Əlaqə Arxiv
news Image
2020.01.15
09:52
| A A A
Qiymətli kağızlar bazarında inkişaf axsayır
Natiq Cəfərli: “Açıq səhmdar cəmiyyətlər yaradılmalı və onlarda korporativ idarəetmə ənənəsi formalaşdırılmalıdır”

Azərbaycan iqtisadiyyatının axsayan sahələrindən biri də qiymətli kağızlar bazarıdır. Bu sahənin inkişafı üçün uzun müddət cəhdlər edilsə də təəssüflər olsun ki, qiymətli kağızlar bazarında kütləviliyi təmin etmək, dövlət müəssisəsləri ilə bərabər özəl sektorun aktivliyini yaratmaq mümkün olmayıb.

Qiymətli kağızlar bazarının inkişafdan qalması faktına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da toxunub. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Mərkəzi Bankın rəhbəri qeyd edib ki, kapital bazarlarının inkişafı olduqca xüsusi, böyük bir məsələdir. E.Rüstəmov söyləyib ki, Azərbaycanda kapital bazarları inkişaf etməyib. O bu bazarın inkişafı üçün araşdırma aparıldığını dedi: “Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər”.

Ölkəmizdə qiymətli kağızlar bazarının inkişafdan qalmasının əsas səbəbini iqtisadçı-ekspert Natiq Cəfərli özəl sektorun bazarda iştirakının zəif olması ilə əlaqələndirir. Onun fikrincə hazırda bazarda mövcud olan aktivlik səviyyəsi Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və dövlət şirkətlərinin iştirakçılığı ilə bağlıdır.

Ekspert söylədi ki, qiymətli kağızlar bazarında mövcud vəziyyət son bir neçə ildə yaranmayıb. O düşünür ki, Azərbaycanda özəlləşmə prosesinə başlanılanda nəzərdə tutulan tədbirlərin davamlılığının təmin edilməməsi belə bir vəziyyət yaratdı: “Özəlləşdirməyə başlanılanda işlək səhimdar cəmiyyətlərin yaradılması nəzərdə tutulurdu. Amma sonradan belə cəmiyyətlərin yaradılmasında axsamalar oldu. Bundan başqa investisiya fondlarının yaradılmalı idi. Bu da baş vermədi. Nəticədə ölkəmizdə böyük səhmdarlar sinifi formalaşmadı, işlək səhmdar cəmiyyətlər olmadı və səhmlərin alqı-satqısı baş vermədi. Buna görə də qiymətli kağızlar bazarının inkişafı axsadı”.

N.Cəfərlinin qənaətincə, digər problem böyük dövlət şirkətlərinin özəlləşdirilməsi ilə bağlı qərarların verilməməsi oldu. Onun sözlərinə görə, investorlar üçün cəlbedici olan dövlət şirkətləri var ki, onların özəlləşdirilməsi qiymətli kağızlar bazarını canlandıra bilərdi: “İndi ölkəmizdə ən məhşur qiymətli kağızlar SOCAR-ın buraxdığı qiymətli kağızlardır. SOCAR-ın qiymətli kağızlarına maraq göstərilməsinin əsas səbəbi dividentlərin vaxtlı-vaxtında ödənilməsidir, onların alqı-satqısı ilə bağlı heç bir problem yoxdur. Ona görə də populyarlıq qazanıb. Əgər ölkədə belə bir qiymətli kağızlar yoxdursa, investorlar üçün cəlbedici maliyyə ələtləri yoxdursa, qiymətli kağızlar bazarı təməlindən səhv qurulubsa, təbii ki, sonda da belə bir nəticə gözlənilirdi. Hazırda qiymətli kağızlar bazarı faktiki olaraq ölü vəziyyətindədir”.

N.Cəfərli deyir ki, qeyri-neft sektorunun inkişafı, ölkəmizə sərmayə qoyuluşunun artırılması üçün hökmən qiymətli kağızlar bazarı inkişaf etdirilməlidir: “Qiymətli kağızlar bazarının, birjaların olmaması Azərbaycan iqtisadiyyatının çoxşaxəli modelə keçidlə bağlı planlarını da çətinləşdirir. Qiymətli kağızlar bazarı inkişaf etməsə çoxşaxəli modelə keçməyi əngəlləyəcək, keçid bir yerə qədər baş verəcək, sonra maneələr yaranacaq. Qeyri-neft sektorunun inkişafı məqsədilə hökmən kapital bazarı inkişaf etməlidir”.

Bu məqsədlə o ilk növbədə özəlləşdirmənin genişləndirilməsini tövsiyə edir: “Hazırda elə dövlət şirkətləri var ki, onlar hökmən özəlləşdirilməyə çıxarılmalıdır. Xidmət sektorunda dövlətin iri şirkətlərinin olmasına ehtiyac yoxdur. Məsələn, paylayıcı şirkətlərin dövlətdə qalmasına ehtiyac yoxdur. Amma bəzi istehsal müəssisələri dövlətdə qalmalıdır. O cümlədən neft istehsalı, elektrik enerjisinin istehsalı dövlətin manopoyasında qalmalıdır. Bu həm də təhlükəsizlik məsələsidir. Paylayıcı şirkətlər isə özəlləşdirilməlidir. Bu kimi şirkətlərin özəlləşdirilməyə açılması Azərbaycanın qiymətli kağızlar bazarında canlanmaya səbəb ola bilər”.

Onun fikrincə, özəlləşdirmə genişləndirilməklə yanaşı Azərbaycanda korporativ idarəetmə inkişaf etdirilməlidir. Ekspert bildirdi ki, özəl şirkətlər korporativ idarəetməni təmin etməlidirlər: “Özəlləşdirmədən sonra açıq səhmdar cəmiyyətlər yaradılmalıdır və onlarda korporativ idarəetmə ənənəsi formalaşdırılmalıdır. Səhmdar cəmiyyət formasının özəl sektorda inkişaf etməməsi qiymətli kağızlar bazarının inkişafını formalaşdırmadı”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz