Əlaqə Arxiv
news Image
2019.12.14
10:30
| A A A
İslahatlar real sektora kredit qoyuluşunu artıracaq
Bankların real sektora kredit qoyuluşunun həcminin artırılması üçün imkanlar var

Azərbaycanda həyata keçirilən islahatların bütün sahələrdə müsbət nəticələrinin olacağı gözlənilir. Yeni islahatlar fonunda real sektora kredit qoyuluşunun həcmində ciddi artımın olacağı da proqnozlaşdırılır. Son məlumatlara əsasən, bankların verdiyi kreditlərin 42 faizi real sektora yönəldilib. Banklar təxminən bu qədər krediti ev təsərrüfatlarına verib. Əksər qiymətləndirmələrə əsasən kredit qoyuluşunda ev təsərrüfatlarına verilən kreditlərin payı yüksəkdir. Amma real sektora ayrılan kreditlərin payı azdır. Buna görə də real sektora kredit qoyuluşunun həcminin artırılmasının daha vacib olduğu bildirilir.

İstehlak kreditlərindən fərqli olaraq real sektora ayrılan kreditlərin həcminin artırılmasının iqtisadiyyat üçün faydası daha böyükdür. İstehlak kreditləri çoxaldıqca ölkəmizə idxalın həcmi artdığı halda, real sektora verilən kreditlərin həcminin artması yerli istehsalın və ixracın həcminin artmasına şərait yaradır. Digər tərəfdən real sektora daha çox kreditin ayrılması iqtisadiyyatda yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına səbəb olur. Buna görə də mütəxəsislər real sektora kredit qoyuluşunun həcminin daha çox artırılmasının vacib olduğu qənaətindədirlər.

Bankların real sektora kredit qoyuluşunun həcminin artırılması üçün imkanlar var. Son qiymətləndirmələrə əsasən Azərbaycanda bank sektorunun likvid vəsaitlərinin həcmi 8,2 milyard manatdır. Bankların ümumi kredit qoyuluşunu nəzərə alsaq görürük ki, likvid vəsaitlərin həcmi böyükdür. Banklar 2019-cu ilin oktyabrın 1-nə olan məlumata əsasən iqtisadiyyata 13,5 milyard manata yaxın kredit qoyub. Likvid vəsaitlərin həcmi kreditlərin təxminən 61 faizi miqdarındadır. Bu fakt onu göstərir ki, banklar iqtisadiyyata daha çox kredit vermək imkanına sahibdir.

Bankların bəziləri likvid vəsaitlərin yerləşdirilməsində çətinliklə üzləşir. Bunun nəticəsidir ki, bank aktivlərində kredit qoyuluşunun payı əvvəlki dövrlərlə müqayisədə azalıb. 2014-cü ildə kredit qoyuluşunun aktivlərdə payı 70 faizə yaxın olduğu halda hazırda bu göstərici 42 faizdən də azdır. Banklar cəlb etdikləri və sahib olduqları vəsaitlərin daha çox hissəsini yerləşdirmir və ya yerləşdirməkdə çətinlik çəkir.

Likvid vəsaitlərin bir hissəsinin iqtisadiyyata yönəldilməsi iqtisadi inkişaf üçün daha əlverişli şərait yarada bilər. Likvid vəsaitlərin yerləşdirilməsində çətinliyin yaranmasının bir neçə səbəbi var. Bunlardan birincisi iqtisadi risklərin yüksək olmasıdır. Banklar krediti ödəniş qabiliyyəti yüksək olan şəxslərə vermək istəyir.

Amma girov predmetinin bazar dəyərinin tez-tez dəyişməsi, korporativ idarəetmənin zəif olması səbəbindən müəssisələrin mənfəətlə işləməmə riski və s. amillər bankların real sektora kredit qoyuluşunda ehtiyatlı davranmağa vadar edir. İslahatların nəticəsi olaraq Azərbaycan iqtisadiyyatında rəqabət mühitinin daha da sağlamlaşacağına dair inam güclənib. Rəqabət mühitinin sağlamlaşması və daha güclü olması sahibkarlıq subyektlərinin inkişaf imkanlarını yüksəldəcək. Bu hal iqtisadiyyata inamı bir qədər də gücləndirəcək ki, nəticədə də bankların real sektora kredit qoyuluşunda əlavə stimul yaranacaq.

Kredit bazarında ehtiyatlı davranışı yaradan digər əsas səbəblərdən biri məhkəmə-hüquq sistemi ilə bağlıdır. Bank, kreditini ala bilmədikdə məhkəməyə müraciət edir və bir sıra hallarda məhkəmələr kredit götürənin xeyrinə qərar qəbul edir. Bu halda banklar çox çətin vəziyyətə düşürlər.

Bundan başqa bəzi hallarda mübahisəli məsələlərin həlli çox uzun çəkir ki, bununla da bankların maliyyə vəziyyəti ağırlaşır. İslahatlar məhkəmə-hüquq sistemində də ciddi dəyişikliklərə gətirib çıxaracaq və kreditlə bağlı yaranan mübahisəli məsələlərin həlli daha tez və effektiv həll ediləcək. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi real sektora kredit qoyuluşunun həcminin artırılması üçün daha əlverişli şərait yaradacaq.

Likvid vəsaitlər iqtisadiyyata yönəlsə, həm iqtisadi inkişafa xidmət edəcək, iqtisadi aktivlik yüksələcək, həm də faizlərin düşməsinə təsir göstərəcək. Hazırda banklar biznes kreditlərini əsasən 10-15 faiz dərəcəsi ilə verir. İslahatlardan sonra yaranacaq vəziyyət real sektora kredit qoyuluşunun illik daha aşağı, məsələn, 7-8%-lə təklif etmək imkanı yaradacaq.

İslahatların təzahürlərindən biri kimi real sektora kredit qoyuluşunun artırılması məqsədilə hüquqi müstəvidə atılan addımlardır. Oktyabrda "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edilib.

Bundan bir qədər sonra "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da dəyişiklik olundu.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır. Dəyişiklik noyabrın 30-dan qüvvəyə mindi. 

Həmin dəyişikliklərdə əsas məqsəd biznes kreditlərinin həcminin artırılması, istehlak kreditlərinin azaldılmasıdır.

Bankların biznes sektoruna daha çox kredit verə bilməsi üçün onlara ucuz vəsaitlər də lazımdır. Ucuz vəsaitləri depozit cəlb etməklə təmin etmək mümkün deyil. Bunun üçün Mərkəzi Bank kommersiya banklarına ucuz kredit verməlidir, yaxud digər mənbələrdən. İslahatlardan sonra bu məsələlərin də həllinin mümkün olacağı gözlənilir.

Beləliklə, islahatlar məsələlərin həllində kompleks yanaşmanın tətbiqinə yol açacaq, biznes mühiti daha da yaxşılaşacaq və bankların real sektora kredit qoyuluşunu artırması üçün güclü təkan olacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz