Əlaqə Arxiv
news Image
2020.01.29
10:26
| A A A
Qızılın qiyməti yenə göz qanaşdırır
İqtisadi və digər amillər “nəcib metal”ı bahalaşdırır

Dünyada artıq ikinci aydır ki, qızılın qiymətində artım müşahidə edilir. 2019-cu ilin dekabrın əvvəli ilə müqayisədə hazırda qızılın bir troyan unsiyasının (31,1 qram) qiyməti 100 dollardan artıq yüksələrək 1577 dollara çatıb. Son iki ayda qızılın bir qramının dəyəri 47 dollardan 50,7 dollara qədər artıb. Qısa müddətdə qızıl 8 faizə yaxın bahalaşıb.

Qeyd edək ki, bu qiymət xalis qızılın (999,99 əyar) qiymətidir. Dünyada baş verən qiymət artımları Azərbaycanda da müşahidə olunur. Yanvarın 27-də qızılın qiyməti yanvarın 24-ü ilə müqayisədə 32,9885 manat artaraq 1 troyan unsiya üçün 2685 manat təşkil edib.

Daha böyük bir dövrün müqayisəsi aparıldıqda görürük ki, qızıl 2019-cu ilin ikinci rübündən bahalaşır. Həmin dövrdə tr.unsiyası 1300 dollara satılan qızılın dəyəri avqustda 1538 dollara kimi yüksəlmişdi. Lakin sonradan qızılın qiymətində enmə dinamikası müşahidə olundu və dekabrın əvvəlində "nəcib metal"ın qiyməti 1460 dollara qədər gerilədi. Dekabrda başlanan yeni bahalaşma dinamikası 2020-ci ilin yanvarında da davam edib və ayın 24-də 1582 dollara qədər artıb. Son günlər qızıl bir qədər ucuzlaşsa da aylıq müqayisədə bahalaşmanın davam etdiyi görünür.

Maraqlı fakt ondan ibarətdir ki, son iki ayda qızıl ABŞ dolları ilə paralel şəkildə bahalaşır. İqtisadi baxımdan dollarla qızılın qiyməti tərs mütənasiblik təşkil edir. Çünki qızılın bazar dəyəri məhz ABŞ dolları ilə müyyən edilir. İqtisadi qaydalara əsasən, dəyəri dollarla ifadə edilən əmtəə və xidmətlərin qiyməti dolların məzənnəsindəki dəyişikliyə həssas olur. Belə ki, dollar bahalaşdıqda həmin əmtəə və xidmətlərin dəyərində yüksəlmə yönündə, ucuzlaşdıqda isə aşağı enmə yönündə təsir yaranır. Bu qanunauyğunluq nəzərə alındığında dolların bahalaşması qızılın ucuzlaşması yönündə təzyiq göstərməli idi. Amma görünür, digər amillər, bura həm iqtisadi, həm də digər faktorlar daxildir, daha güclü təsir yaratdığından qızıl dollarla paralel bahalaşır.

2019-cü ilin dekabrın əvvəlində dollar indeksi hazırkı səviyyə uyğun idi. Amma sonradan indeks aşağı düşərək dekabrın sonunda 96 həddinə gerilədi. Dekabrda dolların ucuzlaşması qızılın bahalaşmasına dəstək verdi. Lakin yanvar ayı ərzində dollar da bahalaşır və belə oduqda qızıl ucuzlaşmalıdır. Yanvarın 28-nə kimi dollar indeksi təxminən 2 faiz yüksəlib, qızıl isə 3,4 faiz bahalaşıb.

Dollarla paralel olaraq qızılın da bahalaşmasını bir neçə səbəblə izah etmək olar. Bunun əsas səbəbi qızılın bazar dəyərinin formalaşmasına iqtisadi amillərlə yanaşı, qeyri-iqtisadi faktorların da təsir imkanının olmasıdır. Dünyada və ya onun hər hansı bir mühün regionunda iqtisadi, siyasi və ya insanları narahat edən digər problemlər yarandıqda qızıl bahalaşır. Qızılın qiymətindəki bu həssaslıq onun investisiya aləti kimi "etibarlı liman" olması ilə əlaqələndirilir. Qızıl elə bir əmtəədir ki, o, məhz digər mühüm investisiya ələtləri dəyər itirdikdə, dəyər qazana bilir və ya ən azından əsas dəyərini qoruyur. Buna görə də iqtisadi və digər təlatümlər, gərginliklər yaşandıqda qızılın bahalaşması üçün əsas formalaşır.

Son iki ayda ABŞ-la İran arasında yaşanan gərginliyin artması qızılın yenidən bahalaşmasını dəstəkləyən amilə çevrilib. İranın böyük nüfuza sahib generallarından birinin öldürülməsi ABŞ-la İran arasında müharibənin baş verəcəyinə dair ehtimalları gücləndirdi. Yaranan narahatçılıqla əlaqədar investorların qızıla sərmayə qoyuluşu artdı. Hazırda ABŞ-la İran arasında müharibə ehtimalı minimuma düşüb. Lakin dünyanın əksər Mərkəzi Banklarının, o cümlədən ABŞ-ın faiz dərəcəsini endirməsi ucuz vəsaitlərin həcmini artırıb. Ucuz vəsaitlərin artması məcmu tələbi gücləndirdiyindən bir sıra əmtəələrin, həmçinin qızılın bahalaşmasına səbəb olub. Hazırda gözlənilən əsas ehtimallardan biri ortamüddətli dövrdə ABŞ dollarının kursunun bir qədər aşağı düşəcəyi yönündədir. Bunu nəzərə alaraq ehtimal edilir ki, qızılın qiyməti bir qədər də yüksələcək. Ehtimallarla bağlı olaraq iri həcmdə qızıl alışı həyata keçirilir ki, bu da "nəcib metal"ı bahalaşdırır.

Qızılın son günlərdə bahalaşmasına Çinin bir şəhərində aşkarlanan və getdikcə digər şəhərlərə yayılan kronavirusla bağlı xəbərlər də təsir edir. Qısa müddətdə artıq 100-dən çox Çin vətəndaşı dünyasını dəyişib. Gözlənti ondan ibarətdir ki, Çində virus bütün şəhərlərə yayılarsa, o halda, Çinin ixracı zəifləyəcək. Bu halda bəzi ölkələr virusa qarşı mübarizə məqsədilə Çindən idxalı azalda və ya dayandıra bilər. Bunun Çin vasitəsilə dünya iqtisadiyyatına neqativ təsirlərlərinin olacağı güman edilir. Belə bir narahatçılıq da qızıl alışlarını artırır.

Proqnozlara əsasən, qızılın qiymətində artım qarşıdakı aylarda da davam edəcək və qiymət 1600 həddinə çatacaq. Amma qızılın dəyərinin bundan da yüksək səviyyəyə çatacağı isə hələlik az ehtimal edilir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz