Əlaqə Arxiv
news Image
2019.12.07
10:29
| A A A
Aqrar sahədə Türkiyə təcrübəsindən istifadə olunacaq

Qadir Baryamlı: “Türkiyə ilə kənd təsərrüfatı sahəsi üzrə əməkdaşlıq Azərbaycana fayda gətirə bilər”

Türkiyə Azərbaycanla qida, əkinçilik, heyvandarlıq, meşəçilik və su-meliorasiya sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Bu haqda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli deyib. Artıq bu sahə üzrə ciddi əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirən türkiyəli nazir kənd təsərrüfatı ekspertlərinin hazırlanmasında Türkiyənin ölkəmizə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Türkiyədə kənd təsərrüfatı sektoru böyük inkişaf yolu keçib. Türkiyədə nəinki bir çox məhsullarla özünü təmin edə bilir, həm də böyük həcmdə kənd təsərrüfatı məhsulu ixrac edir.

Türkiyə regionun və dünyanın ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkələrindən biridir. 2018-ci ildə Türkiyə 17,6 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bunun 15,11 milyard dolları bitki mənşəli, 2,5 milyard dolları heyvan mənşəli məhsullardır. Dünya üzrə hər il orta hesabla 1,8 trilyon dollarlıq kənd təsərrüfatı və qida məhsulları ixrac edilir. Türkiyənin bu ixracda payı 8-9 faiz səviyyəsindədir. Türkiyə kənd təsərrüfatı məhsulları ixracına görə ilk 30 ölkə sırasındadır və Avropada ən çox kənd təsərrüfatı məhsulu istehsal edən 2 ölkədən (Rusiya ilə birgə) biridir.

Türkiyənin bu nailiyyəti əldə etməsində mütəxəsis hazırlığının səviyyəsinin artırılmasının, aqrar sahədə yeni texnologiyaların tətbiqinin və keyfiyyətli kənd təsərrüfatı texnikasının istehsalının böyük rolu olub. İndi Türkiyə həm yeni texnologiyaların tətbiqi, həm kadr hazırlığı, həm də texniki vasitələrin istehsalı sahəsində qazandığı nailiyyətləri Azərbaycanla bölüşmək istəyir.

Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı hesab edir ki, Türkiyə ilə kənd təsərrüfatı sahəsi üzrə əməkdaşlıq Azərbaycana fayda gətirə bilər, ölkəmiz kənd təsərrüfatının inkişafı ilə bağlı mərhələləri daha sürətlə addımlaya bilər. Ekspert söylədi ki, ölkəmiz müasir kənd təsərrüfatı texnologiyasının tətbiqi və kənd təsərrüfatı texnikasının istehsalı baxımından geri qalır. Onun fikrincə, bunun əsas səbəblərindən biri də mütəxəsis azlığının olmasıdır.

Q.Bayramlı düşünür ki, Türkiyə ilə mütəxəsis hazırlığı sahəsində əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi Azərbaycanın ixtisaslı kadr çatışmazlığını daha asanlıqla aradan qaldırar. O qeyd etdi ki, iki ölkənin insanları dil baxımından, mədəniyyət sarıdan çox yaxındır. Ekspert dedi ki, bu xüsusiyyət mütəxəsis hazırlığına, birgə işləməyə daha əlverişli imkanlar yaradır.

Q.Bayramlı bildirdi ki, əməkdaşlıq ilk növbədə ali məktəblərdən başlamalıdır. Onun sözlərinə görə Azərbaycandan olan gənclər Türkiyədə təhsil ala bilər, eyni zamanda onların mütəxəsisləri ölkəmizdə yerlərdə öz məsləhət və tövsiyələrini verə bilər: “Ölkəmizdən olan gənc mütəxəsislər Türkiyəyə bilik və bacarıqlarının artırılması məqsədilə göndərilməsi daha faydalıdır. Eyni zamanda onların təcrübəli mütəxəsisləri ölkəmizdə müxtəlif təlimlər təşkil etməklə yeni bilikləri, təcrübəni yerli mütəxəsislərə ötürə bilər”.

Eksper hesab edir ki, Azərbaycan Türkiyənin kənd təsərrüfatı texnikası və vasitələrinin istehsalı təcrübəsini də öyrənməlidir. Q.Bayramlı söylədi ki, Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı sahəsində çatışmazlıqlar sovet dövründən qalıb və bu məsələnin həlli vacibdir: “Sovet dövründə ölkə iqtisadiyyatında kənd təsərrüfatı böyük paya sahib olmasına baxnayaraq, bütün kənd təsərrüfatı texnikası və vasitələri, ən sadəsindən mürəkkəbinə qədər kənardan gətirilirdi. Kotan, mala, toxum səpən aqreqatları belə kənardan almışıq.

Son dövrlərdə kənd təsərrüfatı texnikasının istehsalı ilə bağlı təşəbbüslər var. Gəncə Avtomobil Zavodunda Belarusiya ilə birgə traktor istehsalının həyata keçirilməsi buna misaldır. Bu təşəbbüsləri inkişaf etdirmək lazımdır. Azərbaycanda daha mürəkkəb vasitələrin istehsalı həyata keçirilib. Neft maşınqayırmasına aid olan bir sıra mürəkkəb qurğular istehsal edilirdi. Kənd təsərrüfatı texnikası bu baxımdan çox sadə vasitədir. Əvvəl texniki vasitələrin istehsalı ilə bağlı bazanı formalaşdırmaq lazımdır, sonra əməkdaşlığı genişləndirmək olar.

Türkiyədə kənd təsərrüfatı texnikasının istehsalının inkişaf etdiyi ölkədir. Burada traktor, kənd təsərrüfatı texnikası, müxtəlif gübrələrin, ziyanvericilərə qarşı dərmanların çox hissəsini istehsal edilir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz