Əlaqə Arxiv
news Image
2020.01.29
10:09
| A A A
Problemli kreditlər problemi çözülür ?!
Natiq Cəfərli: “Vaxtı keçən kreditlərin xüsusi çəkisinin artmaması üçün banklar risk menecmentliyini artırmalıdır”

Azərbaycanda 2018-ci ilin ikinci yarısından vaxtı keçən kreditlərin ümumi kredit qoyuluşunda payının azalması müşahidə edilir. Bu dinamikanın hələ bir müddət də davam edəcəyi proqnozlaşdırılır. Lakin bəzi gözləntilərə əsasən, mövcud kredit siyasətində ciddi dəyişiklik baş verməsə, yenidən problemli kreditlərin xüsusi çəkisində artım baş verəcək.

Mərkəzi Bankın 2019-cu ilin dekabrın 1-nə aid olan son statistik məlumatlarına əsasən, ümumi kredit qoyuluşunda vaxtı keçən kreditlərin payı 9,3 faizdir. Bir il əvvəlki dövrlə müqayisədə vaxtı keçən kreditlərin xüsusi çəkisinin 4,1 faiz bəndi azalması müşahidə edilib.

Xatırladaq ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra vaxtı keçən kreditlərin ümumi kredit qoyuluşunda payı sürətlə artdı. Bunun bir səbəbi borcalanların ödəmə qabiliyyətinin zəifləməsi idi, digər səbəbi isə kredit qoyuluşunun azalması oldu. 2014-cü ilin sonunda ümumi kreditlərin 5,3 faizi problemli kreditlərdən ibarət idi. Bu göstərici 2015-ci ilin sonunda 7 faizə, 2016-cı ildə 9 faizə, 2017-ci ildə 13,8 faizə yüksəldi. 2017-cu ilin sentyabrında vaxtı keçən kreditlərin xüsusi çəkisində antirekord qeydə alındı. Həmin tarixdə ümumi kreditlərin 15 faizini problemli kreditlər təşkil edirdi.

2018-ci ilin üçüncü rübündən vaxtı keçən kreditlərin xüsusi çəkisi azaldı və ilin sonunda 12,2 faizə gerilədi. Burada başlıca səbəb yenidən kredit qoyuluşunun artması oldu. Kredit qoyuluşunda artım 2019-cu ildə bir qədər də gücləndi və nəticədə vaxtı keçən kreditlərin payı 9 faizə qədər gerilədi.

İndiyə qədər vaxtı keçən kreditlərin xüsusi çəkisində ən yaxşı göstərici 2007 və 2008-ci illərdə qeydə alınıb. Həmin illərdə cəmi kreditlərin 2,1 və 2,2 faizi problemli idi.

Bəs, problemli kreditlərin xüsusi çəkisinin azaldılmasının davam etməsi, yaxud yenidən artım ehtimalının qarşısının alınması üçün nə edilməlidir?Bəs

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bunun üçün bankların kredit siyasətində köklü dəyişiklik baş verməlidir. O, xatırlatdı ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit qoyuluşunda payının azalmasının əsas səbəbi 2019-cu ilin fevralında Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Fərman olub. Bu Fərmanla ötən ilin dövlət büdcəsindən böyük məbləğdə vəsait banklara ayrılıb. Ekspert söylədi ki, il ərzində 640 milyon manat məbləğində vəsait dövlət büdcəsindən Mərkəzi Banka müvafiq bankların hesablarına köçürülməsi üçün verilib. Dövlətin dəstəyi sayəsində 593 min fiziki şəxs əziyyət çəkdiyi kreditlərlə əlaqədar problemini həll edib. N.Cəfərli qeyd etdi ki, xarici valyutada yaranan problemli kreditlərlə bərabər, fiziki şəxslərin manatla olan problemli kreditlərinin həlli istiqamətində də addım atılıb. Belə ki, manatla verilən və geri alına bilməyən kreditlərin ödəmə müddəti beş ilədək uzadıldı və eyni zamanda, faiz dərəcəsi 1 faiz səviyyəsində müəyyən edildi. Bununla bağlı 214,5 milyon manat məbləğində vəsait Mərkəzi Bank tərəfindən Maliyyə Nazirliyinin dövlət zəmanəti ilə təmin edildi.

N.Cəfərli bildirdi ki, dövlətin bu tədbirləri ilə bankların maliyyə vəziyyəti yaxşılaşdı, onların sərbəst vəsaitlə təminatı gücləndi.

Ekspert hesab edir ki, problemli kreditlərin xüsusi çəkisinin xeyli azaldılmasına baxmayaraq, Azərbaycanda vaxtı keçən kreditlərin xüsusi çəkisi hələ də yüksəkdir: “Dünyada vaxtı keçmiş kreditlərlə bağlı qəbul edilən normal hədd 3 faizdir. Hazırdı səviyyə bundan 3 dəfə yüksəkdir. Kredit qoyuluşu artır və kredit bazarındakı şərtlər dəyişmədiyinə görə ehtimal edilir ki, vaxtı keçən kreditlərin xüsusi çəkisi yenidən artacaq”.

N.Cəfərli düşünür ki, burada ən böyük riski istehlak kreditləri yaradır: “İstehlak kreditləri ümumi kreditlərin yarısını təşkil edir və dinamika bu növ kreditlərin xüsusi çəkisinin artması yönündədir. Əgər istehlak kreditlərinin həcmi ilə bağlı mövcud dinamika qalarsa, qarşıda vaxtı keçmiş kreditlərin xüsusi çəkisində artım baş verəcək”.

Onun fikrincə, vaxtı keçən kreditlərin xüsusi çəkisinin artmaması üçün banklar risk menecmentliyini artırmalıdır və biznes sektoruna daha çox kredit verməlidir: “Banklar primitiv qaydada işləyirlər və faktiki olaraq kassa rolunu oynayırlar. Banklar yalnız depozit qəbul edib, kredit verməklə məşğuldurlar. Verdikləri kreditləri əsasən istehlak kreditlərinə yönəldirlər. Banklar investisiya mərkəzlərinə çevrilməlidirlər. Qabarcıl ölkələrdə banklar belə çalışır. Xarici təcrübədə müxtəlif biznes layihələrinə, o cümlədən dövlətin dəstəklədiyi layihələrə şirkətlər qoşulduqda banklar onlara sıfır faizlə kreditlər verir. Əvəzində layihələrin ortağına çevrilir və əldə edilən gəlirin bir hissəsini götürür. Azərbaycanda da banklar investisiya mərkəzləri kimi fəaliyyət göstərərsə, istehlak kreditləri ilə yüklənmə olmaz və vaxtı keçən kreditlərin xüsusi çəkisi artmaz.

Əsas diqqət istehlak kreditlərindəki artımın zəiflədilməsinə yönəldilməlidir. Buna görə də həm Mərkəzi Bank, həm də kommersiya bankları risk menecmenti formalaşdırmalıdır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz