Əlaqə Arxiv
news Image
2020.01.21
10:25
| A A A
Kölgə iqtisadiyyatı ilə mübarizə vergi gəlirlərini artırır
Ruslan Atakişiyev: “Azərbaycan kölgə iqtisadiyyatının kiçildilməsi istiqamətində davamlı tədbirlər görməklə onu mərhələli şəkildə azalda bilər”

2019-cu ildə Azərbaycanda vergi daxilolmalarında ciddi artıma nail olunub. Artım həm vergi orqanlarının, həm də gömrük orqanlarının xətti ilə baş verib. Açıqlanan məlumatlar göstərir ki, artımın böyük olmasında kölgə istisadiyyatına qarşı aparılan mübarizənin böyük səmərəsi olub.

Ümumilikdə, ötən il dövlət büdcəsinə 10 milyard 965 milyard manat həcmində vergi ödənilib. Bunun 7,67 milyard manatı vergi orqanlarının, 3,295 milyard manatı gömrük orqanlarının xətti ilə daxil olub. 2018-ci illə gömrük orqanlarının xətti ilə vergi daxilolması 2,55 milyard manat təşkil etmişdi. Ötən il gömrük orqanlarının vasitəsilə toplanan vergi 750 milyon manat və ya 29,5 faiz artıb. Vergi orqanlarının xətti ilə toplanan vəsaitdə də ciddi artım var. 2018-ci ildə vergi orqanları dövlət büdcəsinə 7,417 milyard manata yaxın vəsait toplayıb. Ötən il toplanan vəsait əvvəlki ildəki göstəricidən 253 milyon manat artıqdır.

2019-cu ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları xeyli dərəcədə artıb. Nazir Mikayıl Cabbarov qeyd edib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 9,1 faiz (458,3 milyon manat) çox yerinə yetirilib və 5,43 milyard manata çatıb. Onun sözlərinə görə, qeyri-neft sektorundan daxilolmaların strukturunda əlavə dəyər vergisindən daxilolmalar 16,4 faiz, aksiz vergisindən daxilolmalar 12,6 dəfə, torpaq vergisindən daxilolmalar 2,1 dəfə, əmlak vergisindən daxilolmalar 44 faiz artıb.

Nazir hesab edir ki, vergi sahəsində keçirilən islahatlar sayəsində kölgə iqtisadiyyatının həcmi əhəmiyyətli dərəcədə azalıb və vergi daxilolmaları artıb.

M.Cabbarov qeyd edib ki, bu islahatlar nəticəsində könüllü vergi daxilolmalarının payı 91,1 faizə çatıb və 2016-cı ildən bəri 7,9 faiz artıb. Son iki il ərzində dövlət büdcəsinin artıq vergi ödəmələri 721,4 milyon manat azalıb. Regionlarda vergi daxilolmaları isə 11,9 faiz artaraq 795,4 milyon manat təşkil edib.

İslahatlarla paralel olaraq qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artması onu göstərir ki, vergitutma bazası daha böyükdür. Sadəcə olaraq onu aşkarlamaq, qeydə almaq lazımdır. Buna görə də islahatların davamı vacibdir.

Bəs, islahatların davamı halında kölgə iqtisadiyyatının miqyasının daha da azalmasını gözləmək olarmı? Belə vəziyyət dövlət büdcəsinin gəlirlərinə nə vəd edir?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, Azərbaycanda iqtisadiyyatında kölgə iqtisadiyyatının payı hələ də böyükdür. Onun sözlərinə əsasən əvvəllər kölgə iqtisadiyyatının payı daha böyük idi və görülən tədbirlər hesabına bir qədər kiçilib. Amma hələ də kölgə iqtisadiyyatının miqyasının böyük olduğunu deyən ekspert hesab edir ki, şəffaflaşmanı təmin etməklə vergitutma bazasını genişləndirmək olar: “Müxtəlif qiymətləndirmələrə əsasən kölgə iqtisadiyyatının ÜDM-yə nisbəti 30-40 faiz səviyyəsindədir. Bu kiçik məbləğ deyil. Azərbaycanda ÜDM istehsalı təxminən 80 milyard manat səviyyəsindədir. Onun 30-40 faizi 24-32 milyard manat deməkdir. Deməli, kölgə iqtisadiyyatından şəffaf iqtisadiyyata keçməklə vergi tutulan baza da genişlənir və nəticədə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait daxil olur. Şəffaflaşma yalnız daxili iqtisadi əməliyyatlarda deyil, eyni zamanda xarici iqtisadi fəaliyyətdə də baş verir. Gömrük orqanlarının xətti ilə proqnozdan xeyli artıq vəsaitin toplanması bunun bir əlamətidir.

Azərbaycan kölgə iqtisadiyyatının kiçildikməsi iqtiqamətində davamlı tədbirlər görməklə onu mərhələli şəkildə azalda bilər. Hər il 10 faiz nisbətində azalmaya nail olunarsa, bu, yaxşı nəticə olar. Kölgə iqtisadiyyatının azaldılması məqsədilə hökumət təbliğat işləri aparmalıdır, təşviqedici tədbirlər görməlidir, eyni zamanda inzibati yollardan da istifadə etməlidir.

İqtisadiyyatın şəffaflaşmasında, vergi ödənişlərinin könüllü həyata keçirilməsində vergi dərəcələrini optimallaşrdırmaqla bərabər vergi inzibatçılığının təkmilləşdirilməsinin də rolu böyükdür. Yoxlamaların aradan qaldırılması, vergi orqanlarının əməkdaşları ilə vergi ödəyicilərinin təmaslarının minimuma endirilməsi, xidmətlərin tamamilə elektronlaşdırılması, vergi əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə edərək dövlətə ödənilməli olan verginin bir hissəsinin mənimsənilməsi kimi hallar aradan qaldırılıb. Son iki ildə inzibatçılıqda neqativ halların xeyli azaldılması şəffadlaşmaya müsbət təsiri oldu”.

R.Atakişiyev bildirdi ki, burada digər mühüm məsələ şəffaflaşma ilə bağlı tədbirlərin ardıcıllığının təmin edilməsidir, onun kampaniya xarakterli almamasıdır: “İlk dəfə vergi sahəsində islahatlara başlayanda o, 3-4 ay kampaniya xarakterli oldu. Buna görə də vergi ödəyiciləri də dəyişikliklərə ciddi yanaşmadılar. 2018 və 2019-ci illərdə isə vergi düzəlişlərinin edilməsi, tədbirlərin davamlı xarakter alması sahibkarlarda əminlik yaratdı ki, islahatlar kampaniya xarakterli deyil, dayanıqlıdır, davamlıdır. Ya qanunlara əməl edib, şəffaf işləyib, bazarda qalmaq lazımdır, ya da qeyri-şəffaf fəaliyyət göstərib dövlətin qınağına tuş gəlməlisən”.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə dövlət başçısı kölgə iqtisadiyyatı ilə bağlı vəziyyətə toxunub. Prezident söyləyib ki, kölgə iqtisadiyyatında minlərlə, on minlərlə insan işləyir. Dövlət başçısı tapşırıq verib ki, kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumlar fəal işləməlidir və burada çox ciddi koordinasiya aparılmalıdır: “Mən Nazirlər Kabinetinə tapşırıq verirəm ki, bu məsələ ilə bağlı ayrıca müşavirə keçirsin və aidiyyəti qurumlar öz təkliflərini versinlər. Qurumlar arasında da çox ciddi koordinasiya işləri aparılmalıdır. 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi çox böyük hadisədir. Əlbəttə ki, həm şəffaflığa xidmət göstərir, eyni zamanda, pensiya təminatı üçün də bunun çox böyük əhəmiyyəti var”.

 

Vasif CƏFƏROV         

Sizin Reklam Yeriniz