Əlaqə Arxiv
news Image
2020.01.25
11:42
| A A A
Davos Forumu ixracı artırmaq üçün mühüm platformadır
İxrac potensialının genişləndirilməsində beynəlxalq tədbirlərin əhəmiyyəti böyükdür

Hər ilin yanvar ayında keçirilən Davos İqtisadi Forumu ölkələr, şirkətlər üçün bir sıra əlverişli imkanlar yaradır. Belə əlverişli imkanlardan biri də ixrac potensialının xarici tərəfdaşlara təqdim edilməsidir. Davos İqtisadi Forumu böyük nüfuz qazandığına görə burada çoxlu sayda şirkət və ölkə rəsmiləri işitrak edir. 2020-ci ildə keçirilən Forumda 3 mindən artıq iri şirkətin təmsilçisi qatılıb. Böyük nüfuza və diqqətə sahib olan tədbirə qatılan hər bir ölkə və iri şirkət özünün ixrac imkanlarını tanıtmaqla yeni bazarlara çıxış əldə etməyə can atır.

Təbii ki, Davos Forumunun iştirakçısı olan Azərbaycan da bu imkanlardan faydalanmaq istəyir. Əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycanın Davos İqtisadi Forununda məhsuldar iştirakı, çoxsaylı görüşlərin keçirilməsindən sonra ölkəmizə investisiya qoyuluşu artır, eyni zamanda ixrac potensialında genişlənmə müşahidə edilir. Buna görə də deyə bilərik ki, Davos görüşləri Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması baxımından da əlverişli platformadır.

Məlumdur ki, Davosda Azərbaycan Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Dövlət başçısı Forum müddətində çoxsaylı görüşlər keçirib və ölkəmizdə son illərdə aparılan islahatlar, ixrac potensialının artırılması üçün görülən tədbirlərlə bağlı məlumat verib. Azərbaycanın Forumda dövlət başçısı səviyyəsində təmsil olunması, dövlət başçısının hər görüşdə iqtisadiyyatımızın imkanları ilə bağlı geniş məlumatlandırma aparması xarici iqtisadi əlaqələrin, o cümlədən ixrac potensialının artmasına böyük fayda verib.

İxracın artırılması üçün ilkin şərt investisiya qoyuluşuna nail olunmasıdır. Aparılan görüşlərdə iri şirkətlərin rəhbərləri Azərbaycanda həyata keçirilən islahatlar haqqında məlumatlı olduqlarını, bu prosesi yaxından izlədiklərini ifadə ediblər.

Məsələn, Prezident İlham Əliyevlə Davosda görüşən “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel deyib ki, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirirlər. O bildirib ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışdı.

Prezident İlham Əliyev isə öz növbəsində qeyd edib ki, Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri görəcək.

Aparılan islahatlar, xarici investorlara verilən mesaj onların Azərbaycana sərmayə qoyuluşunu artırmağa həvəsləndirir. Xarici investisiyaların artması isə ölkəmizə idxalı azaltmaqla bərabər ixrac potensialını da artırır.

Bu tendensiya, əlaqə göstərir ki, Davos Forumu kimi tanınmış beynəlxalq tədbirlərə qatılmaq, burada aktiv iştirak əhəmiyyətlidir.

Ümumiyyətlə hər nüfuzlu beynəlxalq tədbirə qatılmaq, orada məhsuldar fəaliyyət ixrac potensialımızın güclənməsinə töhfə verir. Buna görə də dövlət başçısının dəstəyi ilə xarici ölkələrə ixrac missiyaları təşkil olunr. Bu missiyalar xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına şərait yaradır. Beynəlxalq tədbirlərə qatılmaqla yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək imkanını qazanmış oluruq.

Azərbaycan Prezidenti 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalayıb. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi - dəstək tədbirini əhatə edir. Dəstək tədbirlərindən biri də beynəlxalq tədbirlərə qatılmaq, xarici iqtisadi əlaqələri gücləndirməyə kömək etməkdir. Hər il Azərbaycan dövləti çoxlu sayda yerli şirkətin təmsilçilərini xarici tədbirlərə, sərgilərə, forumlara göndərir. Davos İqtisadi Forumunda da Azərbaycanın şirkət təmsilçiləri qatılır. Amma bu Forumun imkanlarından daha səmərəli istifadə etmək üçün ölkəmizi daha yüksək səlahiyyətli şəxslərin təmsil etməsi xarici iqtisadi əlaqələrin genişlənməsi, ixracın artırılması üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan dövlət başçısının Forumda dünyanın bir neçə aparıcı şirkətinin və bir neçə ölkənin rəhbər şəxsləri ilə görüşməsi xarici iqtisadi əlaqələrin inkişına daha böyük töhfə verir. Prezident Davosda 10 böyük şirkətin rəhbər şəxsləri ilə görüş keçirib. Həmin görüşlərdə Azərbaycanın iqtisadi imkanları, ölkəmizdə iqtisadi sahədə aparılan islahatlarla bağlı məlumat verilib. Bu cür görüşlər həmin şirkətlərdə Azərbaycana investisiya qoyuluşu ilə bağlı əminliyin daha da güclənməsinə səbəb olub. Buna görə də Davos Forumundan sonra tədricən Azərbaycana investisiya qoyuluşlarının artacağını və ixracın bir qədər də genişlənəcəyini müşahidə edəcəyik.

 

Vasif CƏFƏROV

 

 

 

Sizin Reklam Yeriniz