Əlaqə Arxiv
news Image
2019.12.11
10:12
| A A A
Sənaye məhəllələri sənayeləşməni sürətləndirir
İqtisadiyyatın şaxələnməsi üçün sənaye məhəllələri vacibdir

Azərbaycanda yaxın vaxtlarda daha bir sənaye məhəlləsinin – Hacıqabul Sənaye Məhəlləsinin tam istifadəyə verilməsi gözlənilir. Artıq burada iştirakçılar tərəfindən məhsul istehsalına başlanılıb. Azərbaycan Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılan Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılıb. Hal-hazırda istismara hazırlıq işləri aparılır. Bura cəlb ediləcək investisiyanın həcminə görə ən böyük məhəllə olacaq. Hacıqabul Sənaye Məhəlləsində ilkin olaraq ümumi dəyəri 61,43 milyon manat olan 7 layihənin icrası nəzərdə tutulur. Layihələrin icrası 900-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Məhəllənin əsas müəssisəsi "QAZ” avtomobil zavodu olacaq. 2018-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ” ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ” markalı yüngültonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tuturdu.

İstehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin açılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat, istehsal həcmi ildə 1000 ədəd avtomobil olan "QAZ” avtomobil zavodunda istehsal olunacaq avtomobillərin yarısı daxili bazarda satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac ediləcək.

Azərbaycanda indiyə qədər 2 sənaye məhəlləsi (Neftçala və Masallı) istifadəyə verilib. Hacıqabul sayca üçüncü olacaq. Daha bir sənaye məhəlləsi olacaq Sabirabad Sənaye Məhəlləsinin tikintisi isə davam etdirilir.

Sənaye məhəllələrinin yaradılması Azərbaycanda sənayeləşmə prosesinə güclü dəstək verəcək. Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas məqsədi iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin davamlı inkişafına və şaxələndirilməsinə nail olmaqdır. Bu siyasətə uyğun olaraq son illərdə regionlarda müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilərək istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Qabaqcıl xarici təcrübə göstərir ki, sənayenin daha sürətlə və innovativ inkişafını təmin etmək üçün biznes sektoruna müəyyən güzəştlərin və təşviqlərin verilməsi vacibdir. Bu cür güzəşt və təşviqlər sənaye müəssisələrində rəqabətədavamlı məhsul istehsalının təşkilinə kömək edir.

Məhz rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək məqsədilə hazırda sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində iş aparılır. Bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilib və onun ölkədə tətbiqi imkanları araşdırılıb.

Azərbaycanda sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

Fərmanla müəyyən olunur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu istiqamətdə Azərbaycan İnvestisiya Şirkətinin başlıca vəzifələrindən biri sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturun və biznes şəraitinin yaradılması və sənaye məhəllələrinin sənayeləşmə siyasətinin əsas vasitələrindən birinə çevrilməsindən ibarətdir.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Ölkəmizdə gələcəkdə sənaye məhəllələrinin, parklarının sayının artırılması planlaşdırılır. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 40 milyon manatlıq məhsul istehsal edilib. Bu sənaye məhəllələrində qeydiyyatdan keçən iştirakçıların sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması, 2 minədək iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrin 21-i artıq fəaliyyət göstərir. Bu il daha 15 müəssisə fəaliyyətə başlayacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz