news Image
2020.02.14
10:58
| A A A
Aqroparkların sayı aqrar sektorun inkişafına yeni təkan verir
Kənd təsərrüfatı və sənaye sahələrinin bir yerdə cəmləşməsi iqtisadi dəyərin artırılmasına imkan verir

Azərbaycanda aqroparkların yaradılması prosesi öz axarı ilə davam edir. Ölkəmizdə daha bir aqropark fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istifadəyə verilib. Bununla ölkəmizdə olan aqroparkların sayı 33-ə yüksəlib.

İndiyə qədər 153 min hektar ərazidə ümumi dəyəri 1,1 milyard manat dövlət dəstəyi göstərilmiş 33 aqropark və iri fermer təsərrüfatı birinci mərhələ üzrə fəaliyyətə başlayıb. Daha 18 aqroparkın yaradılması iqtiqamətində işlər davam etdirilir. Yeni yaradılacaq aqroparklar 109 min hektar ərazidə ümumi dəyəri 1,3 milyard manat dövlət dəstəyi göstərilmiş təsərrüfat sahələri olacaq.

Ümumilikdə, ölkəmizdə 52 aqroparkın yaradılması planlaşdırılır. Həmin təsərrüfatlar respublikanın 33 rayonu üzrə 262 min hektar ərazidə olacaq və onların ümumi dəyəri 2,4 milyard manat təşkil edəcək. Nəzərdə tutulan aqropark və iri fermer təsərrüfatlarından 16-sı 2019-cu ildə fəaliyyətə başlayıb.

Aqropark və iri fermer təsərrüfatlarına dövlət dəstəyi tədbirləri çərçivəsində 535 milyon manat, o cümlədən zəruri infrastruktur işlərinə 339 milyon manat dövlət əsaslı vəsaiti qoyulub və ümumi dəyəri 780 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının yaradılmasına 196 milyon manat dövlətin güzəştli kreditləri ayrılıb. Bununla yanaşı, 23 aqropark və iri fermer təsərrüfatı üzrə ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə investisiya təşviqi sənədi verilib, 25 milyon manatdan çox vəsaitə qənaət olunub.

Azərbaycanda aqroparkların yaradılmasına 2014-cü ildən başlanılıb. Dövlət başçısının “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2014-cü ilin noyabrında Şəmkirdə ilk aqropark istifadəyə verilib.

Qeyd edək ki, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasının çox ciddi elmi və iqtisadi əsasları var. Aqroparklar kənd təsərrüatı məhsullarının istehsalı və ilkin emalı müəssisələrinin bir yerdə olduğu təsərrüfatlardır. Buna görə də belə təsərrüfatlara bir çox hallarda aqrar-sənaye təsərrüfatları deyirlər. Təcrübə göstərir ki, iri təsərrüfatların olması, kənd təsərrüfatı və sənaye sahələrinin bir yerdə cəmləşməsi iqtisadi dəyərin artırılmasına imkan verir, istehsal olunan məhsulun maya dəyərinin aşağı düşməsinə şərait yaradır. Bu cür təsərrüfatlar həm də kənd təsərrüfatında yeni innovasiyaların, müasir texnologiyanın tətbiq edilməsini asanlaşdırır. İqtisadi baxımdan xırda təsərrüfatlarda yeni texnologiyaları, müasir təcrübəni tətbiq etmək mümkün deyil. Buna görə də hökmən iri təsərrüfatların yaradılması vacibdir. İri təsərrüfatların yaradılmasının iki forması var; bunlardan birincisi koperativlərdir, digəri isə iri fermer təsərrüfatlarıdır. Koperativlər dünyada ən geniş yayılmış forma hesab edilir. Aqroparklar da iri təsərrüfatlara aid etmək mümkündür. Amma onlar sadəcə kənd təsərrüfatı müəssisə deyil. Burada aqrar sahə ilə bərabər, sənaye müəssisələri və xidmət sahələri də cəmləşir.

Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsal olunmasına, daşınmasına, saxlanılmasına və eyni zamanda onun satışını təşkil edilməsində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulları tezxarabolan məhsul olduqlarına görə realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda  məhsulların fermerlər tərəfindən vaxtında satışı mümkün olmur və bunun nəticəsində məhsulun istehlak müddəti bitir. Təbii ki, bu proses istehsalçının zərərinə səbəb olur. Digər tərəfdən isə istehsalçı və istehlakçılar arasında fəaliyyət göstərən vasitəçilər yaranmış situasiyanı öz mənavelərinə uyğun dəyərləndirir. Yəni, məhsulları daha uçuz tədarük edir. Bu zaman isə fermerlərin mənfəəti azalır, təkrar istehsal təşəbbüskarlığı aşağı düşür və orta və uzunmüddətli dövr üçün ölkədə ərzaq qıtlığına səbəb olur.  Beləliklə daxili istehlak idxaldan asılı vəziyyətə düşür, geni dəyişdirilmiş məhsullar ölkə bazarlarına yol tapır. İstehsalçılar üçün məhsulun yerli və xarici  bazarlara çıxarmaq, onların saxlanma və daşınmasını təmin etmək əksər hallarda ciddi problemə çevrilir. Bu prizmadan yanaşdıqda aqroparklar müasir texnologiyaların tətbiq edilməsi ilə istehsal, emal və logistika xidmətlərini mərkəzləşdirilmiş vahid ərazidə yaratmaqla yüksək keyfiyyətli məhsulların alınmasına, satışının təmin edilməsinə və sahibkarlıq fəaliyyətinin mənfəətliliyinə geniş imkanlar yaradır. Bunun nəticəsi olaraq bazarlarda məhsul bolluğu ilə yanaşı, rəqabət mühitinin yaranması, keyfiyyətin yüksəlməsi və süni qiymətlərin azalması üçün mühüm faktora çevrilir. Həmçinin, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı düşməsinə və region sakinlərinin rifahının yüksəlməsinə  şərait yaradır. Aqroparklarda yaradılmış şərait fermerlərin infrastruktur xərclərini azaldır. Aqroparklar bu cəhətlərinə görə daha universaldır.

 

Vasif CƏFƏROV