Əlaqə Arxiv
news Image
2020.01.28
10:12
| A A A
Neft Fondu dollarla yığımlarını artıracaq
Qızıl alışının artması investisiya portfelində dolların payını yüksəldir

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər edəcək. Belə bir dəyişiklik son illərdə ilk dəfə olaraq həyata keçiriləcək.

Bununla bağlı məlumat ARDNF-in 2020-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının verdiyi rəydə yer alıb. Rəyə əsasən, Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (cari ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (cari ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (cari ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, uzun müddətdir ARDNF-in investisiya porfelində üstünlük ABŞ dollarına və avroya məxsus olub. Hər iki valyutada olan aktivlərin ümumi aktivlərdə payı 75 faizdən yüksək olub. Bir qayda olaraq dollarla olan aktivlər 45-55 faiz intervalında, avroda olan aktivlər 30-45 faiz intervalında dəyişib. Fondun vəsaitlərinin üçüncü ən böyük hissəsi ingilis funt sterlinqi ilə ifadə edilən aktivlərdə saxlanılıb.

2008-ci ildə ARDNF-in investisiya portfelinin həcmi 11,12 milyard dollar dəyərində olub. Bunun 52,67 faizi (5,857 milyard) ABŞ dollarında, 42,95 faizi (3,387 milyard) avroda, 4,38 faizi (335 milyon) ingilis funt sterlinqində saxlanılıb.

2010-cu ildə dollarla olan vəsaitlərin payı bir qədər artıb. Porfeldəki pay nisbəti dollarda 53,4 faizə yüksəlib, avroda 41,43 faizə düşüb, funt sterlinqdə 5,16 faizə yüksəlib.

2012-ci ildən ARDNF-in investisiya siyasətində dəyişiklik edilib. Fond ilk dəfə olaraq qızıla və digər valyutalara, o cümlədən Avstraliya dolları, türk lirəsi, rus rubluna sərmayə qoyub. Nəticədə Fondun aktivlərinin 52,15 faizi dollarla, 40,55 faizi avro ilə, 5,02 faizi funt sterlinqlə, qalanı digər valyutalarla saxlanılıb. Sonrakı illərdə Cənubi Koreya vonuna, Çin yuanına, yapon yeninə də investisiya edilib.

2018-ci ildə ARDNF-in investisiya portfelində dollarla olan aktivlərin xüsusi çəkisinin artımı müşahidə edilib. Dollarla aktivlər 54,4 faizə yüksəldiyi halda, avroda olan aktivlər xeyli azalaraq 34,5 faizə düşüb.

2019-cu ildə dolların artması, avronun azalması dinamikası qalıb. Ötən ilin oktyabrın 1-nə olan məlumata əsasən dollarla olan aktivlər 54,8 faizə yüksəlib, avroda olan aktivlər 33,8 faizə geriləyib.

Hesablama Palatasının rəyindən anlaşılır ki, 2020-ci ildə və daha sonra ARDNF-in aktivlərində dolların payında artım, avronun payında azalma davam edəcək. Bunun əsas səbəblərindən biri qızıl alışı ilə bağlıdır. Dollarla olan aktivlərin bir hissəsini məhz Fondda saxlanılan qızılın dəyəri təşkil edir. Palata Fonda bu il daha 49 min 705 kiloqram, yəni 50 tona yaxın qızıl almağı məsləhət görüb. 2019-cu ilin oktyabrın 1-nə olan məlumata əsasən ARDNF-in 100,66 ton qızılı var. Bu qədər qızılın bazar dəyəri qeyd edilən tarixdə 4,833 milyard dollar təşkil edib. Qızıl nəzərə alınmasa ARDNF-in dollarla olan aktivləri 43,4 faizdir.

2019-cu ilin idxal göstəricilərinə əsasən təxminən 2,15 milyard dollar dəyərində qızıl idxal edilib. Əgər ARDNF 2020-ci ildə daha 50 ton qızıl alarsa bunun üçün 2,5 milyard dollar xərcləməli olacaq. Bu isə o deməkdir ki, dollarla olan aktivlərin payı daha bir neçə faiz yüksələcək.

Xatırladaq ki, 1 fevral 2012-ci il tarixindən etibarən ARDNF London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlayıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirib. 30 sentyabr 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilən qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb.

Təcrübə göstərir ki, Fondun aktivlərinin dollarla saxlanılması daha əlverişlidir. Çünki dolların kəskin dəyər itirməsi və ya dəyər qazanması gözlənilmir. Amma avronun kəskin dəyər itirməsini görmüşük. Digər tərəfdən dünyada bir çox əmtəənin qiyməti dollarla formalaşdığından və aparılan ticarət əməliyyatlarının 70 faizi dollarla baş verdiyindən bu valyutada ifadə edilən vəsaitlərə investisiya daha məqbuldur.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz