news Image
2019.12.10
17:15
| A A A
BP və tərəfdaşları məktəb müəllimlərinin innovativ tədris bacarıqlarının artırılmasına dəstək verib

BP və onun “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları  məktəblərdə və digər təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına dəstək olmaq məqsədilə müəllimlər üçün yuxarı siniflərin kurikulum metodikasına dair bələdçi kitabın və terminlər lüğətinin təqdimatını keçirib.

“BP-Azerbaijan” şirkətindən Mövqe.az-a verilən məlumata görə, kitablar Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində hazırlanıb.

Bu layihə BP-nin və tərəfdaşlarının təhsilin inkişafına dəstək vermək və bütün səviyyələrdə yerli bacarıq və səriştələri artırmaq istiqamətində götürdüyü öhdəliyin bir hissəsidir. Layihənin məqsədi müəllim və müəllim vəzifələrinə müraciət etmək istəyən şəxsləri innovativ tədris bacarıqlarını təkmilləşdirməyə yardım edəcək kurikulum bələdçisi ilə təmin etməkdir.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu kurikulum metodikası üzrə kitab və yeni kurikulumun tədrisi üzrə pedaqoji terminləri əhatə edən lüğət müəllimlər üçün dəyərli vəsait olacaq və onlara innovativ və qabaqcıl tədris metodlarının və üsullarının tətbiqində əlavə bələdçilik edəcək: “Müəllimlər məktəb kurikulumunun hazırlanmasında, həyata keçirilməsində, qiymətləndirilməsində və dəyişdirilməsində mühüm rol oynayırlar. Bu kitaba dəstək olmaqla, biz müəllimlərin bu mühüm rolunu vurğulamaq və onların tədrisin və ümumilikdə ölkədəki təhsilin keyfiyyətinin davamlı surətdə artırılması istiqamətində gördüyü səylərə dəstək olmaq istədik. Ümid edirik ki, həm bugünkü, həm də gələcəyin müəllimləri bu vəsaitdən bəhrələnəcəklər”.

Layihənin ümumi dəyəri təxminən 60 min manatdır. Layihənin icraşısı “AzEdu" MMC-dir.

Layihə çərçivəsində 500 kitab və 3000 lüğət dərc edilib və bunlar müəllimlərə və təhsil mütəxəssislərinə təqdim ediləcək, habelə məktəblərə və digər təhsil müəssisələrinə hədiyyə olunacaq. Daha geniş auditoriyanın istifadəsi üçün kitabın və lüğətin elektron versiyaları www.AzEdu.az vebsaytında yerləşdiriləcək.