Əlaqə Arxiv
news Image
2019.12.10
09:59
| A A A
OPEC+un qərarı Azərbaycanın neft gəlirlərini artıracaq
İlham Şaban: “OPEC və onunla birgə hərəkət edən neft ixracatçıları çalışır ki, orta qiymət 64-65 dollar səviyyəsində olsun”

OPEC və neft ixrac edən digər bəzi ölkələrin (OPEC +) Vyanada keçirilən iclasında neft hasilatının gündəlik daha 500 min barrel azaldılmasına dair razılıq əldə olunub.

Hasilatın azaldılmasına gələn ilin ilk rübündən başlanması nəzərdə tutulur. Əvvəlki qərarlarla neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması öhdəliyi götürülmüşdü. Yeni qərarla OPEC+ ölkələri hasilatdakı azalmanı 1,7 milyon barrelə çatdırmalıdır. Bu həcm dünyada gün ərzində istehsal edilən neftin 1,7 faizinə bərabərdir.

Xatırladaq ki, qlobal neft hasilatının 40 faizini həyata keçirən OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşünün 2020-ci ilin martın 5-də, OPEC+ üzrə isə yığıncağın martın 6-da keçirilməsi barədə razılığa gəliblər. OPEC+ ölkələrinin gündəlik hasilatı yenidən kəskin şəkildə azaltması bazarda qiymətlərə təsir edib. Qərarın açıqlandığı dekabrın 6-na kimi bir baрreli 63 dollar olan «Brent» neftinin qiyməti gün ərzində 64,6 dollara qədər yüksəlib. Yeni həftənin ilk günündə isə beynəlxalq birjalarda Brent neftinin qiyməti 64 dollar səviyyəsində dəyişib. Xarici analitiklərin şərhinə əsasən neft qiymətlərinin artmaqda davam etməməsinin səbəbi bazarın yeni qərarı öncədən qiymətləndirməsidir. Belə ki, bir həftə öncədən birjalarda neft qiymətlərinin yüksəlməsi müşahidə edilib. Ekspertlərə görə bu bahalaşma məhz OPEC+un gözlənilər qərarı ilə bağlı olub. Dekabrın 6-da qəbul edilən qərar həmin gözləntinin təsdiqi olduğundan bazarda qiymətlərdə ciddi dəyişiklik baş vermədi. Noyabrın sonunda «Brent» neftinin qiyməti 61 dollar səviyyəsində idi. Həftə ərzində bu neftin dəyəri 3 dollar və ya 5 faiz yüksəlib.

OPEC+un qərarını şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban söylədi ki, bu qərarın qəbul edilməsində əsas məqsəd neftin qiymətlərinin aşağı düşməsi ehtimalını zəiflətməkdir. Onun sözlərinə görə, qərarda da qeyd edilir ki, gündəlik neft hasilatının azaldılmasında məqsəd bazarda qiymətlərin rəabətədavamlı və ədalətli dəhlizdə qalmasını təmin etməkdir. Ekspert burada rəqabətədavamlı dedikdə elə bir qiymət səviyyəsi nəzərdə tutulur ki, həmin qiymətlər neft hasilatının əlverişli olmasına imkan yaratsın, neft ixrac edən ölkələrin iqtisadiyyatı böyük zərərə məruz qalmasın: “Ədlətli qiymət dəhlizi kimi 60-65 dollar səviyyəsini nəzərdə tutur. OPEC və onunla birgə hərəkət edən neft ixracatçıları çalışır ki, orta qiymətlər 64-65 dollar səviyyəsində olsun.

Bu qərarı zəruri edən digər məsələ 2020-ci ildə neftin ucuzlaşma ehtimalı idi. Yeni proqnozlara əsasən gələn il neftin orta qiyməti 2019-cu ildəki səviyyədən bir qədər aşağı düşə bilərdi. 2019-cu ildə Brent markalı neftin orta qiymətinin 64 dollar olacağı gözlənilir. Proqnoza əsasən 2020-ci ildə qiymətlər 2-3 dollar enərək 61-62 dollar həddində olmalıdır. Qiymətlərin enməsi OPEC və onunla birgə hərəkət edən digər neft ixracatçılarına sərf etmir. Həmin ölkələrin iqtisadiyyatında neft gəlirləri önəmli paya sahibdir. Qiymətin aşağı düşməsi gəlirin azalmasına səbəb ola bilər. Buna görə də gündəlik hasilatı azaltmaqla qiymətlərin rəqabətədavamlı və ədalətli səviyyədə qalmasını təmin etməyə çalışacaqlar”.

İ.Şaban bildirdi ki, qərar 2020-ci ilin birinci rübünü əhatə edəcək. O dedi ki, bu razılaşmada ən maraqlı məqam Səudiyyə Ərəbistanı ilə bağlıdır: “Razılaşmaya əsasən Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 10,1 milyon barel təşkil edəcək. Gündəlik hasilatın 500 min barel azalmasını əsasən Səudiyyə Ərəbistanı təmin edəcək. Bu ölkə yanvarın 1-dən gündəlik hasilatı 400 min barel azaldacaq. Səudiyyə Ərəbistanı bunu ona görə edib ki, hasilatı azaltmaq öhdəliyini götürən bütün ölkələr kvotaya əməl etmir. Nəticədə də neft bazarında təklifdə gözlənildiyi kimi dəyişiklik baş vermir”.

OPEC və onun müttəfiqləri 2020-ci ilin martında hasilatla bağlı qərarını yenidən müzakirə edəcək. Onun fikrincə əgər bazarda arzulanan qiymətlər olarsa qərar dəyişməz saxlanılacaq.

Qeyd edək ki, OPEC+un qərarı Azərbaycan üçün də əlverişlidir. Hasilatın azaldılması Azərbaycanın ixrac imkanını cüzi azaldacaq. Lakin qiymətlərin proqnozdan bir qədər yüksək olması ixrac həcmində itirdiyimizdən daha çox gəlirin əldə edilməsinə imkan yaradacaq. Azərbaycan Dövlət Neft Fondunun və dövlət büdcəsinin 2020-ci il üçün gəlirləri proqnozlaşdırılan zaman neftin orta qiyməti 55 dollardan götürülüb. 2019-cu il üçün proqnoz qiyməti 60 dollar idi. Hökumətin 2020-ci il üçün neftin orta qiymətini aşağı salınması gələn il neft qiymətlərinin bir qədər düşmə ehtimalı ilə bağlıdır. Əgər “OPEC+” ölkələri gündəlik hasilatı azaltmaq qərarına əməl edərsə və bu qərar 2020-ci ilin bütün dövründə qüvvədə qalarsa, neftin orta qiyməti 63-65 dollar səviyyəsində qalacaq. Bu ehtimal reallaşarsa, Azərbaycanın neft satışından əldə edəcəyi gəlirlər xeyli artacaq və həm dövlət büdcəsinin, həm də Neft Fondunun gəlirlərində yüksəlmə qeydə alınacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz