Əlaqə Arxiv
news Image
2020.01.25
10:43
| A A A
Valyuta ehtiyatlarının tərkibində qızılın miqdarı artacaq
Fuad İbrahimov: “Neft Fondunun aktivlərinin həcmi artdıqca investisiya siyasətində şaxələnməyə ehtiyac da artır”

Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelinin tərkibində qızılın payını artırmağı tövsiyə edib. Palatanın ARDNF-in 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə də bu məsələyə xüsusi toxunulur. Palata Fonda bu il daha 49 min 705 kiloqram, yəni 50 tona yaxın qızıl almağı məsləhət görüb. Bəs, cari ildə qızıl alışını artırmaq nə dərəcədə məqbuldur?

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2011-ci ilin oktyabrında imzaladığı Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib. ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər.

1 fevral 2012-ci il tarixindən etibarən ARDNF London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlayıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirib. 30 sentyabr 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilən qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb.

Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir. Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilib.

Qızıl alışının artması ARDNF-in aktivlərində onun payının 11 faizi keçməsinə səbəb olub. 2019-cu ilin sentyabrın sonunda 42,524 milyard dollar dəyərində aktivi olub və onun 11,4 faizi (4,847 milyard dollar) qızılda olub. Sentyabrın sonuna olan məlumata əsasən fond 100,66 ton qızıl ehtiyatına sahibdir. Azərbaycan 2019-cu ildə təxminən 2,15 milyard dollar dəyərində qızıl idxal edib.

2018-ci ilin sonunda Fondun aktivlərinin (38,515 milyard dollar) 5,4 faizi qızılda saxlanılırdı. Qızılda olan aktivlərin dəyəri 1,926 milyard dollar dəyərində idi. 2017-ci ildə 35,807 milyard dollar aktivi olan Fondun vəsaitlərinin 3,5 faizi (1,253 milyard dollar) qızılda saxlanılırdı.

Neft Fondunun qızıla sərmayə qoyuluşunu artırmasını şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bu, zərurətdən yaranıb. Onun fikrincə, Neft Fondunun aktivlərinin həcmi artdıqca investisiya siyasətində şaxələnməyə ehtiyac da artır. “Aktivlərin şaxələndirilməsi onların dəyərinin risklərdən sığortalanmasına kömək edir”, - deyən F.İbrahimov qeyd etdi ki, qızıla sərmayə qoyuluşunun artırılmasında əsas məqsəd investisiya portfelinin şaxələnməsi və gəlirliliyinin artırılmasıdır: “Fond davamlı olaraq investisiya etdiyi aktivlərin bazar dəyərinin dəyişməsini nəzərdən keçirir və bəzi nəticələr çıxarır. Gəlir gətirməyən, əksinə dəyər itirən aktivlərdən imtina edilir və ya həmin aktivlərə sərmayə qoyuluşu olmur. Əvəzində azriskli investisiya alətlərinə sərmayə qoyulur. 2015-ci ilə qədər rus rublu və türk lirəsində də aktivlər saxlanılırdı. Bu aktivlər üzrə itkilər çox olduğuna görə onlara sərmayə qoyuluşu dayandırıldı”.

Ekspert bildirdi ki, qızıl ən əlverişli investisiya alətlərindən biridir: “Ona investisiya edənlər ciddi zərər etmir. İstənilən ölkənin valyutasında problemlər yarana bilər, amma qızılın dəyərində belə bir risk yoxdur. Ona görə də Fondun gəlirləri artırsa hökmən şaxələnmə də baş verməlidir. Bu baxımdan qızıla sərmayə ən doğru variantdır”.

Qeyd edək ki, qızılın qiyməti 2018-ci ilin sentyabrından yüksəliş dövrünü yaşayır. Həmin dövrdə qızılın bir troyan unsiyasının (31,1 qram) qiyməti 1236 dollara qədər düşmüşdü. Həmin tarxidən sonra qızıl bahalaşmağa başladı və 2019-cu ildə qiymət artımı bütöv bir dövrü əhatə etdi. 2019-cu ilin fevralında qiymət 1357 dollara, avqustda 1534 dollara yüksəldi. Bahalaşma 2020-ci ildə də müşahidə edilir. Yanvarın 7-də qızılın qiymətində 1574 dollara qədər yüksəldi ki, bu da 2013-cü ilin avqutundan bəri ən yüksək qiymət səviyyəsidir. Hazırda xalis qızılın bir qramı təxminən 50 dollara satılır.

Qızılın qiymətindəki son artımlar İranla ABŞ arasında yaranan gərginlikdən doğub. Amma ümumilikdə qızıl 2019-cu ildə əlverişli investisiya obyekti olub və valyutalara nisbətən daha çox gəlir gətirib. Proqnozlara görə 2020-ci ildə də qızıla sərmayə əlverişli olacaq və gəlir gətirəcək.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz