Əlaqə Arxiv
news Image
2019.12.14
11:15
| A A A
Azərbaycana Latın Amerikasında da böyük maraq yaranır
Azər Allahverənov: “Latın Amerikası ölkələri ilə iqtisadi əməkdaşlıq ilk növbədə turizm sektorunda ola bilər”

Azərbaycan daha çox xarici turistin cəlb edilməsi üçün və regional nəqliyyat infrastrukturundan əldə etdiyi gəlirlərin artırılması məqsədilə Latın Amerikası ölkələri ilə də əlaqələri inkişaf etdirməyi düşünür. Bu məqsədlə Azərbaycan tərəfi ölkəmizin iqtisadi imkanları ilə bağlı davamlı şəkildə Latın Amerikası ölkələrini məlumatlandırır.

Bugünlərdə Azərbaycan Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunan səfirləri ilə görüş keçirilib.Görüş zamanı Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, nəqliyyat və turizm sahələrinin potensialı haqqında məlumat verilib. Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tranzit yüklərin daşınmasında strateji nəqliyyat qovşağı olduğu ifadə edilib. Bu baxımdan, Azərbaycanın SOA və müşahidəçi dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.

SOA-ya üzv ölkələrin səfirləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafı üçün müvafiq qurumlarla praktiki layihələr üzərində müzakirələrə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, bu il iyulun 4-6-da Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Peru Respublikasına səfəri zamanı Azərbaycan Sakit Okean Alyansında müşahidəçi statusu alıb. SOA Çili, Kolumbiya, Meksika və Peru tərəfindən yaradılıb, 57 ölkənin müşahidəçi statusunda iştirak etdiyi Latın Amerikası ticarət blokudur. Birlikdə 210 milyon nəfər əhaliyə və dünya miqyasında 8-ci yerdə olan ÜDM-yə malik bu ölkələr malların, xidmətlərin, kapitalın və insanların tam inteqrasiyası məqsədilə bir araya gəliblər.

Bəs, SAO ölkələri ilə iqtisadi əməkdaşlıq Azərbaycana nə vəd edər?

Ekspert Azər Allahverənov hesab edir ki, Latın Amerikası ölkələri ilə iqtisadi əməkdaşlıq ilk növbədə turizm sektorunda ola bilər. Onun fikrincə alyansa üzv olan ölkələrlə, həmçinin Latın Amerikası ölkələri ilə əməkdaşlıq Azərbaycana daha çox turizm sahəsi üzrə fayda gətirmək imkanı var: “Ölkəmizə daha çox turistin gəlməsi üçün dünyanın bütün regionlarının ölkələri, hökumətləri ilə əlaqələr inkişaf etdirilməli, Azərbaycanla bağlı məlumatlar çatdırılmalıdır. Bununla bir neçə ölkədən yox, bütün ölkələrdən azsayda olsa da turist cəlb etməklə ümumən turist səfərlərinin sayında artıma nail ola bilərik.

Azərbaycanın yaxın ölkələrlə turist mübadiləsi yüksək səviyyədədir. Hazırda Azərbaycana ən çox turist yaxın coğrafiyaya aid olan ölkələrdən gəlir. Rusiya, Gürcüstan, Türkiyə, İran, Ukrayna vətəndaşları Azərbaycana gələn turistlərin çox hissəsini təşkil edir. Son illərdə Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında artım var. Uzaq ölkələrdən, o cümlədən Latın Amerikası ölkələrindən turist az gəlir.

Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri turist mübadiləsində ənənəvi olmayan ölkələrdən turist cəlbinin artırılmasıdır. Bu məqsədlə uzaq Asiya ölkələri ilə əlaqələr gücləndirilir. Çindən daha çox turistin cəlb edilməsi məqsədilə Çin hökuməti ilə danışıqlar aparılır və müəyyən razılıq də əldə edilib. Bu tədbirlərin nəticəsində Azərbaycana turis səfərləri edən şəxslərin vətəndaşı olduğu ölkələrin coğrafiyası genişlənəcək. Bu mənada Latın Amerikası ölkələrindən turist cəlbinə çalışmaq əhəmiyyətlidir.

Düzdür, alyansa üzv olan ölkələr daha çox turist qəbul etməkdə maraqlıdır. Məsələn, Çili dağ turizmini inkişaf etdirərək öz ölkəsinə daha çox turist cəlb etməyi hədəfləyir.

Amma bununla belə həmin ölkələrdən də xaricə turist səfərləri çoxdur. Bu ölkələrin vətəndaşları əsasən orta gəlirli şəxslərdir. Buna görə də Azərbaycan turizm xidmətlərini elə bir səviyyədə təşkil etməlidir ki, bu ölkələrdən gələn turistlər üçün münasib olsun. Burada qiymət faktoru çox əhəmiyyətlidir. İşlərimizi əgər düzgün təşkil edəriksə Latın Amerikası ölkələrindən də gələn turistlərin sayında artıma nail ola bilərik”.

 A.Allahverənov qeyd etdi ki, Latın Amerikası ölkələri ilə münasibətlərin inkişafında diplomatlarla əlaqələrin gücləndirilməsi, təmasların çoxalması faydalıdır: “Səfirlərlə görüşün əhəmiyyəti ondadır ki, onlar öz ölkələrinə, turizm şirkətlərinə Azərbaycanla bağlı, burada sabitliyin olması, maraqlı tərəflər haqqında məlumat çatdıra bilərlər. Dipıomatik korpusların fəaliyyəti ilkin tanışlıq, əlaqələrin bünövrəsinin qoyulması baxımdan böyük əhəmiyyətə sahibdir”.

Ekspert Latın Amerikası ölkələrinin Azərbaycanın nəqliyyat imkanlarından faydalanmasının da mümkün olduğunu söylədi: “Gələcəkdə Azərbaycanın nəqliyyat infrastrukturundan da faydalan bilərlər. Bu ölkələrin materikdən kənara göndərdikləri yüklərin okean və dənizlər vasitəsilə çatdırılır. Amma digər materiklərin mərkəzi hissəslərinə göndərilən yüklər hökmən quru yollarla daşınmalıdır. Bu baxımdan dəmiryollarından istifadə zərurəti yaranır. Latın Amerikasından Orta Asiyaya, Çinin Qərb hissəsinə göndərilən yüklərin bir hissəsi Azərbaycandan keçməklə çatdırıla bilər. Bakı-Tiflis-Qars dəmiryol xətti bu baxımdan əhəmiyyətli vasitədir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz