Əlaqə Arxiv
news Image
2020.01.29
10:15
| A A A
Manat qarşıdakı illərdə də sabit qalacaq
Tədiyə balansının əlverişli vəziyyəti sabit məzənnə siyasətinə kömək edir

Azərbaycan manatının məzənnəsinin qarşıdakı illərdə də sabit qalacağına dair inam güclənir. Yerli proqnozlarla yanaşı xarici maliyyə qurumlarının proqnozlarında da manatın daha bir neçə il sabit qalacağı ehtimal edilir.

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının növbəti dörd ildə stabil qalacağını proqnozlaşdırır. Yerli proqnozlarda bu müddət 3 il göstərilirdi. Reytinq agentliyi güman edir ki, növbəti dörd ildə Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində qalacaq.

"S&P" hazırda manatın məzənnəsinin dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir edir. Agentliyin gözləntilərinə görə, neftə olan qiymətlər gözləniləndən aşağı ensə, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini operativ şəkildə tənzimləyəcək. Amma neftin kəskin ucuzlaşması ehtimalı az olduğuna görə məzənnənin dəyişmə riski zəifdir.

Qeyd edək ki, hər bir ölkənin milli valyutasının məzənnəsi həmin ölkənin tədiyə balansının vəziyyətindən asılıdır. Tədiyə balansı, sadə şəkildə izah etsək ölkədən çıxan dollarla ölkəyə daxil olan dolların fərqini ifadə edir. Əgər ölkədən çıxan dollar gələn dollardan çox olarsa, o zaman pulun ucuzlaşması üçün əsas yaranır. Amma burada 2 göstəriciyə diqqət yetirilir. Yaranan fərq nə qədərdir və həmin fərqin aradan qaldırılması qısa dövrdə mümkündürmü? Kəsiri bir il kimi qısa müddətdə aradan qaldırmaq mümkündürsə, o halda, kəsirin məbləğinə diqqət yetirilir. Məsələn, Azərbaycan üçün bir neçə yüz milyon dollar kəsir yaranıbsa, o halda həmin fərqi qapamaq mümkündür. Belə kəsirləri Mərkəzi Bankın vəsaiti hesabına maliyyələşdirmək olur. Yaranan fərqi aradan qaldırmaq qısa müddətdə mümkün olmadıqda və fərq böyük olduqda o zaman pulun ucuzlaşması üçün əsas formalaşır.

Azərbaycanın tədiyə balansının vəziyyətinə diqqət yetirdikdə görürük ki, balans müsbətdir. Bu o deməkdir ki, ölkəmizin əldə etdiyi dolların həcmi ölkəmizdən gedən dolların həcmindən çoxdur. 2019-cu ilin 3 rübünün nəticələrinə əsasən Azərbaycanın xarici valyutada gəliri gedərlərindən 4 milyard dollardan artıq olub. İlin yekununda bu fərqin 5 milyarddan artıq olduğu yəqindir. Belə bir vəziyyətdə manatın bahalaşması üçün əsas yaranır. Manatın bahalaşması Azərbaycanın iqtisadi maraqlarına (ixracın artımı, turizmin inkişafı və s.) cavab vermədiyinə görə müxtəlif tədbirlərlə məzənnə sabit saxlanılır. Həmin tədbirlərdən biri də neft ixracından əldə edilən gəlirlərlərin hamısının Azərbaycana gətirilməməsidir. Digər tədbir daxildə Mərkəzi Bank tərəfindən izafi dolların alınaraq, əvəzində manatın dövriyyə buraxılmasıdır.

Beləliklə, qeyd edilən tədbirlər hesabına manatın bahalaşmasının qarşısı alınmaqla manatın məzənnəsi sabit saxlanılır.

Proqnozlara əsasən, qarşıdakı 4 ildə də tədiyə balansı əlverişli olacaq. Bunun əsas iki səbəbi var. Birinci səbəb 2021-ci ildən Azərbaycanın qaz hasilatının və ixracının artmasıdır. Digər səbəb isə qeyri-neft ixracının və turizm gəlirlərinin artmasıdır. Hər iki şərt daxilində onsuz da müsbət olan tədiyə balansının vəziyyətinin bir qədər də yaxşılaşacağı güman edilir.

Agentliyin proqnozlarına əsasən, tədiyə balansının profisiti 2020-ci ildə ÜDM-nin 6,1 faizi, 2021-2022-ci illərdə 5,8 faizi, 2023-cü ildə 5,3 faizi, xarici ticarətin profisiti isə adıçəkilən illərdə 2020-ci ildə ÜDM-in 15,5 faizi, 2021-ci ildə 15,2 faizi, 2022-ci ildə 15,3 faizi, 2023-cü ildə 15 faizi səviyyəsində olacaq.

Manatın məzənnəsinin sabit olmasının makroiqtisadi sabitlik üçün əhəmiyyəti böyükdür. Manatın məzənnəsi büdcəyə həm birbaşa, həm də dolayı vasitələrlə təsir götərir. Dövlət büdcəsinin xarici valyutada olan xərcləri manatın ABŞ dolları qarşısında olan məzənnəsindən birbaşa asılıdır. Bu baxımdan manatın ucuzlaşması əlverişli deyil. Məzənnə dəyişikliyi nəticəsində yeni yaranmış iqtisadi şərait və artan qeyri-müəyyənlik vergi ödəyicisi olan sahibkarların və fiziki şəxslərin gəlir və xərclərinə, iqtisadiyyata investisiya qoyuluşunun həcminə, problemli vəziyyətdə olan bank sektorunda restruksizasiya ilə bağlı əlavə büdcə xərclərinə və s. təsir göstərir ki, bunları da dolayı təsirlərə aid etmək olar. Məzənnə xüsusən aşağı düşdükdə sadalanan sahələrdə problemlər böyüyə bilər.

Məzənnə yüksəldikdə isə sosial sahədə vəziyyət yaxşılaşır. Əgər məzənnənin yüksəlməsi davamlı olarsa inflyasiya aşağı düşür, manatla yığımlar artır, iqtisadiyyata inam böyüyür. Eyni zamanda zərərli proses olan idxal artır, yerli istehsalın ixrac imkanları zəifləyir, inflyasiya azaldığından investisiya qoyuluşuna maraq azalır və s.. Deməli, manatın çox ucuzlaşması kimi çox bahalaşması da əhəmiyyətsizdir. Yeganə yol optimal məzənnə həddi ətrafında sabitliyin təmin edilməsidir.

Qarşıdakı illərdə də dollar manat kursunun sabit qalması manata inamı artıqmaqla bərabər iqtisadiyyatın sabit inkişafını dəstəkləyəcək.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz