Əlaqə Arxiv
news Image
2020.01.25
10:13
| A A A
Rusiya qazını Azərbaycan vasitəsilə də Avropaya çatdıra bilər
Zəfər Vəliyev: “Rusiya qazının TANAP-dan istifadə etməsi texniki, nəzəri cəhətdən mümkündür”

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində Rusiya qazının TANAP infrastrukturu vasitəsilə Avropa ölkələrinə nəqlinin mümkünlüyü barədə bəyanatı kifayət qədər sensasion xarakter daşıyır. Bunu rusiyalı ekspert Stanislav Pritçin deyib. Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da bildirmişdi ki, müəyyən mərhələdə Rusiya qazı TANAP vasitəsilə nəql oluna bilər. Rusiya qazının TANAP infrastrukturu vasitəsilə Avropa ölkələrinə nəqli mümkündürmü?

Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev öncə bildirdi ki, Rusiya hazırkı şəraitdə öz qazını Avropaya ixrac etmək üçün alternative variantlar axtarmaq zorundadır: “Cənub Qaz Dəhlizi geniş bir platformadır. Çünki bu dəhliz tək Azərbaycan qazı üçün hesablanmayıb. Bu dəhliz barədə fikir söyləniləndə dəfələrlə bəyan ediblər ki, Cənub Qaz Dəhlizi enerji sahəsində geniş bir əməkdaşlıq platformasıdır. Ona görə də həmin dəhlizin imkanlarından digər ölkələr də istifadə edə bilərlər. Məsələn, Mərkəzi Asiyanın akrbohidrogenlə zəngin ölkələri, əsasən də Türkmənistan. Türkmənistan kifayət qədər qaz qaynaqlarına malik ölkədir. Ona görə də Cənub Qaz Dəhlizinin ehtiyat elementlərindən biri kimi həmişə Transxəzər Qaz Kəməri layihəsindən də söhbət gedib. Yaxın Şərqdə geosiyasi vəziyyətdə sabitlik olarsa, İran da TANAP-dan yararlana bilər.

Rusiyaya gəldikdə, bu ölkənin ixrac imkanlarının geniş olmasına baxmayaraq, Moskva Ukrayna ilə 2024-cü ilin sonuna qədər nəzərdə tutulan tranzit sazişi imzalayıblar. Eyni zamanda, “Şimal axını-2” layihəsinin gerçəkləşməsi ətrafında cəhdlər də artıq nəticə vermir.

Danimarkanın iqtisadi zonasında sualtı boru kəmərlərinin çəkilişi artıq dayandırılıb. Bu istiqamətdə işləyən İsveçrə şirkəti ABŞ sanksiyalarını əsas götürərək tikinti sahəsini tərk edib. Moskvanın isə burada hələlik hər hansı bir alternativ variantı da yoxdur.  Ona görə də gələcəkdə Rusiyanın ixrac imkanlarında hər hansı bir boşdayanmalar, təhlükələr olarsa, Kreml alternative variantlardan istifadə etmək zorundadır. Rusiyanın Avropada oturuşmuş  bazarı, ixrac gücləri var. Onun bağladığı müqavilələrin əksəriyyəti uzun müddətli müqavilələr olduğundan tədarükçü dövlət istehlakçı dövlət qarşısında öhdəlik götürür. Bu öhdəlik pozulduqda təzminat ödəməli olacaq. Necə ki, “Türk axını” sənaye istismarına verildikdən sonra Ukrayna üzərindən tranzit həcmində azalmaları müşahidə edirik”.

Bu mənada həmsöhbətimizə görə, gələcəkdə Rusiya qazının TANAP-dan istifadə etməsi texniki, nəzəri cəhətdən mümkündür: “Amma buna Rusiya gedəcək, ya getməyəcək məsələsi açıq qalır. Çünki “Qazprom” və Rusiya rəsmiləri bütün hallarda Cənub Qaz Dəhlizini rus qazına rəqib hesab edirlər. Ona görə reallıqda düşünmürəm ki, qarşıdakı illərdə “Qazprom” Azərbaycanın ixrac kəmərlərindən yararlansın. İstifadə edəcəkdisə, əvvəlcədən təşəbbüs olmalı idi. Belə bir təşəbbüs isə yoxdur. Ona görə də, “Qazprom”un ona gedəcəyi elə də inandırıcı görünmür. Hətta inandırıcı olsa da, kəmərin üçüncü Avropaya çıxan elementi, Transadriatik qaz kəməri “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından  Avropa Birliyinin prioritet saydığı layihələrdəndir. “Qazprom” bu mənada heç zaman TANAP-dan istifadə etməyəcək. Onların bütün cəhdləri ondan ibarətdir ki, özlərinin çəkdiyi kəmərlər vasitəsilə inhisarçı mövqelərini qoruyub saxlasın. Ona görə də, “Şimal axını-2”, “Türk axını-2” layihələri və digər layihələri Rusiyanın dünya qaz bazarında öz inhisarçı  mövqeyini qoruyub saxlamağa xidmət edən layihələrdir. Bu belə olmasaydı, Moskva hər iki qaz layihələrinə böyük həcmdə maliyyə xərcləməzdi. Bu kimi layihələrə qazın qiymətinin ucuzlaşmasına baxmayaraq, Rusiya 100 milyard dollardan çox pul xərcləyib. Rusiyanın bu layihələri ancaq siyasi mahiyyət kəsb edir, uzun illər onlar ora qoyduğu vəsaiti geri qaytara bilməyəcəklər. Rusiya həmişə TANAP-ın çəkilişinə maneə olmağa çalışıb. Ona görə də hesab etmirəm ki, onlar Azərbaycanın ixrac güclərindən istifadə etsinlər”.

Rüfət NADİROĞLU

 

  

Sizin Reklam Yeriniz