news Image
2019.12.12
09:49
| A A A
Sahibkarlar sığortadan qaçması onların özünə baha başa gəlir
Xəyal Məmmədxanlı: “Sığorta müqaviləsinin bağlanması üçün mal və əmtəənin dəyərini göstərən sənəd olmur”

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş veren yanğın yenidən ticarət obyektlərində olan əmlakın sığortası məsələsini gündəmə gətirib. Bundan öncə müxtəlif ticarət mərkəzlərində bir neçə böyük yanğın hadisəsi qeydə alınıb və təcrübə göstərir ki, həmin hadisələr zamanı sahibkarlara böyük məbləğdə maddi ziyan dəyir. Qanunvericiliyə əsasən, bu hallarda sahibkar əmlakını sığortalayıbsa, ona sığorta şirkətləri tərəfindən müqavilədə göstərilən dəyərə uyğun olaraq sığorta ödənişi həyata keçirilir. Sığortası olmayan sahibkarlara dəyən zərər isə qarşılanmır.

Son illərdə böyük ticarət müəssisələrdə bir neçə yanğın hadisəsi baş verməsinə və bunun nəticəsində sahibkarlara ziyan dəyməsinə baxmayaraq hələ də iş adamlarının bir çoxu əmlakın sığortalanmır. 

Sahibkarların əmlaklarını sğorta etdirməməsi sığorta sahəsi üzrə ekspert Xəyal Məmmədxanlı müxtəlif səbəblərlə əlaqələndirdi. O qeyd etdi ki, 2012-ci ildən fiziki və hüquqi şəxslərin daşınmaz əmlakının sığortalanması icbaridir. Ekspert bildirdi ki, bu qaydalara əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də öz daşınmaz əmlakını icbari qaydada sığortalamağa borcludur. X.Məmmədxanlı söylədi ki, fiziki və hüquqi şəxslər daşınmaz əmlaklarının sığorta etdirmədiklərinə görə cərimələnməlidirlər: “Qanunvericiliyə əsasən fiziki şəxslərin daşınmaz əmlakının sığortalanmasına yerli icra hakimiyyətləri, hüquqi şəxslərin, o cümlədən sahibkarların daşınmaz əmlakının sığortalanmasına Fövqəladə Hallar Nazirliyi Nəzarət etməlidir. Qanun bu dövlət qurumlarının üzərinə daşınmaz əmlakın icbari sığortasının təmin edilməsi ilə bağlı məsuliyyət qoyur. 2020-ci ildən bu məsələlərin üzərinə ciddi düşüləcək və istər fiziki, istərsə də hüquqi şəxslərin daşınmaz əmlakının icbari sığortasının ödənilməsinə nəzarət gücləndiriləcək”.

Ekspert qeyd etdi ki, daşınmaz əmlakın sığortalanması ticarət obyektində olan digər əmlakları sığortalı etmir. Bunun üçün ayrıca müqavilənin bağlanması və daşınar əmlakın da sığortalanması vacibdir.

X.Məmmədxanlının fikirincə bir sıra səbəblərlə əlaqədar olaraq ticarət obyektində olan daşınar əmlaklar sığortalanmır: “Malların və digər daşınar əmlakın sığortalanmamasının səbəbi sahibkarların düşüncə tərzi ilə bağlıdır. Bəzi sahibkarlar sığortaya ödənilən pulu lüzumsuz xərc hesab edir və düşünür ki, hər hansı arzuedilməz hal baş verməyəcək. Digər səbəb malların sığortalanması zamanı sığorta şirkətlərinin üzləşdiyi çətinliklərlə bağlıdır. Həmin çətinlikləri də əsasən sahibkarlar yaratdığından sığorta müqaviləsini bağlamaq mümkün olmur. Əslində, sığorta şirkətləri obyektlərdə olan daşınar əmlakın sığortalanmasından qaçmırlar. Sığorta müqaviləsinin bağlanması üçün mal və əmtəənin dəyərini göstərən sənəd olmalıdır.

Satışa çıxarılan malların çoxusunun qeydiyyatı yoxdur. Malların qeydiyyatı olmadıqda da konkret olaraq sığorta məbləği ortaya çıxmır. Sığorta şirkəti siyahı, bu əmlakın yerləşdiyi yerin təhlükəsizliyinin hansı formada olub-olmadığını tələb edir. Sahibkarların bir çoxu qeyri-rəsmi işlədiyinə, dövriyyəni gizlətdiyinə, vergiləri dəqiq ödəmədiyinə görə onlar sığorta şirkətlərinə müvafiq rəsmi rəqəmləri təqdim edə bilmir. Bu cür hallar daşınar əmlakın sığortalanmasına çox ciddi maneələr yaradır.

Digər məsələ obyektlərin daxili təmiri aparılan zaman təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Bəzən elektrik, santexnika sistemlərində, qaz və isitmə sistemlərində gözlə görüləcək dərəcədə təhlükəsizlik qaydaları pozulur. Təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə sığorta şirkəti həmin daşınmaz əmlakın sığortalanmasında maraqlı olmur”.

Öz daşınar və daşınmaz əmlakını sığortalayan sahibkarlar da var. Amma onların da bəziləri sığorta ödənişini az etmək üçün əmlakın dəyərini real bazar dəyərindən aşağı göstərirlər. X.Məmmədxanlı qeyd etdi ki, bunun nəticəsində yanğın zamanı sahibkara dəyən zərər tam qarşılanmır və o, çətin vəziyyətdən çıxa bilmir.

Qeyd edək ki, böyük ticarət mərkəzlərində mağazaların bir-birinə bitişik olması da həmin obyektlərin, orada olan malların sığortalanmasını çətinləşdirir. Bir-birinə bitişik olan bu cür obyektləri işlədənlərdən birinin səhlənkarlığı nəticəsində baş verən yanğın digərlərinə də ciddi ziyan vurur. Belə ticarət ərazilərində ümumi müəssisənin sahibi məsuliyyəti öz üzərinə götürmədiyindən sığorta şirkətləri də əmlakların sığortalanmasında maraqlı olmur.

Qanunvericiliyə əsasən daşınmaz əmlakın sığortası icbari olsa da daşınar əmlakın sığortası könüllüdür. Buna görə də sahibkarların satış üçün təqdim etdikləri malların və ticarət obyektində xidmət məqsədilə qoyulan digər malların sığortalanması yalnız sahibkarla sığorta şirkəti arasında olan razılaşma əsasında baş verir. Rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində könüllü əmlak sığortası üzrə 94 milyon manatdan çox pul toplanıb. Əmlak sığortası üzrə ödənişlərə isə 20 milyon manata yaxın vəsait ayrılıb. Əmlak sığortası üzər toplanan pulun daha çox hissəsi əmlakın yanğından və digər risklərdən sığortalanması üzrə olub. Bu istiqamətdə toplanan vəsait 42 milyon manatı keçib, sığorta ödənişi isə 1,83 milyon manat təşkil edib.

 

Vasif CƏFƏROV