Əlaqə Arxiv
news Image
2020.01.28
09:42
| A A A
Pambıqçılıq sektoruna dövlət dəstəyi mühüm nəticələr verir
Nicat Nəsirli: “Dövlət dəstəyi pambıq istehsalının sürətli artımına rəvac verib”

Xəbər verdiyimiz kimi, “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı naziri İnam Kərimov 2019-cu ilin pambıqçılıq sahəsində sürətli inkişaf ili olduğunu bildirib.

Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən İnam Kərimov əlavə edib ki, bu sahə məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynayır: “Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının, qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkədə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib: “Ötən ili pambıqçılıq sahəsində sürətli inkişaf ili hesab etmək olar. Ötən il pambıq əkilən sahələr 32,5 min hektar azalsa da məhsuldarlıq 2018-ci ilə nisbətən 61 min ton daha çox olub. Ötən il pambıqçılıqda hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib ki, bu da 2018-ci illə müqayisədə hektardan 11,9 sentner artım deməkdir".

Bu açıqlamadan göründüyü kimi, ötən il əkin sahələri azalsa da, ölkəmizdə ondan əvvəlki ilə nisbətən daha çox pambıq istehsal edilib, həmçinin məhsuldarlıq xeyli artıb. Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirlinin fikrincə, Azərbaycanda pambıq istehsalının əkin sahələrinin azaldılması hesabına artımı bu sahəyə dövlət dəstəyinin gücləndirilməsindən qaynaqlanır: “Son illər bilirsiniz ki, pambıqçılıq sektoruna dövlət dəstəyi artıb. Dövlət dəstəyi deyəndə sahəyə birbaşa və dolayı dəstəklər nəzərdə tutulur.  Bilirsiniz ki, bu sahə həm subsidiyalaşma proqramına cəlb olunub. Eyni zamanda dolayı olaraq dövlət dəstəyi göstərilir. Şirkətlər tərəfindən fermerlər toxum, texnika, zərərvericilərə qarşı mübarizə vasitələrilə təmin olunur.  Məhz birbaşa əhatəli dövlət dəstəyi olduğundan bu sahə irəli gedir. 2019-cu ilin nəticələrinə görə 295 min ton pambıq istehsalına nail olmuşuq. Əkin sahələri isə 100 min hektar civarında formalaşıb. Pambıqçılığın inkişafına yönəlik müşavirədə, habelə, 9 dekabr 2019-cu ildə Prezidentin yanında keçirilən müşavirədən çıxan nəticələr bu oldu ki, gələn il əkin sahələrini artırmaq mümkün olmasa da,  texnologiyaların tətbiqi, elm tutumlu müəyyən tədbirləri həyata keçirməklə məhsuldarlığın yüksəldilməsinə nail olunsun. Nəticədə 2020-ci il üçün 320 min ton civarında pambıq istehsal edilməsi proqnozlaşdırılıb. Həmin dövrdə əkin sahəsi isə 105 min hektar sahəni əhatə edəcək. Faktiki olaraq bir neçə ildir ki, ölkədə pambıqçılıq inkişaf edir. Pambıq ölkəmizdə əsasən aran bölgəsi olmaqla 20 rayonda əkilir. Pambıq texniki bitkidir. Torpaq iqlim şəraitinə gərə də onu dağlıq, dağətəyi rayonlarda yetişdirmək mümkün deyil”.

Həmsöhbətimiz bidlirdi ki, artıq pambıqçılıqda texnoloji yeniliklərdən geniş istifadə edilməlidir: “Müşavirədə əsasən bu məqam vurğulanıb ki, artıq bu sahəyə texnoloji yeniliklər gəlməlidir. Müasir əkin texnologiyaları var ki, ölkəmizdə açığı hələ də o tətbiq olunmayıb. Əkin sahələrinin mütləq əksəriyyəti hələ də ənənəvi sovet üsulu ilə əkilir. Uzun illərdir ki pambıqçılıq əkin strukturundan çıxmışdı. Bunun nəticəsi olaraq həmin sahədə texnika və texnologiyalardan istifadə vərdişləri unudulub. Pambıqçılıqda digər problem milli toxumçuluq sisteminin olmamasıdır. Pambıq tez və gec yetişən sortlardan ibarət olmaqla toxumu tamamilə xarici ölkələrdən gətirilir. Bəzən gec yetişən sortlar Azərbaycanda dekabr ayında yığılır. Hansı ki, bu ayda pambığın yığılması ciddi problemdir. Pambıq əkilən rayonların torpaq iqlim şəraitinə görə, pambıq sortlarının yaradılması çox önəmlidir. Düzdür, sovet dövründə pambıq sortlarımız olub, indi də var. Ancaq lift çıxımına, faizinə, sapın uzunluğuna, sənaye əhəmiyyəti üçün cəlbedici olması baxımından yerli sortlar xarici sortlara  uduzur. Xarici sortlarda isə problem odur ki, gec yetişir, eyni zamanda, Azərbaycanın torpaq iqlim şəraitinə uyğun deyil. Xəstəliklərlə mübarizənin aparılması da fermerlər üçün kifayət qədər xərclidir. Dünyada tətbiq edilən bir sıra əkin texnologiyaları var. Məsələn, pambıq artıq cüt cərgədə əkilir. Bir hektarda 100 min bitki əkilirdisə, həmin əkin texnologiyasının  tətbiqilə 200 min bitki əkmək mümkündür ki, bu da məhsulfarlığın ciddi artımına təsir edəcək. Beləliklə, 2020-ci ildə ölkəmizdə pambıq əkin sahələrinin artırılmasından daha çox, texnologiyaların tətbiqi ili olacaq.  Artıq 3 rayonda, Ucarda Çin, Beyləqanda Türkiyə və Tərtər rayonunda isə yunan texnologiyası əsasənda pambıq əkini ilə bağlı 2019-cu ildə müəyyən təcrübələr aparıldı. Yəqin ki, bu il həmin texnologiyalar daha böyük sahələrdə tətbiq olunacaq. Pambıqçılıqda hökmən müasir suvarma texnologiyasına, yəni damcı, yağmurlama və torpaq altından suvarılma kimi texnologiyaya keçməliyik. Bunlara adaptasiya olmalıyıq. Yəni məhsuldarlığın daha da yüksəldilməsində texnoloji yeniliklərin tətbiqi mühüm rol oynayacaq”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz