Əlaqə Arxiv
news Image
2020.01.29
08:54
| A A A
Azərbaycan dünya enerji bazarında mövqeyini gücləndirir
Fuad İbrahimov: “Qaz ixracının artımı Azərbaycanın dünya iqtisadi dövriyyəsində rolunu daha da yüksəldəcək” Əli Əlirzayev: “Bu hadisə valyuta ehtiyatlarımızın artımına, əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsir göstərəcək”

 

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ilin sonunadək Azərbaycanda orta iqtisadi artımın 2, 5 faizədək olacağı qənaətindədir. İqtisadi artım bu yaxınlardakı vergitutma tədbirləri sayəsində istehlak səviyyəsinin bərpa olunması, habelə 2018-ci ilin iyul ayında “Şahdəniz-2” layəhəsinin icraaata başlaması, nəticədə ölkə təbii qazının Türkiyəyə ixracı ilə dəstəklənəcək: “Bütün ehtiyatlar işə salınanadək yaxın 4-5 il ərzində qaz ixracının getdikcə artacağını, bunun da iqtisadi artıma müsbət təsir göstərəcəyini gözləyirik-Agentliyin açıqlamasında belə deyilir.Qaz istehsalı və ixracının artması ölkəmizə nələr vəd edir?

İqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki, qaz ixracının artımı ilə Azərbaycanın dünya iqtisadi dövriyyəsində rolu da artacaq: “Qaz ixracının artmasınnı dedikdə, tək neft-qaz deyil, ümumiyyətlə qeyri-neft sektoruna aid olan istənilən əmtəənin ixrac potensialının artması ölkəmizin iqtisadi dövriyyəyə cəlb olunması deməkdir. İqtisadi dövriyyəyə cəlb olunan varlıq isə şübhəsiz ki, iqtisadiyyatımızın inkişafına, dövlətimizin və xalqımızın daha da möhkəmlənməsinə, rifah halının yüksəlməsinə gətirib çıxardacaq. Belə olduğu halda, birbaşa qaz ixracının artmasından söhbət gedirsə, prosesi rəqəmlərlə ifadə etmək bir qədər çətin olacaq. Ona görə ki, ən azından iqtisadiyyatın, ixracatın dinamik artımı baş verəcək. Azərbaycan öz mavi qazını birbaşa olaraq Avropa məkanına çıxarır.

Bu da o deməkdir ki, həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən qaz ixracının artması ölkəmizə mühüm dividentlər gətirəcək.  Ona görə də bu məsələ ölkəmiz üçün vacibdir. O ki qaldı, rəqəmsal olaraq konkret olaraq qaz ixracının artması prosesinin ölkəmizə xeyrinə gəldikdə, bu dünya birjalarında onun gündəlik qiymətinin formalaşmasından asılıdır. Ona uyğun olaraq da qaz ixracının artmasından gəlir əldə edəcəyik. Bir sözlə, iqtisadiyaytın əsas düsturu ölkənin xeyri naminə öz varlığını iqtisadi dövriyyəyə cəlb etməkdən ibarətdir”.

İqtisadçı alim Əli Əlirzayevin fikrincə, qaz ixracının artması valyuta ehtiyatımızın artımına, əhalinin rifah halının yüksəlməsinə, Azərbaycanın beynəlxalq imicinə müsbət təsirlər göstərəcək: “Azərbaycanın bildiyiniz kimi, ixracat potensialının əsas hissəsini neft və qaz təşkil edir. İxracatımızın 60 faizə qədəri məhz bu məhsullar hesabınadır. Ölkəmizin bu məhsullar üzrə ehtiyatarı da çoxdur. Qaz ehtiyatlarımız da boldur. Mavi yanacağın bazarı da genişdir. Hansı ki, neft və qazdan hələ də dünya ölkələri geniş miqyasda istifadə etməkdə davam edirlər. Ona görə də qaz ixracının artması Azərbayan üçün olduqca mühüm hadisədir. Qaz ixracının artımı ilə həm daxili potensialımız artacaq, həm də xarici bazarda mövqelərimiz daha da yüksələcək. mavi yanacaq üzrə ixrac imkanlarımızın artması bu mənada Azərbaycana çox böyük vədlər verir.

Belə ki, idxail-ixrac prosesilə əsas valyuta ehtiyatı ilə təmin olunmağımızda, bu ehtiyatların artımında qaz ixracının artımı mühüm rol oynayacaq. Ölkə əhalisinin rəsmi statistikaya görə, 95 faizi artıq qazla təmin olunub. Bu mənada növbəti mərhələdə qaz istehsalının artımı həmçinin daxildə əhaliyə verilən qazla bağlı qiymətlərin aşağı düşməsilə nəticələnə bilər. Belədə, qaz istehsalının artımı həm də əhalinin rifah halının daha da yüksəlməsinə rəvac verəcək. Qaz ixracının artması digər tərəfdən həmin sahədə yeni texnologiyaların tətbiqinə də imkan yaradacaq.  Nəticədə, Azərbayanın dünya inteqrasiyası yolunda, dünya əmək bölgüsündə rolu daha da artacaq”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz