyətin dəyişmədiyini görüb yenidən öz pulunu banka qoyur. Amma yenə də bir il müddətinə yerləşdirirlər”.

N.Cəfərli düşünür ki, qısamüddətli əmanətlərin həcminin artması bankların işini çətinləşdirir: “Qısamüddətli əmanətlər artdıqca banklar kreditləri də qısa müddətə verməyə məcbur qalırlar. Bu vəziyyət son illərdə qısa müddətə ayrılan istehlak kreditlərinin həcminin artmasına gətirib çıxarıb. İstehlak kreditlərinin həcminin artması ölkə başçısı tərəfindən də tənqid edilib. Qısamüddətli istehlak kreditlərinin artması risklərin idarə edilməsini çətinləşdirir. Məlumatların təhlili göstərir ki, qısamüddətli istehlak kreditlərinin həcminin artması məhz əmanətlərin strukturundan qaynaqlanır.”

Ekspert söylədi ki, uzunmüddətli əmanətlərin həcminin artması üçün bank sisteminə inam bir qədər də artırılmalıdır və manatın kursu ilə bağlı narahatçılıq aradan qaldırılmalıdır: “Neftin qiymətinin 60 dollar səviyyəsində olması narahatçılığı artırır. Bir çox insan düşünür ki, neftin qiyməti yenidən düşə bilər və bu, dollar/manat məzənnəsinə neqativ təsir edər. İnsanlar son illərdə bu kimi məsələlərə daha həssas yanaşırlar. Belə narahatçılıqlar uzunmüddətli dövrdə banklarda əmanət qoyuluşunu çətinləşdirir. Buna görə də insanlar bir müqavilə ilə əmanəti 3-5 il müddətinə yerləşdirməkdə maraqlı deyil. Onlar daha çox hər il müqaviləni yeniləməklə əmanəti daha uzun müddət saxlamağı düşünür.”

N.Cəfərli son ilyarımda əmanət faizlərində kəskin azalmanın da əmanətlərin müddətinə təsir etdiyini vurğuladı. O qeyd etdi ki, hazırda bankların özü də 3-5 il müddətinə əmanət cəlb etməkdə maraqlı deyil: “Çünki faizlərdə aşağı yönlü dəyişiklik baş verir. Buna görə hər bank cari faizləri əsas götürüb 3-5 il müddətinə əmanət müqaviləsi təklif etmək istəmir. Eyni zamanda bir il müddətinə qoyulan faizlərlə 3 il müddətinə qoyulan faizlər arasında fərq azdır. Bu amil də insanlarda qısamüddətli əmanətlərə marağı bir qədər artırıb.”

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz