Əlaqə Arxiv
news Image
2019.12.13
14:33
| A A A
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) dekabrın 11-də keçirilən İdarə Heyətinin görüşündə "KPMG Azerbaijan" şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev İdarə Heyətinin sədri seçilərək "PWT Wasser- und Abwassertechnik GmbH" şirkətinin Bakı filialının rəhbəri, Falko Haydrixi əvəz edib.

Mövqe.az bu barədə AHK Azərbaycan-a istinadən xəbər verir.

Məlumata görə, Fərid İsayev Londonun Kingston Universitetinin Beynəlxalq Hüquq üzrə LLB dərəcəsinə malikdir. Neft və qaz sənayesi, miqrasiya, əmək quruculuğu, dövlət və özəl tərəfdaşlığı, korporativ və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələrdə fəaliyyət göstərən F.İsayev, eyni zamanda bank və sığorta sektorlarında da geniş təcrübəyə sahibdir. 2013-cü ildə KPMG komandasına qoşulmadan öncə İsayev Bakıda “Big4” audit şirkətlərindən birində hüquq sahəsində fəaliyyət göstərib. Onun beynəlxalq təcrübəsinə neft və qaz ticarəti sektorunda dünyanın ən böyük əmtəə ticarətçilərindən biri olan "Glencore International" şirkətinin Londondakı ofisində fəaliyyəti də daxildir.

2013-cü ildən etibarən AHK Azərbaycan-ın İdarə Heyətinin üzvü olan Fərid İsayev 2016-cı ildən Palatanın İdarə heyətinin Sədr müavini kimi fəaliyyət göstərib. Eyni zamanda F.İsayev Korporativ İdarəetmə, İnvestisiyalar, İnvestorlarla Əlaqələr, İş Etikası və Korporativ Sosial Məsuliyyət mövzularını əhatə edən Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Hökumət Komissiyasının üzvüdür və müntəzəm olaraq müvafiq biznes məsələləri üzrə məqalələr dərc edir.

Palatanın yeni İdarə Heyətinə "KPMG Azerbaijan" şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev, "NORM LLC" şirkətinin Baş İcraçı Direktoru Henninq Sasse, "AccessBank"ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Anar Həsənov, "Uniper Global Commodities SE" şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə vitse-prezidenti Michael Hilmer, "Hyatt Regency Baku" Hotelin Baş direktoru Valter Gag, "Weidmüller Interface GmbH & Co. KG" şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə meneceri Əliyar Həşimli və AHK Azərbaycan-ın İcraçı Direktoru Tobias Baumann daxildir.

Qeyd edək ki, İdarə Heyəti üç il müddətinə təyin olunur.

Xatırladaq ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası 2012-ci ildən etibarən Alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılıb. 140- dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin genişçeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir.

Sizin Reklam Yeriniz