Əlaqə Arxiv
news Image
2019.12.07
11:59
| A A A
Regionlarda hotel çatışmazlığı…

Müzəffər Ağakərimov: “Mehmanxanaların sayının artması daha çox turistin cəlb edilməsi baxımından əhəmiyyətlidir”

"Azərbaycanda hotellərin (mehmanxana) sayı kifayət qədər deyil. Yaxın illərdə ölkəyə gələn turistlərin sayı artacaq. Buna görə də hotellərin sayı çox olmalıdır".

Bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Assosiasiyanın prezidenti Martin Kleinmann bildirib.

Onun sözlərinə görə, Bakıda 4 və 5 ulduzlu hotellərin sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çoxdur. M.Kleinmann hesab edir ki, turistlərin öz büdcələrinə uyğun mehmanxanalara yerləşə bilməsi üçün bu sahəni tənzimləmək vacibdir.

M.Kleinmann Azərbaycan hökumətinin regionların inkişafına, onların infrastrukturunun qurulmasına böyük dəstək göstərdiyini söyləyib.

Onun fikrincə, hotellərin infrastrukturunun qurulmasına da dəstək göstərilməlidir. Bu dəstək olarsa, regionlardakı müxtəlif ulduzlu hotellərin tikilməsi məsələsi də tənzimlənəcək.

M.Kleinmann Azərbaycanın dağlıq ərazilərində də hotellərin tikilməsini çox vacib sayıb: "Artıq bəzi ərazilərdə bir neçə hotel var. Onlar əsasən xizək sürən turistlər üçün nəzərdə tutulub və mövsümüdür. Bizim fikrimiz budur ki, bu cür hotelləri mövsümü etməyək, onları bütün il ərzində turistləri qəbul edə bilən məkana çevirək. Azərbaycanın elə gözəl əraziləri var ki, ora demək olar ayaq basılmayıb, araşdırılmayıb. Belə məkanlar da turistlərə maraqlı olur. Buna görə də dağlıq ərazilərdə hotellərin tikilməsi nəzərdən keçirilməlidir. Lakin bəzi ölkələrin təcrübələrinə əsasən deyə bilərik ki, hər hansı təhlükənin yaranmaması üçün belə ərazilərdə tikinti yerləri düzgün seçilməli, təbiətə ziyan vurulmamalıdır".

2019-ci ilin yanvarın 1-nə olan məlumata əsasən Azərbaycanda 596 mehmanxana və mehmanxana tipli müəssisə olub. Bir il əvvəllə müqayisədə onların sayında 33 vahid və ya 5,86 faiz artım baş verib. 2010-cu ildə ölkəmizdə 500 mehmanxana var idi.

2019-cu ilin əvvəlinə olan məlumata əsasən mehmanxanalarda 22 192 nömrə olub və burada birdəfəlik tutum 46 693-dür.

Mehmanxanaların 545-i özəl obyektlərdir. Onlardan 8-i əcnəbilərə məxsusdur. Əcnəbilərə aid olan mehmanxanaların sayı 2014-cü ildə 13 ədəd idi. Dövlətin 38 mehmanxanası var. Statistikaya əsasən mehmanxanaların təxminən yarısı Bakıda yerləşir. Son illərdə regionlarda istifadəyə verilən mehmanxanaların sayında artım var. Amma mehmanxanaların əksəriyyəti 4 və ya 5 ulduzludur.

Bəs, regionlarda, xüsusdən də aşağı ulduzlu mehmanxanaların sayının artırılması turizmin inkişafına nə vəd edir? Məsələ ilə bağlı fikrini bölüşən Azərbaycan Turizm Assosasiyasının müşaviri Müzəffər Ağakərimov bildirdi ki, qaldırılan məsələ yeni deyil. O on ildən artıqdır ki, mütəxəsislər səviyyəsində regionlarda hotellərin sayının artırılması və 1-3 ulduzlu otellərin tikilməsinin vacib olduğuna dair fikirlərin səsləndirildiyini qeyd etdi. Onun fikrincə, mehmanxanaların sayının artması daha çox xarici turistin cəlb edilməsi baxımından əhəmiyyətlidir: “Azərbaycana çoxlu sayda turistin cəlb edilməsi məqsədilə həm Bakıda, həm də kənar regionlarda bir, iki və üç ulduzlu otellərin inşaası vacibdir. Mehmanxanaların sayının artması onlar arasında olan rəqabəti gücləndirəcək. Hazırda mehmanxanalarda olan qiymətlər çox yüksəkdir. Qiymətlərin yüksək olması səbəbindən Azərbaycana gəlib istirahət etmək istəyən xarici turistlər və eyni zamanda yerli turistlər başqa ölkələrə üz tuturlar.

Mehmanxanaların sayı çox olduqda və rəqabət gücləndikdə mehmanxanalarda olan xidmət səviyyəsi də yüksələcək. Hər bir insan, turist harda qiymətlər əlverişlidir, xidmətlər yaxşıdır ora üz tutur”.

M.Ağakərimov qeyd etdi ki, xüsusilə şimal-qərb zonasında, Qəbələ-Şəki zonasında qiymətlər çox yüksəkdir: “Mövsümlə əlaqədar olaraq qış turizminə maraq artıb. Amma internetdə qiymətlərlə tanış olduqda görürük ki, nömrələr, xidmətlər olduqca bahadır. Buna görə də qış turizmi ilə əlaqədar yeni və ucuz mehmanxanalar tikilməlidir ki, sadəcə yüksək gəlirli insanlar yox, həm də orta və nisbətən aşağı gəlirli insanlar qış turizmindən bəhrələnə bilsinlər. Əlverişli qiymət və xidmət şərləri olarsa xaricdən və Azərbaycanın daxilindən mehmanxanalara sifarişlər artacaq. Qiymətlər münasib olmadığına görə istirahət etmək imkanı olan vətəndaşların bir çoxu qış turizm mövsümünü xaricdə keçirir. Mehmanxanalarda bir-neçə gecə qalmağa ödənilən pulla xaricdə daha uzun müddətə qalıb əlavə xidmətlərdən istifadə etmək olur. Qiymətlər əlverişli olarsa ölkəmizdə kütləvi turizmin inkişafına fayda gətirər. Kütləvi turizm inkişaf etdikdə bir turist digər turistin də ölkəmizə gəlməsini tövsiyə edəcək. Belə olan halda Azərbaycana gələn xarici turistləri sayı nəinki 3 milyonu, tezliklə 5 milyonu ötəcək. Qonşu Gürcüstan öz əhalisindən iki dəfə çox turist cəlb edir. Biz həm onların, həm də Türkiyənin turizm təcrübəsindən faydalanmalıyıq”.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2,7 milyon gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. Gecələmələrin 55,7 faizi Bakıda, 9,4 faizi Qəbələdə, 9 faizi Qubada, 5,5 faizi Xaçmazda, 3,4 faizi Naftalanda, 2,8 faizi Qusarda, 2,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, hər birində 1,0 faiz olmaqla Mingəçevir və Lənkəranda, 8,5 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz