Əlaqə Arxiv
news Image
2019.12.03
09:49
| A A A
TANAP Azərbaycana milyardlar qazandıracaq
Zəfər Vəliyev: “Gələcəkdə Azərbaycanın Avropaya daha böyük həcmdə qaz sata bilməsi üçün TANAP əvəzsiz vasitə olacaq”

Ötən həftə Trans-Anadolu Qaz Kəmərinin (TANAP) ikinci fazası istifadəyə verilib. Bununla da Azərbaycanın ixrac etdiyi təbii qaz Türkiyə ilə Avropa sərhəddinə qədər gedib çıxıb. Mühüm regional layihə olan TANAP-ın tam işə salınması Azərbaycanın enerji siyasətinin uğuru hesab edilə bilər. Bu, kəmər Azərbaycana həm cari, həm də qarşıdakı dövrlərdə böyük iqtisadi dividentlər qazandıracaq.

Neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan TANAP-ın Avropa hissəsi ilə birləşməsi Azərbaycanın qaz ixracı tarixində çox böyük hadisədir. Eyni zamanda o düşünür ki, Azərbaycan Türkiyə ilə birgə TANAP-ı işə salmaqla Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və mənbələrin şaxələndirilməsində mühüm töhfə verdi.

Ekspert hesab edir ki, Cənub Qaz Dəhlizi və onun əsas hissəsi olan TANAP sadəcə bir ixrac kəməri yox, həm də böyük iqtisadi əməkdaşlıq müstəvisi olacaq: “Cənub Qaz Layihəsi sadəcə bir ixrac kəmərləri zincirinin yaradılmasından ibarət deyil. O, həm də əməkdaşlıq platformasıdır. Bu kəmərin imkanlarından digər qaz ixrac edən ölkələr də istifadə edə bilər. O cümlədən Türkmənistan, ABŞ-la siyasi münasibətlərində normallaşma yaranarsa İran və hətta İraq da qaz ixrac vasitələrindən faydalana bilər.

Bu layihənin reallaşması perspektiv baxımından da əhəmiyyətlidir. Gələcəkdə Azərbaycanın neft ixracından gəlirlərində azalma olacaq. Məhz belə bir dövrdə qaz hasilatının və ixracının artması böyük əhəmiyyət kəsb edir. Qaz ixracının artması neft gəlirlərinin azalmasını artıqlaması ilə əvəz edəcək”.

Z.Vəliyev söylədi ki, gələcəkdə Azərbaycanın Avropaya daha böyük həcmdə və təhlükəsiz qaz sata bilməsi üçün TANAP, Cənub Qaz Dəhlizi əvəzsiz vasitə olacaq: “Avropada qaza tələb yüksəlməkdə davam edəcək ki, bu da Azərbaycandan daha çox qazın ixracına şərait yaradacaq. Ötən il Avropanın qaza olan illik tələbatı 548 milyard kub metr olub. Bunun 349 milyard kub metri idxal edilib. Qalan 199 milyard kub metr isə yerli istehsal hesabına təmin edilib. Növbəti illərdə Avropada qaza tələb 600 milyard kub metri ötəcək. Avropada hesab edirlər ki, yanacaq növləri arasında atmosferə ən az zərərli maddələr təbii qazın yanmasından sonra atılır. Buna görə də qarşıdakı illərdə nüvə və daş kömür yanacaq növlərindən istifadə həcmi azalacaq, əvəzində təbii qazdan istifadə artacaq.

Belə bir vəziyyətdə Avropada ildən-ilə yerli qaz hasilatı azalır. Bu proses həm Şimal dənizində, həm də Niderlanda gedir. Bir neçə ildən sonra Niderland qaz hasilatını kəskin şəkildə aşağı salacaq. Bu o deməkdir ki, Avropa yaxın illərdə kənardan daha çox qaz almağa başlayacaq”.

Z.Vəliyev dedi ki, ölkəmiz eyni zamanda payçı kimi kəmərin özünün istismarı ilə bağlı əlavə gəlirlər qazanacaq. O bildirdi ki, Cənub Qaz Dəhlizinin tam işə salınması Azərbaycana hər il bir neçə milyard dollar gəlir gətirəcək.

Qeyd edək ki, 2025-ci ilədək Azərbaycanın ümumi qaz ixrac potensialı 40 milyard kubmetr həcminə çatdırılacağı gözlənilir. Bu qədər qazın böyük hissəsi məhz Cənub Qaz Dəhlizi vasitəsilə ixrac ediləcək.

Belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. Üç mühüm seqmentdən ibarət Cənub Qaz Dəhlizi məhz belə bir sistem olacaq. Birinci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan Cənubi Qafqaz Boru Kəməridir. Ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. Bu kəmərlə ötürücülük qabiliyyətini artırmaq imkanı var. İkinci seqment TANAP-dır. Bu, iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr planlaşdırılır. Sonradan bu göstəricinin 31 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti isə Trans-Adriatik (TAP) qaz boru kəməri təşkil edəcək. Bu il mayın 17-də təməlini qoyulan TAP kəməri Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq. Kəmərin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr olacaq. Cənub Qaz Dəhlizi sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin ilkin ötürücülük gücü artırıla bilər. Digər tərəfdən hazırda Avropada, xüsusilə də Balkan ölkələrində Cənub Qaz Dəhlizini istiqamət götürən əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi də nəzərdə tutulub. Bu Azərbaycanın maraqlarına uyğundur. Çünki Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir və biz hasilat həcmlərinin artırılması istiqamətində fəaliyyəti genişləndirilir.

Azərbaycanın əldə edəcəyi gəlirdən biri də payçı kimi ixrac kəmərlərindən olacaq. Bu layihələr dünya bazarlarında neftin və qazın qiymətlərindən asılı olaraq Azərbaycana 35-50 milyard ABŞ dolları həcmində gəlir gətirəcək. Yaınız TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən qazın nəql edilməsindən 1,45 milyard dollara qədər gəlir əldə ediləcək. Azərbaycan bu kəmərin 58 faiz payına sahib olduğundan gəlirin 841 milyon dolları hər il ölkəmizə çatacaq.

Kəmərlər zincirinin yaradılması Azərbaycanən daha böyük həcmdə qaz ixracına imkan yaradacaq. Müxtəlif qiymətləndirmələrə görə yalnız Avropa ilə bağlanılan müqavilələr üzrə qaz ixracından Azərbaycanın gəliri yekunda 200 milyard dollara yüksələcək.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz