news Image
2019.12.14
10:45
| A A A
Azərbaycan xarici borclardan imtina edir

Ruslan Atakişiyev: "Zərurət yoxdursa, borclanmaya getməyə ehtiyac qalmır"

Əkrəm Həsənov: "Dünya Bankının vəsaitindən imtina borc yükünün azaldılması baxımından əhəmiyyətlidir"

Azərbaycan hökuməti Dünya Bankından cəlb etməyi düşündüyü böyük məbləğdə borcdan imtina edib. Hökumət ökədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması layihəsi çərçivəsində Dünya Bankından 66,7 milyon dollar kredit almaq haqqında razılaşmışdı. Hökumət bu kreditin 15,5 milyon dollarını alıb istifadə etmişdi. Azərbaycan tərəfi kreditin qalan və daha böyük hissəsini almaqdan imtina edib. Bununla da layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən bu ilin sonuna dəyişdirilib.

Dünya Bankından verilən məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.

Layihənin dayandırılmasından sonra gələcək işlərin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Azərbaycan hökuməti 2019-cu ilin yanvarında Dünya Bankından layihənin dayandırılmasını və qalan kredit məbləğinin qaytarılmasını istəmişdi. Bu müddət ərzində Dünya Bankı kreditin bir hissəsinin gözlənilən ləğvi nəzərə alınmaqla, kredit çərçivəsində tamamlanmalı olan işlərin həcmini hesablayıb. Beləliklə, layihənin dörd komponentinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 66,7 milyon dollarlıq kreditdən 15,504 milyon dollar istifadə edilib.

Azərbaycan hökumətinin bu addımını nə ilə izah etmək olar? Bu, Azərbaycana hansı üstünlüklər qazandırır?

Məlumatı şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, hökumət bu addımı dövlət büdcəsinin xərclər hissəsinin planlaşdırılması ilə əlaqədar atıb. O qeyd etdi ki, dövlət büdcəsində xarici borclara xidmətlə bağlı xərclər xeyli dərəcədə artıb: "Xarici borclara xidmət xərclərinin bir hissəsini əsas borc, digər hissəsini faiz xərcləri təşkil edir. Son illərdə həmin xərclərin manatla ifadədə həcmi xeyli artıb. Buna görə də Azərbaycan hökuməti özü maliyyələşdirə biləcəyi xərclərə görə borc almaq istəmir".

R.Atakişiyev söylədi ki, Azərbaycan valyuta ehtiyatları da artır. 2019-cu ildə strateji valyuta ehtiyatlarının həcmi 50 milyard dolları ötüb. Ekspert dedi ki, ölkənin maliyyə imkanlarının artmasını nəzərə alaraq beynəlxalq maliyyə təşkilatları da Azərbaycana borc verməkdə maraqlıdırlar: "Amma ölkəmizin maliyyə imkanları artdığından xarici borclanmanı artırmağa ehtiyac qalmır. Daxili vəsaitlərdən istifadə həm də o baxımdan sərfəlidir ki, burada faiz xərcləri yaranmır. Daxili vəsaitlərin digər üstünlüyü onun milli valyutada olmasıdır. Dövlət borcunun idarə edilməsi və borc yükünün azaldılması baxımından Azərbaycan hökumətinin verdiyi qərar doğrudur".

 

Ekspert dedi ki, Dünya Bankının verdiyi kreditlərin şərtləri ağır deyil: "Kreditlər ayrılan zaman ölkənin kredit reytinqi nəzərə alınır. Dünya Bankının ayırdığı kreditlərin şərtləri də Azərbaycanın ödəmə qabiliyyətinə uyğundur. Ancaq zərurət yoxdursa borclanmaya getməyə ehtiyac qalmır".

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov da hesab edir ki, hökumətin bu qərarı dövlətin borc yükünün azaldılması baxımından əhəmiyyətli qərardır: "Dünya Bankının kreditləri alınan zaman müəyyən faiz dərəcəsi ilə borclanma həyata keçirilir. Faiz dərəcəsi Azərbaycan dövləti, onun büdcəsi üçün əlavə xərc yaradır. Buna görə də əgər Azərbaycanın daha aşağı faizlə və ya faizsiz vəsait cəlb etmək üçün imkanı varsa həmin imkandan faydalanmaq daha doğrudur".

Ə.Həsənov Azərbaycanın özünün kifayət qədər vəsaitinin olduğunu və zərurət yaranmadıqca xaricdən borc alınmasına ehtiyac qalmadığını bildirdi: "Azərbaycanın sahib olduğu valyuta ehtiyatlarının banklarda, qiymətli kağızlarda yerləşdirilməsindən əldə edilən gəlirlərin dərəcəsi Dünya Bankının təklif etdiyi faiz dərəcəsindən aşağıdır. Belə olan təqdirdi nəyə görə Azərbaycan öz pulunu kiməsə aşağı faizlə verib digərlərindən nisbətən yüksək faizlə borc almalıdır. Məsələn, şərti olaraq qəbul etsək ki, xarici valyutada olan aktivlərimizi 0,5 faizə yerləşdirib sonra 1 faizlə borc alırıq. Bundansa öz vəsaitlərimizdən istifadə etmək daha düzgün deyilmi? Bu mənada mən Azərbaycan hökumətinin qərarını düzgün hesab edirəm".

Qeyd edək ki, xarici dövlət borcunun azalması ilk növbədə dövlətin büdcə gəlirlərindən daha səmərəli istifadə etməyə, onun daha çox hissəsinin ölkə iqtisadiyyatının qalxınmasına və əhalinin sosial müdafiəsinin gücləndidirlməsinə sərf etməyə imkan verir. Xarici borc çox olduqda büdcə xərclərində onun payı yüksəlir. 2019-ci ildə xarici dövlət borcuna xidmətlər bağlı 2,1 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait ümumi büdcə xərclərinin təxminən 8,5 faizini təşkil edəcək. 2020-ci ildə xarici dövlət borcu ilə bağlı xərclər 2,03 milyard manata düşəcək. Gələn ilin büdcəsinin xərclər layihəsinə əsasən xarici borclarla bağlı xidmət xərclərinə cəmi xərclərin 8 faizi yönəldiləcək.

Xarici borcların ümumi məbləğinin azalması bir tərəfdən borc asılılığının minimumlaşdırılması baxımından vacibdirsə, digər tərəfdən ölkənin öz dövlət gəlirlərini daha səmərəli istifadə etməsi baxımından faydalıdır. Statistika göstərir ki, borc çox olanda bununla bağlı büdcədən vəsait çox ayrılır. Nəticədə bu səbəbdən sosial və digər sahələrə yetəri qədər vəsait ayırmaq mümkün olmur.

Amma xarici borclar azaldıqda dövlət büdcəsinin xərclərindən Azərbaycan vətəndaşlarının rifahı naminə daha çox yararlanmaq imkanı formalaşacaq.

 

 

Vasif CƏFƏROV