Əlaqə Arxiv
news Image
2019.12.13
10:25
| A A A
İxracda şaxələnmə zərurətə çevrilir
Cümşüd Nuriyev: “İqtisadiyyat Nazirliyində ixracın və bazarların şaxələndirilməsi ilə bağlı strateji yol xəritəsi olmalıdır”

Azərbaycanın qeyri-neft məhsullarının ixracında artım dinamikası davam etsə də hələlik bazarların və mal qruplarının şaxələndirilməsində ciddi dəyişiklik baş vermir. Ölkəmizin ixrac etdiyi əsas mallar meyvə-tərəvəz, pambıq, əlvan metallardən alınan mallar, bəzi kimya sənayesi məhsullarıdır. Bu məhsulların da əsas alıcıları Rusiya və Türkiyədir. Ölkəmizdən Avropa İttifaqı, ABŞ, Uzaq və Yaxın Şər regionu ölkələrinə məhsul ixracı ya yoxdur, ya da olduqca azdır. Bu vəziyyət qeyri-neft sektoru üzrə ixracda mal çeşidlərinin və ölkələrin sayının artırılmasının zəruri olduğunu üzə çıxarır.

Qeyd edilən məsələ hökumət rəsmiləri səviyyəsində də qaldırılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan iş adamları Rusiya bazarında uğurla çalışırssa, deməli, başqa bazarlarda da uğur qazana bilər. O qeyd edib ki, bazarlarla bərabər malların da çeşidi genişləndirilməlidir.

Azərbaycan son illərdə ixrac etdiyi malların çeşidini xeyli artırıb. Amma idxalla müqayisədə ixrac olunan malların çeşidi arasında kəskin fərq hələ də qalır. 2011-ci ilin yanvar-oktyabr dövründə ölkəmizdən ixrac edilən malların çeşid sayı 1950 ədəd təşkil edib. Həmin dövrdə ölkəmizə 5970 adda mal gətirilib. 2012-ci ilin eyni dövründə ixrac edilən malların çeşid sayı 2111 ədəd, idxal edilən malların çeşid sayı 6186 ədəd, 2013-cü ilin ilk yanvar-oktyabr dövründə ixrac edilən malların çeşid sayı 1915 ədəd, idxal edilən malların çeşid sayı 5960 ədəd təşkil edib.

2012 və 2013-cü illər Azərbaycanın qeyri-neft ixracında ən yüksək göstəricilərin qeydə alındığı illər idi. Amma 2015-ci ildən qeyri-neft mallarının ixracında ciddi azalma baş verdi. Buna baxmayaraq yanvar-oktyabr dövrlərinin müqayisəsi göstərir ki, Azərbaycandan ixrac edilən malların çeşidlərinin sayında artım baş verib. Belə ki, 2016-cı ildə ixrac olunan mallarım çeşid sayı 2717 ədəd, idxal edilən malların çeşid sayı 7109 ədəd, 2017-ci ildə ixrac edilən malların çeşid sayı 2977 ədəd, idxal edilən malların çeşid sayı 7264 ədəd, 2018-ci ildə ixrac edilən malların çeşid sayı 2875 ədəd, idxal edilən malların çeşid sayı 7367 ədəd, 2019-cu ildə ixrac edilən malların çeşid sayı 2917 ədəd, idxal edilən malların çeşid sayı 7321 ədəd olub.

Son illərdə ixrac edilən malların çeşid sayının artmasına 2 səbəb ciddi təsir edib. Birinci səbəb 2015-ci ildə iki ardıcıl devalvasiyadan sonra ölkəmizdə istehsal edilən malların bazar dəyərinin əlverişli olmasıdır. Qiymətlər əlverişli olduğundan ixrac edilən malların çeşid sayını artırmaq imkanı yaranıb. İkinci mühüm səbəb isə ölkəmizdə qeyri-neft sektoruna aid olan yeni müəssisələrin yaradılması və Azərbaycanda istehsal edilən mallarla bağlı təbliğat, tanıtım işlərinin gücləndirilməsidir.

Müstəqil iqtisadi şərhçilər də hesab edir ki, Azərbaycan ixrac etdiyi qeyri-neft mallarının çeşidini və ixrac bazarlarının sayını artıra bilər. İqtisadçı-ekspert Cümşüd Nuriyev hesab edir ki, Azərbaycan ixrac etdiyi malların çeşidini çox artıra bilmədiyindən ixracdan əldə etdiyi gəliri də xeyli dərəcədə artıra bilmir: “Azərbaycan uzun illərdir ki, eyni mal qrupları üzrə ixrac həyata keçirir. Bu hal özünü qeyri-neft sektoru üzrə ixracda da göstərir. Eyni cür mallar ixrac edildiyindən iqtisadiyyatın xarici əməliyyatlardan qazancı ciddi dəyişmir”.

C.Nuriyevin fikrincə İqtisadiyyat Nazirliyində ixracın və bazarların şaxələndirilməsi ilə bağlı strateji yol xəritəsi olmalıdır. Onun sözlərinə görə Azərbaycan qısa müddətdə qida məhsullarının ixrac bazarını şaxələndirməklə ixrac həcmini artıra bilər: “Son illərin nəticəsi göstərir ki, Azərbaycanın ixracını artırmaq üçün kənd təsərrüfatında və qida sənayesində böyük imkanlar var. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri bu imkanların analizini aparmalıdır, ixrac imkanlarının artırılması üçün strategiya müəyyən edilməlidir.

Rusiya bazarından kənara çıxmaq üçün həm markalanma, həm də qablaşdırma yüksək səviyyədə olmalıdır. Azərbaycanda müxtəlif sahələr üzrə məhsullar istehsal edilir, amma onlar daha çox daxili bazara hesablanıb. Bu məhsulların bir çoxunun keyfiyyət göstəriciləri onların Avropa İttifaqı ölkələrinin, əhalisinin gəliri yüksək olan digər ölkələrin bazarlarına çıxarılmasını çətinləşdirir. Əhalisinin gəlir səviyyəsi yüksək olan ölkələrdə idxal malları arasında həmişə güclü rəqabət olub. Onlarda istehlakçılar qiymət yox, keyfiyyət amilinə üstünlük verirlər. Buna görə də ölkəmizdə istehsal edilən məhsullar keyfiyyətli olmaqla bərabər, yaxşı qablaşdırılmalıdır.

Azərbaycandakı yerli istehsalçıların bəzilərinin əsas düşüncəsi qoyduğu sərmayəni tezliklə çıxartmaqdır. Buna görə də əsas məsələ ucuz məhsul istehsal edib bazarda daha çox pul qazanmağı hədəf kimi müəyyənləşdiriblər. İstehsal edilən kənd təsərrüfatı məhsullarımız ekoloji cəhətdən təmizdir, keyfiyyətlidir. Amma onlardan hazırlanan qida sənayesinə aid məhsullar eyni keyfiyyətə sahib deyil. Hansı müəssisədə kənd təsərrüfatı məhsullarından yaxşı emal məhsulu alınırsa, onu Avropa İttifaqı ölkələrinə, hətta Avstraliya, ABŞ kimi uzaq ölkələrə ixrac etmək mümkündür. Hazırda da bəzi qida sənayesinə aid olan şirklətlərin məhsulları uzaq bazarlara göndərilir və yaxşı da satılır. Lakin başqa müəssisələrin məhsulları ya bir neçə ölkəyə satılır, ya da ancaq daxili bazarda satışa çıxarılır. İxrac üçün çalışmayan, bunu özünə hədəf kimi müəyyənləşdirməyən müəssisələrin malları bir dövrdən sonra daxili bazarda da satışı azalacaq. Çünki əhalinin tələbatı və gəliri artdıqca onlar daha keyfiyyətli və daha yaxşı çeşiddə olan malları almağa üstünlük verəcək ki, bu da idxalın artımını artıracaq. Buna görə də hökmən hər bir istehsalçı ixraca yönəlməlidir”.

C.Nuriyev təklif edir ki, ixracın şaxələndirilməsi üçün İqtisadiyyat Nazirliyinin yanında şura yaradılsın: “Şurada nəzəri və praktik biliyi geniş olan mütəxəsislər təmsil olunmalıdır. Onların tövsiyəsi ilə strateji yol xəritəsi hazırlanıb qəbul edilməlidir. Müəyyən etmək lazımdır ki, Azərbaycan hansı yolu gedərsə dünya bazarına çıxmaq imkanları daha yaxşı olar”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz