Əlaqə Arxiv
news Image
2019.12.13
10:12
| A A A
Azərbaycanın tranzit əhəmiyyəti artacaq
"Trans-Sibir" və Bakı-Tiflis-Qarsın əlaqələndirilməsi ölkəmizə böyük gəlir gətirəcək

Azərbaycanla Rusiyanın dəmiryolu ilə yükdaşımalarının əlaqələndirilməsi istiqamətində atılan addımlar davam etdirilir. Növbəti belə tədbirlərdən biri Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib. Görüşdə "Trans-Sibir" magistralının potensialı ilə Bakı- Tiflis-Qars dəmiryolunun “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini qeyd edilib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilən logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib.

İki ölkə arasında dəmiryollarının əlaqələndirilməsi ilə bağlı danışıqlarda əsas məqsəd Rusiya üzərindən həyata keçirilən yükdaşımalarının bir hissəsinin Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılmasıdır. Bu məqsədlə Rusiya “Bakı-Tbilisi-Qars” dəmiryol xəttinin imkanlarından faydalanmağı düşünür.

Bəs, "Trans-Sibir" magistralının potensialı ilə Bakı-Tiflis-Qarsın imkanlarının əlaqələndirilməsi ölkəmizə nə vəd edir?

“Trans-Sibir” dəmiryolu magistralı Moskvanı Rusiyanın Şərqi Sibir və Uzaq Şərq sənaye şəhərləri ilə birləşdirən Avrasiyadan keçən dəmir yolu xəttidir. Uzunluğu 9288,2 km olan dəmiryol xətti dünyanın ən uzun dəmir yoludur. Magistralın tikilməsi nəticəsində tarixdə ilk dəfə olaraq Atlantik okeanın sahillərindən (Qərbi Avropadan) Sakit okeanı (Vladivostoka kimi) sahillərinə kimi qatarların bərə keçidlərindən istifadə etmədən yalnız relslər üzərində hərəkət etməsi mümkün olub.

“Trans-Sibir”in illik ötürücülük qabiliyyəti 100 milyon tondur. Ötən il Rusiyanın dəmiryolları vasitəsilə 553 min konteyner yük tranzit olaraq daşınıb. Bundan 351 mindən çoxu Şərq-Qərb istiqamətində həyata keçirilib. “Trans-Sibir”in iştirakı ilə Çinin 21 şəhəri ilə Avropanın 32 şəhəri arasında nəqliyyat əlaqələri mövcuddur.

İllər ötdükcə bu xətt vasitəsilə yüklərin daşınması çətinləşir. Xəttin həddən artıq yüklənməsi müşahidə edilir. Buna görə də Rusiya tranzit məqsədilə alternativ variantlar axtarışındadır. Bakı-Tiflis-Qars bu baxımdan əlverişli layihədir.

Rusiya faktiki olaraq Bakı-Tiflis-Qars layihəsinə qoşulub. Bu ilin mayında Ankarada Rusiya, Türkiyə və Azərbaycanın dəmiryollarının rəhbərləri üçtərəfli memorandum imzaladılar. Həmin vaxt Rusiya Dəmir Yollarının başçısı Oleq Belozyorov Bakı-Tiflis-Qars dəhlizi üzrə “Trans-Sibir” magistralı ilə Çin, Cənubi Koreya və digər Asiya-Sakit okeanı ölkələrindən gələn yüklərin gedəcəyini bəyan etdi.

Yük axınlarının artması əlbəttə ki, Azərbaycanın tranzit gəlirlərini xeyli dərəcədə yüksəldəcək. Bakı-Tiflis-Qarsxətti ilə 2025-ci ilə qədər yükdaşımalarının illik 6 milyon tona çatdırılması hədəflənib. Rusiyanın bu xəttə ehtiyac duyması sayəsində həmin hədəfə daha tez çatılacağı gözlənilir. Bunun hesabına xəttin işlədilməsindən əldə edilən gəlirlər daha tezliklə yüksələcək.

Rusiya Bakı-Tiflis-Qars xəttindən istifadə etməklə Türkiyəyə çatdırılacaq yükləri göndərə biləcək. Türkiyə idxalçıları bu xətt vasitəsilə Rusiyadan və Çindən aldığı malları təmin edəcək. Rusiya-Türkiyə arasında dənizlə birbaşa yolla illik yük axını 6 milyon ton, avtomobil və Avropanın tranzit dəmir yol magistralları (Bolqarıstan üzərindən) ilə 20 milyon ton səviyyəsindədir. Rusiya bu yük axınlarını öz nəzarətinə götürərək yükləri birbaşa “Bakı-Tiflis-Qars  vasitəsilə göndərməyi planlaşdırır.

Digər tərəfdən, Rusiya Cənub və Asiya-Sakit Okeanı ölkələrinə də yüklər göndərir. Həmin yüklərin önəmli hissəsi “Trans-Sibir” xəttinin payına düşür. Bu yüklərin bəzilərinin xüsusiyyəti elədir ki, mövsüm ərzində tələbat həddən artıq yüksəlir. Buna görə də Rusiyadakı xətt yüklərin hamısını çatdırmaqda gərginlik yaşayır. Rusiya bu gərginliyi yüklərin bir hissəsini “Bakı-Tbilisi-Qars” xəttinə ötürməklə həll edə bilər.

Rusiyalı mütəxəsislərin qiymətləndirməsinə görə iki dəmiryol xəttinin əlaqələndirilməsindən sonra Azərbaycan Rusiya buğdası və meşəsi üçün tranzit ölkəyə çevrilir.

Rusiyadan keçən yüklərin bir hissəsinin Azərbaycan üzərindən daşınmasının ölkəmizə verəcəyi digər mühüm fayda Azərbaycandakı nəqliyyat infrastrukturunun inkişafı olacaq. Eyni zamanda regionda təhlükəsizliyin tam təmin edilməsi daha aktual məsələyə çevriləcək. Azərbaycanın əlverişli coğrafi əhəmiyyətini görən Rusiya ölkəmizin mühüm nəqliyyat habına çevrilməsini gələcəkdə daha böyük səylə dəstəkləyəcək. Bu istəyə uyğun olaraq “Şimal-Cənib” dəhlizi boyunca dəmiryol xəttinin çəkilməsinin bir qədər də tezləşdirilməsi mümkün görünür.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz