Əlaqə Arxiv
news Image
2019.12.13
09:55
| A A A
Həyata keçirilən islahatlar qeyri-neft ixracını sürətlə artırır
Əvvəlki illərlə müqayisədə xarici ticarət saldosunun xeyli dərəcədə yaxşılaşması müşahidə edilir

Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət dinamika 2019-cu ildə də davam edib. Cari ildə ölkəmizin xarici ticarətindən əldə etdiyi mənfəət 5 milyard dolları ötüb.

Dövlət Gömrük Komitəsinin yanvar-oktyabr aylarına aid olan məlumatına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsində 5 milyard dollardan artıq müsbət saldo qeydə alınıb. İlk 10 ayda 28,276 milyard dollarlıq xarici ticarət dövriyyəsi olub. Bunun 59,5 faizi, yəni 16,82 milyard dolları ixracın, 40,5 faizi və ya 11,455 milyard dolları idxalın payına düşüb. Nəticədə xarici ticarət əməliyyatlarında 5,366 milyard dollar həcmində müsbət fərq yaranıb. Ticarət saldosundakı müsbət fərq idxalın 46,6 faizinə bərabər olub.

2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisə etdikdə xarici ticarət dövriyyəsində müsbət fərq bir qədər azalıb. Ötən ilin ilk 10 ayında xarici ticarətdə müsbət fərq 6,718 milyard dollar idi. Burada bir məqamı qeyd edək ki, ixraca dair gömrük məlumatları açıqlanan zaman həmin tarixə qədər gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılan ixrac edilən xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınır. Bu o deməkdir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən xam neftin və təbii qazın dəyərinin bir hissəsi hələ nəzərə alınmayıb. Növbəti aylarda qalıq göstərici də nəzərə alındığında Azərbaycanın xarici ticarət saldosunun böyük olduğu üzə çıxacaq. Amma müsbət fərq 2018-ci ilin eyni dövrünəki qədər böyük olmayacaq.

2019-cu ildə müsbət saldonun azalmasının əsas səbəbi idxalın daha çox artmasıdır. 2018-ci ilin 10 ayında idxal 9,5 milyard dollar olduğu halda, bu ilin eyni dövründə 11,5 milyard dollar təşkil edib. Cari dövrdə ixrac ötən ilə nisbətən artıb. Ötən ilin 10 ayında 16 milyard dollarlıq ixrac olduğu halda bu il 16,8 milyard dollarlıq ixrac var. Bu il ixracın artmasına baxmayaraq idxalın təxminən 2 milyard dollar artması xarici ticarət saldosunda müsbət fərqin azalmasına səbəb olub.

Buna baxmayaraq, əvvəlki illərlə müqayisədə xarici ticarət saldosunun xeyli dərəcədə yaxşılaşması müşahidə edilir. Xarici ticarətdə müsbət saldo 2017-ci ili yanvar-oktyabr dövründə 2,1 milyard dollar, 2016-cı ilin eyni dövründə 238 milyon dollar olmuşdu.

İndiyə qədər xarici ticarətdə ən böyük müsbət fərq 2012 və 2013-cü illərdə qeydə alınıb. Həmin dövrlərdə xarici ticarətdə müsbət fərq 11 milyard dollardan artıq idi.

Azərbaycanın xarici ticarətindəki müsbət dinamika ölkəmizin ixrac imkanlarının artması ilə bağlıdır. Bu il ötən ilə nisbətən neft qiymətlərinin yüksəlməməsinə baxmayaraq ixracda artıma nail olunub. Bunun əsas səbəbləri təbii qaz satışının və qeyri-neft sektoru üzrə ixracın artmasıdır. Azərbaycan bu ildən Türkiyəyə daha böyük həcmdə qaz göndədir. Qaz ixracının artması onun satışından əldə edilən gəlirin yüksəlməsinə səbəb olur. Ölkəmizdən qeyri-neft məhsullarının da ixracı artır. Ötən il 1,6 milyard dollar həcmində qeyri-neft məhsulu satıldığı halda bu il ixracın həcminin 1,8 milyard dolları ötəcəyi gözlənilir.

İxracın artmasını dəstəkləyən səbəblər çoxdur. Onlardan ən başlıcalardan biri dövlətin ixrac təşviqlərini tətbiq etməsidir. İxracı təşviq etməklə dövlət əslində ixraca yardım etmiş oldu. Dövlət ixracatçı şirkətlərə xaricə çıxaraq yeni bazarlar kəşf etmələrini və ixraclarını artırmalarını stimullaşdırmaq üçün maliyyə dəstəyi verir, tanıtım məqsədilə köməkliklər edir.

Yeni təşviqlərə əsasən xaricdə keçirilən sərgidə iştirak dövlət tərəfindən dəstəklənir. Sərgi ekspozisiya sahəsinin kirayəsi və gediş-qayıdış təyyarə bileti ilə mehmanxana xərclərinin bir hissəsi dövlət tərəfindən ödənilir. Bundan başqa xaricdə aparılan reklam və təqdimat xərclərini, xaricdə marka qeydiyyatı xərclərini ödəməkdə dövlət yardım edir. Bu dəstək ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin markalarının dünya markasına çevrilməsi istiqamətində önəmli işlər görülür.

İxracı dəstəkləmək məqsədilə vergi güzəştləri də verilir. İxrac üçün istehsal edilən malların bəzilərində idxal mallarından istifadə edilir. İdxal zamanı isə həmin mallara vergi və rüsum tətbiq edildiyindən onların qiyməti artır və nəticədə son məhsulun maya dəyəri yüksəlir. İxracatçının xarici bazarlarda qiymət baxımından rəqabət edə bilməsi üçün vergi yüklərindən azad edilməsi təcrübəsindən istifadə edildi. Yaradılan sənaye parklarında və məhəllələrində açılan müəssisələr 10 il müddətinə idxal vergi və rüsumlarından, mənfəət vergisindən azad olundular.

Azərbaycanın ixrac potensialı yüksəkdir. Davamlı iqtisadi inkişafa nail olmaq istəyən Azərbaycan ixrac potensialını artırmalıdır. İxrac potensialını artıra bilməyən ölkənin ümumi daxili məhsul istehsalında real artımı davamlı təmin etməsi qeyri-mümkündür. Bu mənada ölkəmiz üçün ixrac potensialının artırılmasının əhəmiyyəti böyükdür.
Bunu nəzərə alaraq Azərbaycanda da son illərdə ixracyönümlü, rəqabətədavamlı istehsal sahələrinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır, iqtisadiyyatda ciddi islahatlar həyata keçirilir. İslahatlar hesabına qarşıdakı illərdə ölkəmizin ixracında, o cümlədən qeyri-neft məhsullarının ixracında ciddi yüksəlişin olacağı dəqiqdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz