Əlaqə Arxiv
news Image
2019.12.07
12:15
| A A A
İran Xəzərdə Azərbaycanla əməkdaşlığa böyük ehtiyac duyur

Zəfər Vəliyev: "Azərbaycan Xəzərdə İrana aid olan hissədə birgə layihələr həyata keçirə bilər"

İran İslam Respublikası Azərbaycanla Xəzər dənizində neft kəşfiyyatı və hasilatı ilə bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sözləri Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə İran Prezidenti Həsən Ruhani bildirib.

İran Prezidenti bu məsələlərin iki ölkənin müştərək komissiyalarının iclasında yaxından müzakirə olunacağına inandığını qeyd edib. Dövlət başçısının açıqlamasından görünür ki, İran Xəzərdə yeni iqtisadi əməkdaşlıqda maraqlıdır. İranın üzləşdiyi iqtisadi çətinliklər, investisiya imkanlarının azalması, yeni texnologiyaları əldə etmək imkanlarının məhdudlaşması onun digər ölkələrlə, o cümlədən Azərbaycanla mümkün əlaqələrini inkişaf etdirməyə məcbur edir. Azərbaycan həm də Xəzərdə karbohidrogen ehtiyatlarının tapılmasında və işlənməsində böyük təcrübəyə malikdir. Ümumiyyətlə, Xəzərdə indiyə qədər tapılan və işlənən yataqların böyük hissəsi məhz Azərbaycan tərəfinin, onun mütəxəsislərinin səyi nəticəsində mümkün olub. İranın bu faktı da nəzərə aldığı aşkardır. Buna görə də İran tərəfi Azərbaycanla dənizdə birgə layihələrin işlənməsində maraqlı olduğunu gizlətmir. İranla əməkdaşlığın genişlənməsi Xəzərdə olan mübahisəli neft-qaz yataqları məsələsinin həllini də asanlaşdıra bilər. 

İran Prezidentinin səsləndirdiyi təklifi şərh edən neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, İranla Azərbaycanın Xəzərdə birgə işləmək təklifi bir neçə il əvvəl aparılan danışıqlarda da qaldırıb. Onun bildirdiyinə görə, SOCAR rəsmiləri ilə danışıqlarda da bu məsələlər qaldırılıb. Ekspert söylədi ki, Azərbaycan tərəfinin mövqeyi və imkanı bəllidir: "Azərbaycan İran ərazisində neft-qaz yataqlarının birgə işlənməsi, geoloji-kəşfiyyat işlərinin aparılması və hasilat işlərinin aparılması ilə bağlı birgə layihələrdə iştiraka hazırdır. SOCAR indi elə bir təcrübəyə, imkana sahibdir ki, o nəinki ölkə daxilində, həm də xaricdə birgə və müstəqil layihələr həyata keçirir. Gürcüstanda, Rumıniyada, Ukraynada, Türkiyədə və digər ölkələrin pərakəndə satış seqmentində iştirak edir. Eyni zamanda Azərbaycan geoloji-kəşfiyyat işlərində böyük təcrübəyə sahibdir. Özbəkistanda neft-qaz yataqlarının tapılmasında iştirak edirik. Bu istiqamətdə İranla da ortaq işlərin görülməsi faydalı olardı. İran hazırda ABŞ-ın sanksiyaları altındadır. Amma Azərbaycan Xəzərdə İrana aid olan hissədə birgə layihələr həyata keçirə bilər".

Z.Vəliyev vurğuladı ki, neft və qaz yataqlarının aşkarlanması və işlənməsi böyük investisiya tələb edir. Onun sözlərinə görə, belə investisiyaları qoymamışdan öncə İran Xəzərin statusunu tanımalıdır: "Yeni qazma qurğuları olmalıdır, yeni hasilat platformaları tikilməlidir. Bu məsələlər tam həllini tapmalıdır. Digər bir tərəfdən Xəzərin hüquqi statusu ilə bağlı konvensiya İran tərəfindən təsdiqlənməlidir, Azərbaycanın Xəzərdə iqtisadi zonaları tanınmalıdırlar. Ondan sonra İranla Xəzərdə birgə layihələrdə iştirak etmək olar".

Ekspert bildirdi ki, Xəzərin İran tərəfində kəşfiyyat və istismar işlərini ən yaxşı Azərbaycan həyata keçirə bilər: "Xəzərin İran sektoru ən az geoloji və geofiziki tədqiqatlara məruz qalan sahədir. Xəzərin Azərbaycan sektoru digər sektorlara nisbətən artıq 70 ildir ki, davamlı geoloji və geofiziki tədqiqatlara məruz qalıb. Azərbaycan sektoru enerji qaynaqlarının öyrənilməi baxımından tam tədqiq olunub. Amma İran və Türkmənistan sektorunda bu problemlər var. İran tərəfdə olan olan problemlər daha böyükdür. İran tərəfində şelf yataqlarının istismarı ilə bağlı indiyə qədər heç bir addım atılmayıb.

Bir neçə il bundan öncə Sərdari-Canqal yatağı kəşf ediblər. Lakin İranın Xəzər hissəsində işləmək üçün müasir qazma qurğuları lazımdır, hasilat platformaları tikilməlidir, sualtı boru kəmərləri tikilməlidir. İranın özündə nə belə avadanlıqlar, nə də mühəndis xidməti var. Sanksiyalar da həmin avadanlıqların xaricdən gətirilməsini çətinləşdirir. Ona görə də Azərbaycanla müştərək işlərin görülməsi həm İran, həm də Azərbaycan tərəfində müəyyən dividentlər qazandıra bilər".

Z.Vəliyev əməkdaşlığın mübahisəli yataqlar məsələsinin həllinə kömək edə biləcəyinə də inanır: "Xəzərdə nəinki Azərbaycanla İran arasında, eyni zamanda İranla Türkmənistan və Azərbaycanla Türkmənistan arasında mübahisəli yataqlar məsələsi var. Azərbaycan hökumətinin bu məsələ ilə bağlı dəyişməz mövqeyi ondan ibarətdir ki, Xəzər akvatoriyasında yerləşən və mübahisəli sayılan yataqların həmin ölkələrlə birgə istismarına razıdır. Mövqeyimiz belədir ki, həm Türkmənistanla, həm də İranla mübahisəli yataqların işlənməsində, eyni zamanda həmin ölkələrin sahil ərazilərində geoloji-kəşfiyyat işlərinin aparılmasında birgə iştirak mümkündür".

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz