Əlaqə Arxiv
news Image
2019.12.03
12:06
| A A A
Aqrar Tədarük və Təchizat Gəncə Regional İdarəsinin anbarında mediatur keçirib (FOTO)

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" (AAT) Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün "Açıq qapı" günü təşkil olunub.

Mövqe.az-ın məlumatına görə, məqsəd media işçilərini və ictimaiyyəti AAT-nin əsas vəzifəsi olan satınalan dövlət qurumlarının qida məhsulları ilə təchizatı prosesi və proses müddətində ərzaq təhlükəsizliyinin təminatının təşkili ilə tanış etmək olub.

Anbarda jurnalistlərə Gəncə Regional İdarəsinin iş prinsipi barədə məlumat verilib, onlar ərzaq məhsullarının saxlanma şəraiti və yük maşınlarına yüklənmə prosesi ilə yaxından tanış olublar.

Jurnalistlərin suallarını cavablandıran ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri və ətraf rayonlarda, ümumilikdə, 125 dövlət qurumunun ərzaq təchizatını həyata keçirdiyini bildirib.

"Gəncə Regional İdarəsi Gəncə şəhəri daxil olmaqla Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir. Bu qurumlar içərisində böyük üstünlüyü bağçalar təşkil edir. Belə ki, region üzrə 92 bağçanı qida məhsulları ilə təchiz edirik. Təchizat prosesi hər müəssisənin tələbnaməsinə uyğun olaraq ay ərzində iki dəfə 3 gün müddətində baş tutur və ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxxəssislər tərəfindən yoxlamadan keçirilir”, – deyə R.Kərimov qeyd edib.

Daha sonra isə jurnalistlər ATT tərəfindən ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq bağçasına baş çəkiblər. Onlar burada ərzaq məhsullarının təhvil-təslim prosesini izləyiblər. Jurnalistlərə açıqlama verən bağça müdiri Sahilə Hüseynova hazırda 33 adda qida məhsulu tədarük etdiklərini vurğulayıb.

"Bağçamız 2019-cu ildə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub. Bağçanın qida təchizatını ayda iki dəfə olmaqla "Aqrar Tədarük və Təchizat" ASC-nin Gəncə Regional İdarəsi həyata keçirir. İdarə bağçamızı qida təhlükəsizliyi standartlarına uyğun məhsullarla təchiz edir. Məhsulların çeşidi mövsümə uyğun olaraq dəyişə bilir. Biz məhsulları keyfiyyət sertifikatı ilə bərabər qəbul edirik. Hazırda bağçamızda 75 uşaq tədris alır və onlara gün ərzində üç dəfə yemək verilir", – deyə S.Hüseynova qeyd edib.

Jurnalistlərin növbəti baş çəkdikləri ünvan isə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası olub. Onlar burada da məhsulların təhvil-təslim prosesinə şahidlik ediblər. Xəstəxananın anbardarı Fəxrəddin Abbasov jurnalistlərə açıqlamasında xəstəxananın 15 adda məhsul tədarük etdiyini deyib.

Həmçinin F.Abbasov bildirib ki, sifariş etdikləri məhsullar ayda iki dəfə çatdırılır. Yağ və quş əti kimi məhsullar soyuducularda, digər məhsullar isə qapalı rəflərdə xüsusi şəraitdə saxlanılır. Xəstəxanada müalicə alan şəxslərə isə gündə üç dəfə yemək verilir.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC nizamnaməsindən irəli gələrək fermerlərdən və yerli qida məhsulları istehsalçılarından tədarük etdiyi məhsullarla müxtəlif satınalan dövlət qurumlarının və özəl təşkilatların ərzaq təchizatını həyata keçirir.

Sizin Reklam Yeriniz