Əlaqə Arxiv
news Image
2020.02.14
10:46
| A A A
Nağd pula ehtiyac azalır
Əkrəm Həsənov: “Rəqəmsal əməliyyatların həcmi artdıqda bankların dövriyyəsi də artır”

Azərbaycanda rəqəmsal ödənişlərin kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımlardan ən çox fayda götürən subyektlərdən biri də banklardır. Rəqamsal əməliyyatların həcminin artması bankların cari mədaxilinin artmasına imkan verir ki, bu da bankların maliyyə resursları ilə təminatını yaxşılaşdırır.

Rəqəmsal maliyyə əməliyyatlarının əhəmiyyətini nəzərə alaraq "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" qəbul edilib. Proqramın icra dövrü bu il başa çatır. Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev hesab edir ki, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni proqram qəbul edilməlidir. Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən Z.Nuriyev deyib ki, bu proqramın davam etdirilməsinə ehtiyac var. Onun fikrincə, yeni proqram daha uzunmüddətli olmalıdır: “Bütövlükdə, bu, dövlət strukturlarının sözügedən sahə ilə əlaqədar fəaliyyətinin tənzimlənməsini təmin edən mükəmməl sənəddir. Qarşıda böyük işlər olduğu üçün sənədi qarşıdakı dövr üçün yenidən işləməli, proqramın fəaliyyət dairəsini genişləndirilməliyik. 3-5 illik yeni proqram qəbuluna çalışmalıyıq".

Rəqəmsal ödənişlərinin genişləndilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) da müvafiq tədbirlər görür. AMB müvafiq ödəniş sistemləri və xidmətləri üzrə qanununun tamamlanması istiqamətində işlər aparır. Bunu "Visa Cashless Forum"unda çıxış edən AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsinin ilkin versiyası hazırlanıb və hazırda layihə üzrə həm bankdaxili, həm də digər qurumlarla müzakirəsi aparılır: “Qanunvericilikdə xüsusilə innovativ işlərə fokuslanılıb. Açıq bankçılıq konsepsiyalarının ölkəyə gətirilməsi və bank olmayan ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi imkanları artıq düşünülüb".

Qeyd edək ki, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsidir. Burada gözlənilən əsas müsbət nəticə nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlər hesab edilir.

Maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, nağdsız əməliyyatlarının həcmini artırmaqda əsas 2 məqsəd var. Onlardan birincisi təsərrüfat subyektlərinin fəaliyyətinin şəffaflaşdırılmasıdır, ikincisi vergidən yayınmanın qarşısının alınmasıdır. Ekspert dedi ki, maliyyə dövriyyəsi banklar vasitəsilə həyata keçirildikdə həmin dövriyyəni gizlətmək mümkün olmayacaq və bu, dövlətə vergitutma bazasını dəqiq müəyyənləşdirməyə imkan verəcək. Ə.Həsənov bildirdi ki, şəffaf fəaliyyət və dəqiq vergi uçotu dövlətin rəqəmsal əməliyyatların genişləndirilməsində əsas marağıdır.

Onun sözlərinə görə rəqəmsal əməliyyatların genişlənməsində bankların da marağı böyükdür. O söylədi ki, rəqəmsal əməliyyatların həcmi artdıqda bankların dövriyyəsi artır və bu da onların aktivlərinin artmasına imkan yaradır: “Rəqəmsal əməliyyatların həcminin artması iki cəhətdən banklara xeyirdir. Birincisi, hər əməliyyata görə, pul köçürülməsi ilə əlaqədar banklar komisyon haqqı alırlar. Hətta əmək haqqı, pensiya, sosial müavinət və təqaüd köçürülməsinə görə banklar bu əməliyyatı sifariş edəndən pul alır. Məsələn, işəgötürən işçiyə kart vasitəsilə əmək haqqı verdikdə, işçi əmək haqqını tam alır. Amma işçi görmür ki, işəgötürən əmək haqlarına görə banka komisyon haqqı ödəyir. Bankların birinci qazancı komisyon haqlardandır. Bankların nağdsız əməliyyatlardan əldə etdiyi digər gəlir köçürülən pulların bir qisminin banklarda saxlanılmasıdır. Köçürülən pulların bir hissəsi müəyyən müddət bankda saxlanılır ki, bu da bankların aktivinə çevrilir. Bu hal banklarda olan likvid vəsaitlərin miqdarının artmasıdır”.

Ə.Həsənov qeyd etdi ki, banklarda olan pulların nağdlaşdırılması daha çox fiziki şəxslər tərəfindən həyata keçirilir. Xüsusilə əmək haqqı, pensiya və digər aylıq ödənişlərin əksəriyyəti nağdlaşdırılır. Onun sözlərinə görə, əhalinin banklarda öz pullarını tez çıxartmasının əsas 2 səbəbi var. Bunlardan birincisi banklara inamın zəif olması, ikincisi isə rəqəmsal əməliyyatlarla bağlı təcrübənin zəif olması və rəqəmsal əməliyyat infastrukturunun təkmil olmamasıdır. 

Əlavə edək ki, Azərbaycanda hər ay əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərlə əlaqədar, eyni zamanda kredit götürülməsi ilə bağlı olaraq plastik kartlara 2 milyard manatdan artıq vəsait köçürülür. Yalnız 2019-cu ilin dekabrında 2,76 milyard manat vəsait kartlara vurulub. Təəssüflər olsun ki, bu qədər vəsaitin 2 milyard manatı, yəni 72 faizdən çoxsu nağdlaşdırılıb. Halbuku rəqəmsal əməliyyatları genişləndirməklə bu vəsaitlərin banklarda dövr etməsinə şərait yaratmaq olar ki, bunun da nəticəsində bankların pul vəsaitinin həcmi xeyli artar.

Rəqamsal ödənişlər vasitəsilə əldə edilən vəsait ucuz vəsaitdir. Bu amil də banklar və onlardan kredit götürənlər üçün böyük imkanlar yaradır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz